BolgeXeber.Com » Gündəm » Sumqayıtda pul verə bilməyən hamilə qadını dövlət xəstəxanasından qovdular

Sumqayıtda pul verə bilməyən hamilə qadını dövlət xəstəxanasından qovdular

31-07-2013, 11:40
Oxunub: 3 977 Şəhər 1 saylı Doğum Evinin rəhbərliyi şikayət edən ailəyə “gedin prokurorluqda doğun” deyib
Sumqayıt şəhər 1 saylı Doğum Evində pul verməyən hamilə qadını doğuşa qəbul etmirlər. Ailəsi həkimlərin hərəkətini pul verə bilməməkləri ilə əlaqələndirir. Xəstə Ağaməmmədova Sima Qurban qızı hazırda xəstəxana həyətindədir, həkimlərdən insaf gözləyir.

Qadının həyat yoldaşı Murad Orucov pul verə bilmədikləri üçün həyat yoldaşının xəstəxana rəhbərliyi tərəfindən əməliyyata alınmadığını bildirir. Sitat: “Həkim deyir ki, bağırsaq uşağın boğazında dolanıb, əməliyyat olmalıdır. Danışın, həkim tutun ki, əməliyyat etsinlər. Soruşdum ki, xərci nə qədərdir, dedilər ki, 600-800 manatdır. Mən neçə dəfə bir və iki saylı doğum evinə xanımımın yatması üçün müraciət etmişəm deyiblər ki, get bu gün-sabah gəl. Həkimin yoxdursa get özünə həkim tut. Pulum olsa, bu dəqiqə əməliyyat edərlər. İşsiz adamam. Qeyd edim ki, uşağımın biri ağır talassemiya xəstəsidir və mərkəzdə qeydiyyatdadır. Qeyd edim ki, indicə, Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng etdim. Bu zaman bir saylı doğum evinin qəbul şöbəsində həkim dedi ki, get kimə istəyirsən şikayət elə. Qaynar xətdən onun adını soruşdular. Lakin həkim öz adını demədi”.

Xəstəxanadan qovulan Ağaməmmədova Sima Qurban qızı deyir ki, xəstəxanada onu polislə qorxudaraq doğum zamanı baş verəcək hadisəyə görə məsuliyyəti öz üzərinə götürməsini təəb ediblər: “Məni polislə qorxudurlar ki, ərizə yaz ki, məsuliyyət daşımıram. Yoldaşım prokurorluğa şikayət edəcəyini bildirdikdə qəbul şöbəsinin həkimi yoldaşıma dedi ki, gedin prokurorluqda uşağı doğun. Mən bilmirəm nə edim. Mənim məsləhətçi həkimim Zülfiyə xanım dedi ki, sənin doğuş vaxtın keçir, çalış əməliyyata girəsən. Mən rentgen kağızlarımı bu xəstəxanaya gətirdim, dedilər ki, səhvdir, sənin məsləhətçi həkimin kimdir ki, bizə yol göstərsin. Qəbul şöbəsinin həkimi məni yenidən rentgenə göndərdi və tibb bacısına tapşırdı ki, ayın tarixinin rəqəmlərini qısaldın. Mən də dedim ki, niyə qısaldırsınız, mən dəqiq vaxtımı bilirəm. Ondan sonra tibb işçiləri bir-biri ilə mübahisə etdilər ki, mən qorxuram qısaltmağa. Hazırda məni xəstəxananın qapısından çölə çıxartmaq istəyirlər ki, çıx get burdan. Mən hansı həkimin adını öyrənmək istəyirəmsə, heç kim adını demir. Tibb işçilərinə yaxınlaşıb həkimlərin adını öyrənmək istəsəm də mənə heç kim ad demir”.