BolgeXeber.Com » Gündəm » Goranboydakı xəzinənin dəyəri nə qədər olub?-İLGİNC MƏBLƏĞ

Goranboydakı xəzinənin dəyəri nə qədər olub?-İLGİNC MƏBLƏĞ

20-06-2016, 10:28
Oxunub: 7 659 Goranboydakı xəzinənin dəyəri nə qədər olub?-İLGİNC MƏBLƏĞYerli ziyalıların iddiasına görə, Osmantəpə deyilən ərazidən çıxarılan qızıl və antik əşyaların ümumi dəyəri 89 milyon dollara bərabərmiş

Goranboy rayonunun ərazisində xəzinə axtarışları və böyük bir tarixi mədəniyyət obyektinin dağıdılması ilə bağlı müzakirələr davam edir. JAM.AZ xəbər verir ki, prosesə Goranboydan olan ziyalılar və Gəncəbasardan olan tarixçilər də qarışmağa başlayıblar. Onlar qədim tarixi abidələrin pul, qızıl və digər məqsədlər üçün dağıdılmasına etiraz edirlər.
Qeyd edək ki, ziyalı və tarixçilər bununla bağlı dövlətimizin rəhbərliyinə müraciət edərək, onlardan yardım istəyiblər. JAM.AZ- vasitəsi ilə vurğulayırlar ki, Osmantəpənin tarixi ən azı 500 ilə yaxındır, amma tarixin daha da qədimə gedib çıxması da realdır. Çünki həmin ərazilər qədim yaşayış məskənləri olublar.
Onlar bildirirlər ki, son qazıntılar və dağıntılar zamanı kurqandan külli miqdarda qızıl çıxarıldığı faktı artıq təsdiqlənib. Goranboy ziyalılarının verdiyi məlumatda iddia olunur ki, dağıntı yolu ilə üzə çıxarılmış xəzinədə külli miqdarda qızıl və antik dəyərə malik əşyalar olub. Onların toplam dəyəri isə 89 milyon dollar qiymətləndirilib.
Qeyd edək ki, Osmantəpə «əməliyyatı»nın başında nəqliyyat naziri Ziya Məmmədovla şəriki Qulam Ələkbərov dayanıb. Verilən məlumata görə, proses Goranboydakı villadan idarə olunub. Lakin DTX əməliyyata başlayan kimi, nazirlə şəriki təcili rayonu tərk edərək, Naftalana yollanıblar. Amma qazıntı işlərini həyata keçirən Misir Ələkbərov hüquq mühafizə orqanlarının əlinə keçib. O, Misir Ələkbərov ki, Qulam Ələkbərovun qardaşıdır və Goranboy Yol İstismarı İdarəsinin rəis müavini işləyib.
Daxil olan son məlumatlara görə, Ziya Məmmədov məsələni ört-basdır etmək üçün bütün dövlət qurumlarıyla danışıqlara başlayıb. Və onlardan xahiş edir ki, proses «bir daş altdan, bir daş üstdən» yoluna qoyulsun. Bəzi iddialara görə, nazirliklərdən bəziləri nəqliyyat naziriylə anlaşma əldə ediblər.
Bu əsnada, Goranboy ziyalıları və Gəncəbasardan olan tarixçilər Heydər Əliyev Fondunun Prezidenti Mehriban Xanım Əliyevaya müraciət edərək, ondan yardım istəyiblər. «Çox hörmətli, Mehriban Xanım, Sizdən rica edirik ki, Osmantəpə kurqanlarında arxeoloji qazıntıların aparılması üçün AMEA-nın qarşısında təşəbbüslə çıxış edib, alimlərimizi buna razı salasınız. Bununla Azərbaycan tarixinə, mədəniyyətinə daha bir mühüm tövhə vermiş olacaqsınız»
Bolgexeber.com