BolgeXeber.Com » Analitika » Meliorasiya və Su Təsərrüfatı ASC-də 164 milyonluq “harmoniya”

Meliorasiya və Su Təsərrüfatı ASC-də 164 milyonluq “harmoniya”

26-02-2016, 10:18
Oxunub: 7 349 Meliorasiya və Su Təsərrüfatı ASC-də 164 milyonluq “harmoniya”Qurum dövlət vəsaitlərini hər il “zərgər dəqiqliyi” ilə eyni şirkətlərə ötürür

ASC-nin 23 qolundan biri ildə 33 milyon manatlıq avtomobil, inventar, maşın-mexanizm alıb
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədrinin biznes şəbəkəsi haqqında mətbuatda dərc olunan yazıdan sonra bu təşkilat rəhbərliyinin dövlətin ayırdığı vəsaitləri necə xərclədiyi gündəmə gəlir. ASC dövlət büdcəsindən ən çox maliyyə alan təşkilatlardandır. Milyonlarla vəsait xərcləyən qurum web-saytında heç bir maliyyə hesabatı vermir. Daha əvvəl “Azərsu” ASC-nin maliyyə fəaliyyətindən yazmışdıq, amma bu qurumun 2010-cu ildən bəri konsolidə edilmiş hesabatları saytında yerləşdirilib. “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə “Azərsu”dan az vəsait ayrılmayıb.

Ümumiyyətlə, dövlətdən maliyyələşən bütün təşkilatların hesabatı audit nəticələri ilə birlikdə mütləq saytlarında yerləşdirilməlidir, nə qədər korrupsiyalaşmış olsalar belə, bundan qaça bilməzlər. Prezidentin fərmanı ilə ləğv edilib, vəzifə və funksiyaları İqtisadiyyat Nazirliyinə verilən keçmiş Satınalmalar üzrə Dövlət Agentliyinin keçirdiyi müsabiqə reyestrlərinə əsasən söhbəti gedən cəmiyyət üzrə 5 il 6 ayda 2 688 tenderdə böyük pullar xərclənib. 2010-cu ildə 564, 2011-ci ildə 623, 2012-ci ildə 445, 2013-cü ildə 337, 2014-cü ildə 365, 2015-ci ilin altı ayında 354 tenderin keçirildiyi barədə məlumat var. Rəqəmlər heç də kiçik deyil və satınalma sayı o qədər çoxdur ki, hələlik ASC-nin bir strukturu üzrə təhlil aparacağıq. Texnoloji-istehsalat komplektləşdirmə idarəsi ASC-nin 24 xidmət idarəsindən biridir. Web-saytında qeyd olunur ki, bu qurum Səhmdar Cəmiyyətin tabeliyində olan idarələrin sifarişləri əsasında istehsalatda lazım olan torpaqqazan maşın-mexanizmlər, nasos-güc avadanlıqları, nəqliyyat vasitələri və digər əsas vəsaitlərin satınalınması və ASC rəhbərliyinin sərəncamları əsasında idarələrə buraxılmasını həyata keçirir.

Yenə "dəyəri altırəqəmli məbləğin üstündə olan tenderlərdən yazacağıq", deyəcəkdik, amma buna ehtiyac qalmadı, çünki idarənin xərclədiyi pullar zatən altı-yeddi rəqəmin üzərindədir. 2011-ci ildə 50 tenderdə 33 123 144 manat, 2012-ci ildə 53 tenderdə 33 146 735 manat, 2013-cü ildə 45 tenderdə 33 151 766 manat, 2014-cü ildə 44 tenderdə 33 082 845 manat, 2015-ci ilin 6 ayında 38 tender üzrə 31 792 138 manatlıq maşın-mexanizm, avadanlıq alınıb. Beş ildə ASC Texnoloji-istehsalat komplektləşdirmə idarəsi vasitəsilə 164 296 628 manatı tenderdə rəsmiləşdirib. Görünür idarənin standart büdcəsi 33 milyondur. Nə qədər qəribə olsa da, keçən ilin təkcə 6 ayının məlumatları bazaya işlənib, amma qurumda ilin yarısınacan düz 31 792 138 manatlıq alış həyata keçirilib. Əminik ki, təşkilat 33 milyon 100 minlik "normativi"ni keçən il də layiqincə yerinə yetirib. Satınalmaların qiyməti də yüksəkdir - cəmi 45-50 tenderdə 33 milyon xərclənib. ASC hər il eyni həcmdə maşın-mexanizm, inventar, kompüter avadanlığı alır, sövdələşmə aparılan təşkilatların tərkibi də dəyişməz qalır.

