BolgeXeber.Com » Gündəm » Səhlənkar həkimlər niyə cəzalandırılmır?

Səhlənkar həkimlər niyə cəzalandırılmır?

25-07-2013, 14:45
Oxunub: 4 329 Tovuzda baş vermiş heç bir əxlaq normasına sığmayan hadisə ilə bağlı prezidentə müraciət edildi

Bir müddət əvvəl Tovuz rayonunda faciəli hadisə baş vermişdi. Həkimlərin səhlənkarlığı nəticəsində qolu şüşə ilə kəsilmiş Səməndər Əsədov dünyasını dəyişmişdi. JAM.AZ xəbər verir ki, mərhumun qardaşı Kamandar Əsədov bununla bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb.

K.Əsədov yazıb ki, 3 yaşlı İmran Cəfərovun başına gələnlərdən sonra ona dəstək verdiyinə görə dövlət başçısına minnədardır. Lakin müraciətinin səbəbi qardaşı Səməndər Əsədovun həkimlərin səhlənkarlığı və saymamazlığı üzündən dünyasını dəyişməsinə rəğmən, onlarla bağlı hər hansı bir ölçünün götürülməməsidir.

«Mənim qardaşım 38 yaşlı Səməndər Əsədovun sadəcə qolunu şüşə kəsmişdi. Buna görə Səməndər Əsədov 12 yaşlı oğulu ilə birlikdə maşınla Tovuz rayon Mərkəzi xəstəxanasına gedir. Amma qan itkisinə görə xəstəxananın pilləkənlərində dayanır və oğlu həkimləri çağırır. Öncə xəstəyə kömək etməyi düşünən növbətçi həkimlər sonra bildirirlər ki, polisə xəbər vermədən heç bir şey edə bilməyəcəklər. Beləcə 20 dəqiqədən çox yaralı uzanaqlı vəziyyətdə qalsa da ilkin yardım göstərilmir. Nəhayət əsas növbətçi həkim gəlir. Kamal Abbasov adlı həkim içkili halda xəstəyə baxır və artıq gecdir deyə rəyini bildirir. Beləcə Tovuz rayon Mərkəzi Xəstəxanasındakı həkimlərin səhlənkarlığı səbəbindən 38 yaşlı Səməndər Əsədov dünyasını dəyişir. Təsəvvür edin ki, adi bir kəsikdən insan həyatı məhv olur. Cənab Prezident! Buna görə Sizdən xahiş edirəm ki, bu cür heç bir əxlaqa sığmayan olayın günahkarlarının cəzalandırılması üçün müvafiq tapşırıq verəsiniz».