BolgeXeber.Com » Analitika » Bakıda ev alqı-satqısında müdhiş fırıldaq

Bakıda ev alqı-satqısında müdhiş fırıldaq

30-04-2014, 05:45
Oxunub: 5 128 “Kupça”lı evi belə bir neçə nəfərə satıblar
Biri kiçik, digəri müqayisədə nisbətən böyük otaqlara günəş işığı düşmürdü. Evin sol tərəfini sahibinin kürsülü evi qapatmışdı, sağında isə qonşunun hündür barısı vardı. Sadəcə qarşıdan bir qədər işıq almaq mümkün idi. Həyət kiçikdi, baxmayaraq ki, elanda 0,1 ha-dan çox ərazisinin olduğu qeyd edilirdi. Hamam-tualet isə iddia olunduğu kimi evdə yox, bayırdaydı. Yalnızca divarı evə bitişikdi. Bu “ev” deyilən tikiliyə ən azından özü qədər xərc çəkib başa çatdırmaq lazım gələcək. Üstəlik heç bir sənədi də yoxdur.
Üz tutduq üçüncü ünvana. Qiyməti 23 min manat olan ev Bayıl qəsəbəsində yerləşirdi. Gecəqondular arasında A.Əliyevin yazdığı ünvanı axtarmağa başladıq. Artıq bu məsələ ev almaq istəyindən çıxmışdı. Tanışım da mənim kimi sadəcə maraqlanırdı ki, bunun axırı hara gedib çıxacaq. Üzündən bəlli idi ki, ev almaq istəyi sönüb. Bayılın xırda-xırda, az qala bir-birinin içinə girmiş evləri, küçələrini keçib Bayıl Buxtası, ikinci dalanı xeyli axtardıq. Gah dağa qalxdıq, gah arana endik, axtardığımız küçəni “gördüm” deyən olmadı. Biri yuxarını göstərirdi, o biri aşağını. Tapa bilmədik. Yanımızdakı “makler” də ağzını açıb bir kəlmə danışmırdı. Evi heç özü də görməmişdi. Əlini ağdan qaraya vurmaq niyyəti görünmürdü.

50 adama satıldığı iddia olunan qaraj-ev

Biz artıq yorulmuşduq, maşının benzini bitmək üzrə idi. Aclıq da güc gəlmişdi. Dedik, dördüncü ünvanı da elə-belə maraq üçün görüb gedək. Çünki, əmin idik ki, bu da əvvəlkilər kimi olacaq. Sovetski küçəsinə gəldik. Bizi kirayənişin qarşılayacaqdı. Amma zəngimizə cavab verib dedi ki, rayona təzəcə çıxıb, sabah axşam gələcək. Fikirləşdik ki, bir yaxına gedək. Ev haqqında təsəvvürümüz olsun.
Dalanda ikimərtəbəli evlərin birinci mərtəbəsində bir ünvana gəldik. 15 kvadratlıq, qiyməti 23 min manata deyilən tikili kənardan nəyə desəniz oxşayırdı, təkcə evə yox. İki tərəfdən pərdə ilə qapatmışdılar. Mənim təkidimlə makler A.Əliyevə zəng elədi. O da dedi ki, evdə kimsə olmalıdır və oranı bizə göstərəcəklər. Mən yenə maklerdən israrla qapını döyməsini istədim. Bu zaman yuxarı mərtəbənin pəncərəsindən bir qadın başını çıxartdı. Nə lazım olduğunu soruşdu. Dedik, evə baxmağa gəlmişik. Bizi kimin göndərdiyini xəbər aldı. Onu da dedik. Qadın “o Akifin başı xarabdır? Bir evi neçə adama satmaq olar? O fırıldaqçıdır” dedi.
Xanım bildirdi ki, ev artıq bir neçə adama satılıb, mübahisəlidir, hazırda həbs altındadır və onu satmağa ixtiyarları yoxdur: “Bundan əvvəl ev bir neçə nəfərə eyni kupça ilə satılıb və iş məhkəməlikdir. Akif fırıldaqçılığının ucbatından bir dəfə tutulub. Mən yalandan deyə bilmərəm ki, gəlin pulunuzu verin alın, mənə də 5-10 manat düşsün. O haqsızlığı götürə bilmərəm. Bura bir qadının idi. O qadın özü də fırıldaqdır, yeri verib Akifə. Akif isə buranı 50 adama satır. O, adamların pulunu alıb yedi. Özü də mən burada olduğuma görə qorxusundan gəlmir. Sizinlə gəlsəydi, onu buradan süpürüb atardım”.

