BolgeXeber.Com » Gündəm » Gözdən əlilə sürücülük vəsiqəsini kim verib?

Gözdən əlilə sürücülük vəsiqəsini kim verib?

22-07-2013, 12:50
Oxunub: 4 305 İmişlidə baş verən qəzada 5 nəfər yaralansa da, hadisəni törədənin adamları zərərçəkəni təhdid etməklə məşğuldur

Ötən günlərdə İmişli-Bəhrəmtəpə yolunda avtomobil qəzası baş verib. Bolgexeber.com verir ki, Babayev Novruz Müseyib oğlunun idarə etdiyi 10-852 dövlət nömrə nişanlı «Mersedes» markalı avtomobil qəfil yola çıxaraq, İmişli sakini Niyaməddin Muradovun idarə etdiyi 90 KO 813 dövlət nömrə nişanlı «Daevo Prins» markalı avtomobili vurub.
Hadisə nəticəsində Niyaməddin Muradov, onun qardaşı, qardaşının həyat yoldaşı və qardaşı oğlu ağır şəkildə yaralanaraq, xəstəxanaya aparılıb. Həkimlərin səyləri nəticəsində həyatları xilas edilən N.Muradov və qardaşından savayı, qardaşının həyat yoldaşı və oğlunun durumu hələlik ağırdır.
Araşdırmalar nəticəsində məlum olub ki, hadisəni törədən Novruz Babayevin sol gözü ümumiyyətlə, görmürmüş. Elə qəzanın baş verməsinə səbəb də onun qəfil şəkildə yolun sol tərəfinə çıxması olub. İmişli rayon Polis Şöbəsində aparılan istintaq nəticəsində Niyaməddin Muradov zərərçəkən tərəf kimi göstərilsə də, səbəbkar yaxasını məsuliyyətdən qurtarmaq üçün müxtəlif vasitələrə əl atmağa başlayıb. Belə ki, N.Babayevin yaxınları vaxtaşırı Muradovlara zəng edərək, onlardan şikayətlərini geri götürməyi tələb edirlər. Üstəlik, onu da bildirirlər ki, məsələni araşdırmaq üçün Beyləqandan İmişliyə müstəntiq dəvət ediblər. Və həmin müstəntiqin rəyi isə belə olub ki, guya, günahkar N.Muradov olub.
Məsələ ilə bağlı Bolgexeber.com-a danışan Niyaməddin Muradov bildirib ki, hadisədən sonra yaxınları və özünün ağır yaralanmasına baxmayaraq, onları bu hala salan Novruz Babayev hər hansı bir köməklik göstərməyib. «Məni və ailə üzvlərimi təhdid edirlər ki, şikayətimi geri götürüm. Lakin ən əziz adamlarımın bu cür ağır qəza keçirmələrinin əvəzi ödənilməlidir. Novruz Babayev məsuliyyətə cəlb olunmalıdır».
Maraqlıdır ki, bir gözü görməyən şəxsə sürücülük vəsiqəsini kim verib? Baş Dövlət Yol Polisi İdarəsinin yerli MERO-larının pula olan hərsiliyi və həvəsi işi o yerə çatdırıb ki, hətta gözdən əlil olan birinə belə sürücülük vəsiqəsi veriblər. Nəticə isə göz qabağındadır. 5 insanın taleyi tükdən asılı vəziyyətə düşüb.