BolgeXeber.Com » Gündəm » Məşğulluq Mərkəzinin direktor əvəzi müavinətlərin sahibinə çatmasına imkan vermir

Məşğulluq Mərkəzinin direktor əvəzi müavinətlərin sahibinə çatmasına imkan vermir

26-09-2014, 09:45
Oxunub: 3 703 Sumqayıtda işsiz statusu olan vətəndaşlar süründürülür

Dövlət Məşğulluq Xidmətinin (DMX) Sumqayıt şəhər Məşğulluq Mərkəzində işlər qaydasında getmir. Bu barədə sahib olduğu informasiyanı bizimlə bölüşən mənbənin sözlərinə görə, mərkəzin direktoru vəzifəsini icra edən İlham Hüseynov müvafiq qanunların tələblərinə əməl etməyərək özbaşına işlərlə məşğul olur. Bu barədə bir qədər sonra.Qısaca olaraq bildirək ki, Sumqayıt şəhər Məşğulluq Mərkəzinin səlahiyyətlərinə vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik, əmək bazarında olan tələb və təklif haqqında məlumat, gənclərin peşə seçiminə köməklik məqsədilə peşəyönümünün təşkili, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması, haqqı ödənilən ictimai işlərin təşkili, əmək yarmarkalarının təşkili, işsiz statusunun verilməsi, işsizlik müavinətinin təyin olunması və ödənilməsi kimi məsələlər daxildir. "Məşğulluq haqqında" Qanuna görə, işsizlik müavinəti alan vətəndaşlar ayda bir dəfə müvafiq icra hakimiyyəti orqanında yenidən qeydiyyatdan keçməklə müavinət alırlar. Vətəndaşa işsiz statusu təyin olunan gün qeydiyyat günü hesab edilir. İşsiz statusu müəyyən olunan vaxtdan 12 ay keçdikdən sonra işsiz vətəndaş münasib işlə təmin olunmayıbsa, onun təkrarən işsizliyə görə müavinət almaq hüququ vardır. Bu zaman işsizlik müavinəti təsdiq olunmuş müavinətin minimum məbləğində müəyyən olunur.

DMX rəisi Anar Bədəlbəyli bu şəxsin törətdiyi əməllərə necə reaksiya verəcək?

Etibarlı mənbənin sözlərinə görə, Sumqayıt Məşğulluq Mərkəzinin fəaliyyəti müasir tələblər səviyyəsində qurulmadığı üçün işsiz vətəndaşlar bir sıra problemlərlə üzləşmək zorunda qalıblar. Mənbə deyir ki, direktorun vəzifəsini icra edən məmur işaxtaran vətəndaşlara kömək etmir, əksinə onları süründürməçiliyə məruz qoyur: "Sumqayıt Məşğulluq Mərkəzində yüzlərlə vətəndaş işaxtaran qeydiyyatındadır və onlardan bir hissəsinin işsiz statusu var. İşsiz vətəndaşların işlə təmin olunması istənilən səviyyədə deyil. İş üçün mərkəzə müraciət edən vətəndaşlar əliboş yola salınır. Qanuna əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, rayon və şəhər məşğulluq mərkəzlərində işaxtaran kimi qeydiyyata alınmış və işaxtaran kimi qeydiyyata alındıqdan sonrakı 10 gün müddətinə münasib iş təklif edilməsi mümkün olmayan əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlara müvafiq sənədləri təqdim etdiyi andan işsiz statusu verilir və işsizlik müavinəti təyin edilir. İlham müəllim isə qanunun tələblərinə qəti olaraq əməl etmir. Burda vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik göstərilmir. Həmçinin gənclərin peşə seçiminə köməklik məqsədilə peşəyönümünün təşkili, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı və vətəndaşların müvəqqəti məşğulluğunun təşkili də qanuna müvafiq qaydada aparılmır. Mərkəz tərəfindən vətəndaşlara təklif olunan iş siyahısında ali savadlı, təcrübəli və peşəkar kadrlar üçün normal iş tapmaq mümkün deyil. Mərkəzin direktor əvəzi İlham Hüseynov qanunun tələblərindən üz çevirərək işsiz şəxslərə dövlət tərəfindən verilən müavinətlərdən özü üçün istifadə edir. Belə ki, işsiz statusu olan vətəndaş dövlətin ayırdığı müavinətin bir hissəsini mütləq direktor əvəzinə verməlidir. Əks təqdirdə, müavinət ala bilməz. Bu "üsul" geniş yayıldığı üçün işsiz vətəndaşların çoxu Sumqayıt Məşğulluq Mərkəzinin fəaliyyətindən narazılıq edir". Mənbə vurğulayır ki, qurumun əvvəlki rəhbəri Mövlud Cavadov olub və o bir neçə ay əvvəl işdən xaric edilib: "İlham Hüseynov hazırda direktorun vəzifələrini müvəqqəti icra edir. Məndə olan məlumata görə isə, o bəzi şəxslərin vasitəçiliyi ilə Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyliyə yaxınlaşıb direktor vəzifəsinə keçmək istəyir". Məsələni araşdırmaq məqsədilə Sumqayıt Məşğulluq Mərkəzinin (01864) 2 02 57 nömrəli telefonuna zəng vurduq. Dəstəyi qaldıran xanım İlham Hüseynovun yerində olmadığını söylədi. Yəqin ki, DMX rəhbərliyi tezliklə məsələyə öz münasibətini bildirəcək.
gundelik-baku