BolgeXeber.Com » Gündəm » Ziya Məmmədovun qoçuları reketliyə keçib

Ziya Məmmədovun qoçuları reketliyə keçib

9-08-2013, 14:55
Oxunub: 4 493 Nəqliyyat Nazirliyinə bağlı Nəqliyyat Departamentinin əməkdaşları avtobus sürücülərindən və şəxsi avtomobil sahiblərindən töycü yığmaqda davam edir.
Haqqin.az saytının əməkdaşı bu gün belə bir hadisənin bilavasitə şahidi olub.
Saytın əməkdaşının da salonunda olduğu 83 saylı marşrut avtobusunun qarşısı Nəqliyyat Departamentinə məxsus 90 AK 619 dövlət nömrə nişanlı xidməti avtomobillə kəsilib. Nəqliyyat Departamentinin əməkdaşları avtobusu Tiflis prospektində, dayanacağın yanında saxlatdırıblar. Onlar avtobusun hərəkətinə davam etməsinə yalnız sürücüdən 20 manat töycü alandan sonra icazə veriblər.

Avtobusun sürücüsü jurnalist-sərnişinlə şəxsi söhbətində deyib ki, Nəqliyyat Departamentinin əməkdaşları onlara qənim kəsiliblər: “Elə olur ki, onlar bir gündə qabağımı bir neçə dəfə kəsib maşını saxlatdırırlar. Hər dəfə də bir bəhanələri olur. Hər dəfə də pul almamış əl çəkmirlər. İndi məni saxlayanda bəhanələri bilirsən nə idi?! Dedilər hansısa sərnişin onlara şikayət eləyib ki, mən guya maqnitofonun səsini qaldırıb mahnıya qulaq asıram. 20 manatlarını alan kimi əl çəkdilər. O saxta, qurama “şikayət” də getdi işinin dalınca...”
Hadisənin şahidi olan jurnalist onu da bildirir ki, Ziya Məmmədovun açıq reketliyə keçən nəqliyyat qoçuları sürücü ilə çənə-boğaz edənə və 20 manatı alana qədərki müddətdə bütün sərnişinlər avtobusda oturub gözləməyə məcbur olublar.

“Mən hər gün 200 manat plan verirəm, üstəlik 35 manat da solyarka almağa xərcim çıxır. Amma departament əməkdaşlarını belə şeylər maraqlandırmır. Onlarınkı yalnız puldur. Elə deyirlər pul ver. Nəqliyyat Departamentinin əməkdaşları hər gün azı 20-25 marşrut avtobusunu saxlayıb pul alırlar. Bu pulların bizdən nəyə görə alındığını soruşanda da deyirlər ki, onu guya dövlət hesabına köçürürlər. Amma bizə bunun müqabilində nə qəbz, nə də hər hansı sənəd verilmir” - deyə adının açıqlanmasından qorxan sürücü bildirib.
Haqqin.az saytının əməkdaşının məsələyə münasibət öyrənmək üçün Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə yaratmaq cəhdləri nəticəsiz qalıb.
Bolgexeber.com