Makler niyə aradan çıxdı?

Tanışım və makler yavaş-yavaş oradan uzaqlaşmışdılar. Makler guya həmkarının hərəkətlərindən utandığı, tanışım isə ümidsizliyə qapıldığı üçün. Mən isə qonşü ilə söhbətimi davam etdirdim. Qonşu Mətanət xanım deyirdi ki, Akif bu əməllərinin üstündə həbsdə yatıb çıxandan sonra da törətdiklərindən dərs almayıb.
Küçədə qarşılaşdığım qızı Dürdanə də anasının dediklərini təsdiqlədi. Dedi ki, bura əvvəllər qaraj olub, sonradan ev kimi düzəldiblər: “İçəri rütubətlidir. Qonşuların hamamının suyu həmin qarajın divarlarındadır. Ona görə də tikili çökmüşdü. Bura həbsdədir, aldanmayın. Bir adam evi görmədən beh vermişdi, onun üstündə 2 ay qiyamət getdi. Sonra makler Akifi tutdular, moşennik idi”.
Məsləhət gördülər ki, Akifə aldanıb vaxtımızı və pulumuzu boş yerə sərf etməyək. Qayıdanda makleri orada görmədim, tanışımın dediyinə görə aradan çıxmışdı. Guya ki, A.Əliyevin belə işləri olduğundan xəbərsizmiş.
Tanışım bu dəfə elanda “Azadlıq” metrosu yaxınlığında, sakit bir yerdə, supertəmirli olduğu bildirilən 40 min manatlıq evin sahibinə zəng elədi. Vətəndaş nə desə yaxşıdır? “Elanda adres səhv göstərilib, ev Mehdiabaddadır” dedi. Bir qadın isə fikirlərini dəyişdiklərini, elandakı evin qiymətini iki dəfə artırdıqlarını söylədi. Elanda “Sahil” metrosu yaxınlığında göstərilən başqa bir evin isə 20-ci sahədə yerləşdiyi məlum oldu.

Fırıldaqçılıq necə olur?

