BolgeXeber.Com » Gündəm » Vasif Turan prokurorluğa dəvət edildi

Vasif Turan prokurorluğa dəvət edildi

19-04-2012, 16:30
Oxunub: 6 192 Baş redaktor uşaqlarının ölümü ilə bağlı qaldırılmış cinayət işinə görə dindirilib

Bu gün Bolgexeber.com saytının rəhbəri Vasif Turan Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə dəvət olunub. Bu barədə TİA.AZ-a baş redaktorun özü məlumat verib.

Vasif Turan deyib ki, onun idarəyə dəvət edilməsinin səbəbi ötən ilin oktyabrın 7-də Qobu qəsəbəsində yerləşən evinin yanması nəticəsində iki uşağının dünyasını dəyişməsi ilə bağlı qaldırılmış cinayət işinin araşdırması ilə əlaqədar olub. İdarədə müstəntiq Mehdi Mirzəyev hadisə ilə bağlı baş redaktordan ifadələr alınıb. «Məndən baş vermiş hadisə ilə bağlı ifadələr alındı. Müstəntiq Mehdi Mirzəyev bir çox suallar verdi və məndə cavablandırdım. Eyni zamanda, məndən şübhəli məqamlarla da bağlı soruşdu. İndiyə qədər şübhələndiyim bütün məqamları müstəntiqə dedim».

Baş redaktoru daha sonra bildirib ki, cinayət işində adı keçən bəzi şəxslərin dindirilməsi prosesi də həyata keçiriləcək və üzləşdirilmələr aparılacaq. «Hələlik bu barədə mətbuata açıqlamaların verilməsi məqsədəuyğun hesab olunmayıb. İstintaq sirri olduğundan bəzi mətləblərin mətbuata açıqlanması da tərəfimdən etik hesab olunmur».

Qeyd edək ki, Vasif Turanın uşaqlarının ölümü ilə nəticələnən yanğın hadisəsindən sonra istintaq işini FHN-in İstintaq İdarəsi aparırdı. Lakin 4 ay müddətində heç bir araşdırma aparmayan və daha çox hərəkətsizliyi ilə diqqəti çəkən idarənin müstəntiqi yekunda olayın «qısaqapanma»dan baş verdiyini deməklə kifayətlənib.

Vasif Turan bununla bağlı TİA.AZ-a deyib ki, o, əvvəl gündən FHN-in İstintaq İdarəsinin hərəkətindən narazı olub. O bildirib ki, müstəntiq Qəhrəman Məmmədovun hərəkətsizliyi ilə bağlı dəfələrlə müraciət etsə də, nəticə hasil olmayıb. «Bu gün Baş Prokurorluq məlum cinayətlə bağlı istintaq aparır. Gec də olsa, onların bu hadisənin əsas günahkarlarını tapacağına ümidim çoxdur. Elə ilk araşdırmalardan da aydın görünür ki, prokurorluq orqanları bu cinayətin üzərini açmaq istəyirlər. Lakin ortada problem yaradan məqamlar da var. Birincisi, yanğın hadisəsinin üzərindən xeyli vaxt keçib. İkincisi, FHN-də aparılan istintaq zamanı bəzi izlərin itirilməsinə cəhdlər olunub. Ona görə də, düşünürəm ki, proses bir müddət vaxt aparacaq. Eyni zamanda, prokurorluq işçilərinin də üzərinə xeyli iş düşmüş olacaq».