BolgeXeber.Com » Gündəm » "Təmiz Şəhər" ASC-də təmiz olmayan proseslər...

"Təmiz Şəhər" ASC-də təmiz olmayan proseslər...

26-09-2014, 12:00
Oxunub: 5 064 Zakir İbrahimov hansı "problemlərin" həlli ilə məşğul olur?

Müasir dövrdə ekoloji mühitin qorunması hər bir ölkə hakimiyyətinin prioritet vəzifələrindəndir. Bu sahədə mövcud olan iki əsas problem daim müvafiq orqanları narahat edir. Həmin problemlərdən birincisi neft-qaz hasilatı nəticəsində çirklənmiş torpaqlar, ikincisi isə, şəhərin çoxmilyonlu əhalisinin atdığı məişət tullantılarıdır. Artıq bir neçə onillikdir ki, paytaxtımızın ən ağrılı nöqtələrə çevrilən bu problemlərin köklü həlli uzun zaman aparır. Bu problemin həlli istiqamətində atılan addımlardan biri də Bakı şəhərində iri zibilyandırma zavodunun fəaliyyətə başlamasıdır.

Qeyd edək ki, həmin müəssisənin fəaliyyətə başlaması uzun onilliklərdən bəri Bakı və Abşeron yarımadasının hər yerini bürümüş zibilxanalarla bağlı yaranmış son dərəcə gərgin vəziyyətdən ən optimal çıxış yolu kimi dəyərləndirilir. Lakin bir sıra mütəxəssislərin, ekoloqların bu məsələdə mövqeyi kifayət qədər fərqlidir. Eləcə də dünya təcrübəsi də göstərir ki, məişət tullantıları problemindən onların yandırılması yolu ilə çıxmağa heç də optimal üsul deyil. Cəmi bir neçə il bundan əvvəl ölkə başçısı tərəfindən "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" sərəncam imzalanaraq qüvvəyə mindi. Həmin sənədin məqsədi paytaxtda məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və qeyd olunan sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlıydı. Bu hədəflərə nail olmaq üçün "Təmiz Şəhər" ASC-nin yaradılması və fəaliyyətə başlamasına qərar verildi. Eyni zamanda Balaxanıda bərk məişət tullantılarının yandırılması zavodunun inşasına və Dünya Bankının maliyyə dəstəyi ilə "Bərk məişət tullantılarının kompleks idarəçiliyi" layihəsinin həyata keçirilməsinə start verildi. Qeyd edək ki, indi daimi fəaliyyətdə olan "Təmiz Şəhər" ASC fasiləsiz işləyən qurumlardandır. Lakin əfsuslar olsun ki, ASC-nin fəaliyyəti hələ ki gözlənilən effekti vermir. Ən azı ona görə ki, "Təmiz Şəhər" paytaxtımızı doğrudan da təmiz şəhərə çevirməyə müvəffəq ola bilmir. 3 milyondan artıq sakinin məskunlaşdığı Bakının məişət tullantılarının yığımı, daşınması və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulsa da, idarə edilib mütəşəkkil qaydada həyata keçirilsə də, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan işlər əslində, dövlət tərəfindən həyata keçirilir. Paytaxtın ucqar qəsəbələrindəki problemlər əslində "Təmiz Şəhər" ASC-nin öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilmədiyini ortaya qoyur.

Belə olan halda sual ortaya çıxır: - Bakının ekoloji vəziyyətinin qorunması, məişət tullantılarının daşınması kimi problemlərin mövcudluğu hələ də ortadadır. Təəccüblüdür, bəs "Təmiz Şəhər" ASC-nin sədri Zakir İbrahimov hansı problemlərin həlli ilə məşğuldur? İnşasına 346 milyon avro ayrılan və dövlət hesabına inşa edilən müəssisənin fəaliyyətini hökumət təşkil edib. Belə isə səhmdar cəmiyyətin rəhbərliyi nə ilə məşğuldur? Yeri gəlmişkən qeyd edək ki, mütəxəssislər zibilyandırma zavodunun tikintisinin əleyhinədirlər. Məsələ burasındadır ki, məişət tullantılarının böyük hissəsi, o cümlədən, kağızın, kartonun, polietilen torbaların, butulkaların, dəmirin, filizin və s.-in təkrar emala buraxıla, bərk məişət tullantılarından asfalt salınmasında istifadə edilməsi mümkündür. Mütəxəssislər hesab edirlər ki, lümminitel lampalar, batareya və akkumulyatorlara, onları xüsusi avadanlıqlar vasitəsilə emal etmək olar. Ona görə ki, 1 ton tullantını yandırmaq üçün 34-36 avro ayrılması nəzərdə tutulub. Bunun təkrar emalı yandırılmasından ona görə sərfəlidir ki, büdcədən təkrar emal üçün 5-10 faiz pul ayrılmalı olacaq, bununla da dövlət qazanacaq, bütün bu gəliri, pulu yandırmaq olmaz. Təkrar emal üçün kiçik müəssisələr və yeni iş yerləri açılar, 300-500 ailə dolanar. Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olan tullantılar - həddən artıq toksiki hesab edilən maddələr məsələsində diqqətli olmaq lazımdır. Bütün bunlar bir yana, "Təmiz şəhər" ASC-yə dövlət tərəfindən ayrılan vəsaitlərin aidiyyəti üzrə xərclənib-xərclənməməsi ilə bağlı bir sıra suallar var. Baş verənlər göstərir ki, ASC-də müəyyən məsələlərlə bağlı mənimsəmə hallarının olmasına dair şübhələr mövcuddur. Həm də qeyd olunur ki, Zakir İbrahimov burada - ASC-də öz yaxınlarını vəzifələrə təyin edib. Səhmdar cəmiyyət bir-birinə yaxın şəxslər tərəfindən idarə olunur.gundelik-baku

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.