Bir gün sonra fırıldaqçı olduğu deyilən makler A.Əliyevə zəng elədim:
- Akif müəllim, biz dünən sizin ofisinizə ev almaq üçün gəldik. Amma siz bizə kupçası başqalarına satılmış bir yeri təklif edirdiniz. Bu necə ola bilər?
- Mən dünən o arvada bilirsiz nələr dedim? Başa düşmürəm. Bu evi siz almısız, düzdür?
- Xeyr, mən almamışam. Harda almışam?
- Ay xanım, məsələn deyirəm, bu evi siz almısız, düzdür?
- Nə demək istəyirsiz?
- Tutaq ki, almısız. Bir və ya beş ay sonra satmısız. Bunun kimə nə aidiyyatı var?
- O qadın dedi ki, bizə təklif etdiyiniz yer həbs altındadır...
- Ay xanım, Allaha and olsun, o, qadın deyil, üzr istəyirəm. Deyir, camaatın evindən mənə pul ver. Başa düşmürəm, bu nə deməkdir.
- Akif müəllim, qonşu qadın dedi ki, siz bu əməllərinizə görə həbsə alınmısız...
- Bıy Allah, sən saxla!
- Xahiş edirəm səmimi olasız. Fırıldaqçılığa görə həbsdə olmusuz?
- Xeyr.
- Heç vaxt?
- Xeyr. Mən özüm polis zabitiyəm.
- Bəyəm polis zabiti həbs oluna bilmir?
- Olur, niyə olmur ki? Generallar həbs olunur. Bu evi satmışıqsa, təzədən onu neçə adama satmaq olar? Bəs bunun yiyəsi yoxdur? Xanım, qaldı ki, o üst qonşuya, həmin evin kupçası buradadır, özü də Yusubov Bəxtiyarın adınadır. O evi bir il əvvəl satın alıb. Sadəcə, o arvad deyir ki, “hər satılanda mənə pul ver”. Dedim “başa düşmədim, sən kriminalsan? Niyə hər satanda sənə pul verməliyəm?” Evi Bəxtiyar alanda, qadın gəldi dedi ki, mən gecə saat 2-3-də yuxarıda səs salacam. Alan adam da daxili qoşunlarda işləyir, cavab verdi ki, mən də futbol oynayacam. Bu cavabdan sonra qadın çıxıb getdi. Alan adam sonra dedi ki, çıxardıb ona 50 dollar verərdin, mən isə 50 dollar yox, 50 qəpik də vermərəm, dedim. Əgər o, gəlib “Allah xeyir versin” desəydi, çıxarıb ona o pulu verərdim. Amma belə baxanda, camaat öz evini satıbsa, nəyə görə ona pul verməlidir?
- Qadın niyə yalandan desin? Oranın kupçası əvvəllər başqalarına satılmayıb? Özünüz dediniz ki, Bəxtiyar ilk alıcı deyil.
- O ev əvvəlcə Məmmədova Ərəbiyyənin olub. Evi biz Yusubov Bəxtiyara satdıq. Bəxtiyar da kirayəçini çıxartmadı. Bunun o qadına heç bir aidiyyatı yoxdur. Dünəndən mən havalanmışam. O qadına mən yaraşmayan söz dedim dünən, çox biabırçı söz dedim. Elə söz dedim ki, heç onu kişiyə demək olmazdı.
- Zəng vurdunuz o xanıma?
- Hə. Biabırçılıq.
- Telefonu varmı onun sizdə? Mən bir daha o xanımla danışmaq istəyirəm, görüm niyə sizinlə qərəzli davranır?
- Ən yaxşısı evin əvvəlki sahibinin telefonunu verim, ona zəng edin.
- Qonşu adını çəkdiyiniz qadından da şikayətləndi. Dedi ki, siz evin sahibi ilə əlbir olub, kupçanı bir neçə nəfərə satmısız. Doğru deyilsə, sizə şər atırsa, özünüzü müdafiə üçün nə əcəb bir tədbir görmürsüz? Axı bunu hər kəsə deyir.
- Siz o evi alırsız?
- Xeyr, o ev mübahisəlidir, həbsdə olan evə nə üçün iddialı olmalıyıq?
- Kupçanı aparın dövlətin notariusuna, orda kompüterdə kimin adına olduğuna baxırlar. Onlar kompüterdə evin bütün alqı-satqı tarixini görə bilirlər. Evin həbsdə olub-olmadığını da görərlər. Ev bir neçə ay əvvəl satışa çıxarılmışdı. Üst qonşu satılmasına razılıq vermirdi. Notarius ona sorğu göndərdi, təklif etdi ki, qonşu kimi siz evi alırsız? O da dedi ki, xeyr, almıram. Ondan sonra qanun evin alqı-satqısına yol verdi.
- Ora mübahisəli olduğuna görə artıq maraqlandırmır.
- Siz ev alanda mənə pul vermirsiz. Evə baxıb xoşunuz gələndən sonra kupçanın məxsus olduğu vətəndaşı çağırırsız. O da şəxsiyyət vəsiqəsi və kupçası ilə gəlir və siz də evin kimə aid olduğunu görürsüz. Ondan sonra razılaşdığınız məbləğdə beh qoyursuz, alqı-satqını notariusda edirsiz. Burada mənlik nə iş var ki? Bizim nə marağımız var? Əksinə, istəyərik ki, iş alınsın. Dünən qadın o sözləri sizə deyəndən sonra başım lap xarab oldu.
- Qızı da, özü də dedi ki, ev həbsdədir. Kupçası müxtəlif adamlara paylanıb. Dedi ki, Akif fırıldaqçıdır.
- Mən başa düşmürəm ki, bir kupçanı iki adama necə satmaq olar?
- Niyə olmaz ki? Azərbaycanda o qədər belə hadisələr baş verir ki.
- “Novostroyka” başqadır. Kupça sizin adınızadırsa, onu kimsə başqasının adına rəsmiləşdirə bilməz. Notarius buna yol verməz. İkincisi də evin sahibi kirakeşə xəbər verib ki, evi satışa çıxarıram, Akif gələndə evə burax. Kirakeşə deməsə, mən o evə adam apara bilərəm? Mən bir daha baxaram, görərəm nə ev var, sizə təklif edərəm.
- Sizin müştəriyə münasibətiniz də mənə ciddi təsir bağışlamadı. Bizi bir neçə evə göndərdiniz, bütün Bakını dörd dolandıq, düzgün bir evə rast gəlmədik. Birində kirayənişin çıxıb getmişdi, evdə yoxdu. Heç düzəməlli görə bilmədik də evdir, yoxsa obyekt. Birinin ünvanını sizin əməkdaş gecəqondular arasında tapa bilmədi. Bizimlə göndərdiyiniz qadının dediyi də nə ev idi, nə obyekt. Heç nəyə oxşamırdı. Dördüncü ev də yarımçıq əyri-uyrü kubikləri üst-üstə qoyulmuş tikiliyə oxşar sənədsiz bir şeydi. Siz müştəriyə necə bu qədər qeyri-ciddi-münasibət göstərə bilirsiz? Bu necə maklerlikdir?
- Mən Nizami metrosunun yanındakı evi görmüşəm. Bir otaqdır. Hamam-tualeti də aşağıdadır.
- Ora ev deyildi. Siz bizi ev adıyla quş damına göndərmisiz. Biz sizdən toyuq hini, ya da yanğınsöndürmə çıxışı istəmədik ki...
- Gördünüz, mən orda da dedim ki, ora “pod obyektdir”.
- Soruşduq evdir, dediniz bəli, evdir, “pod obyekt” demədiniz, dandınız. Tanışıma ev lazım idi, “obyekt” yox.
- Ora ev kimidir.
- Sizin müştəriyə bu cür dırnaqarası baxmağınız düzgün deyil, işiniz üçün məsuliyyət daşıyırsız. İşinizin məsuliyyətini dərk edirsiz? Satışa çıxardığınız o yerlərə birinci özünüz baxmalı deyilsinizmi ki, onların həqiqətən ev olub-olmadığını görəsiniz? Yeni Yasamalda ev dediyiniz də üst-üstə əyri-üyrü yığılmış kərpic yığınıdır. Layihəsiz filansız.
- Xanım, onun qiyməti odur. Hazırda ucuz evlər yoxdur. Bugünkü bazarla o qiymətə belə evlərdir. Qiymətlər hədsiz qalxıb.
- Biz sizə yaxınlaşanda evlərə baxmaq istədiyimizi dedik. Siz bizə gərək izah edərdiniz ki, onlar ev deyil. Biz də özümüzü yorub, şəhəri ələk-vələk eləməzdik. Gedib başqa yerdə axtarardıq. Deyəndə ki, biz 20-30 min manat ətrafında ev istəyirik, siz də deyərdiniz ki, bu qiymətə məndə ev yoxdur, amma “pajarnıy xod” var, “kladovka” var, kənarları bağlanmış meydança var, toyuq hini və ya “pod obyekt” var və s. Biz də bunu nəzərə alıb, başqa şirkətə gedərdik və ya şəhərin başqa yerində axtarardıq.
- Siz başqa ofislərdə baxarsız, görəcəksiz ki, həmin qiymətə təklif olunan evlərin hamısı o qaydadadır.
- Həmin yerlərə kupça necə verilib, mən başa düşmürəm. Nizami metrosunun yanındakı əvvəllər nə olub? O əndrabadi pilləkənləri qalxıb-düşüncə mən stres keçirdim.
- O, dördmərtəbəli binanın birinci mərtəbəsidir. Dövlətin sənədi olan kupçada yaşayış sahəsinin 8 kvadrat olduğu yazılır. Texniki pasportda isə 10 kvadratdan artıqdır.
- Mən indi bilmirəm sizinlə necə davranım. Dünən siz bütün günü bizi avara elədiniz. Dünənin şokundan hələ də çıxa bilməmişəm. Bizə bu gün üçün optimal təklifiniz varmı? Amma xahiş edirəm, özünüz gördüyünüz və həqiqətən ev olduğuna əmin olduğunuz təklifi bizə verin.
- Ən yuxarı qiymət neçəyə olsun? 20 min manat az pul deyil, bilirəm. Amma bugünkü bazarla camaat o qiymətə vermir. Mən yenə də təkliflərə baxıb sizə zəng edərəm.

(Təbii ki, makler sonra mənə zəng eləmədi -müəllif)
Bizim.yol