2011-ci ildə sifarişlərin dörddə birindən çoxu - 8 698 080 manatı "Grand Motors" MMC-yə verilib. Bunun 472 000 manatına 16 ədəd "Hyundai" İX-35 minik avtomobili, qalanına da kiçik tonnajlı maşınlar, dartıcılar, yükləyicilər, buldozerlər, ekskavatorlar alınıb. Ondan əvvəlki il də yüngül avtomobil alınıb. Həmin il 1 375 000 manatlıq yumşaq inventar, yataq ləvazimatı, xüsusi geyim "Cavidan-N" MMC-yə sifariş olunub. Daha 4 997 manatlıq da yumşaq inventar üçün pul göstərilib. "AS Texnika" MMC-dən 4 474 700 manatlıq "Hyundai" R-170 W-7 0.76kbm ekskavatorları, "Prolink Caspian" MMC-dən 3 520 000 manat dəyərində 40 ədəd ekskavator, "Kaskad-3" İFK-dən 3 375 750 manata nasos, transformatorlar, yarımstansiyalar, "Gidromaşservis" QSC-dən 2 102 300 manatlıq nasoslar və mühərriklər, "Bakı-Y" MMC-dən 1 224 250 manatlıq asinxron elektrik mühərrikləri, "Vüsal-F" MMC-dən 1 073 990 manatlıq sayğac, transformator və nasoslar, "Rossiyskiy Traktor" MMC-dən 1 018 762 manatlıq buldozer, dəzgah və aqreqatlar satın alınıb. Bunlar milyonun üstündəki ticarətdir. "Kamaz-Az" MMC 913 320 manat, "Lark" firması 708 000 manat, "Mexaniki TQMİ" MMC 570 000 manat, "Gəncə Avtomobil Zavodu" MMC 424 911 manat, "Çevik Grup" MMC 402 500 manat, "Aqrointer" MMC 329 140 manat, "Güllübulaq" MMC 316 000 manat, "Tovuz Kənd Kimya" MMC 246 980 manat, "İmprotex Trucks Buses" MMC 220 000 manat, "Avtolider" MMC 189 115 manat, "Azərkontrakt SC" 166 000 manat, "Faza" Firması da 114 235 manat sifariş alıb. Bu tenderləri ona görə xüsusi vurğulayırıq ki, sonrakı reyestrlərdə də hər il eyni qayda ilə həmin firmalara sifariş edilib. Həqiqətən alıblarmı, bir Allah bilir, bir də özləri. Bolluq bir az da davam eləsəydi, yəqin yarış maşınları alıb, Bakının küçələrində "yezdaya" çıxacaqdılar. Xoşbəxtlikdən ölkəni böhrana salıblar, indi "Naz" sürsünlər.

2012-ci ildə də "Grand Motors" MMC-dən 11 194 728 manatlıq maşın-mexanizm alınıb. Bunun 442 500 manatı yenə 15 ədəd yüngül avtomobilə gedib. Bu dəfə vəsaitlərin üçdə biri "Grand Motors"a verilib. 4 166 100 manatlıq 27 ədəd "Hyundai" R170 W-9S 0.76 kbm ekskavator da "AS Texnika" MMC-dən satın alınıb. Alınan mexanizmin sayını məbləğə böləndə, bir ekskavatorun qiyməti 154 300 manatdan hesablanıb. "Cavidan-N" MMC-dən 1 374 999 manatlıq yumşaq inventar, yataq ləvazimatı və geyim alınıb. Məbləğin əvvəlki ildə olduğu kimi 1 375 000 olması üçün cəmi 1 manat çatmır. Qalan alış-veriş də "İlqar MR" MMC (314 000 manat), "Aqrointer" MMC (1 253 250 manat), "BestComp Group" firması (169 878 manat), "Tovuz Kənd Kimya" ASC (440 550 manat), "Gəncə Avtomobil Zavodu" İB (702 345 manat), "ART Proje" MMC (1 937 039 manat), "Kaskad" İKŞ (1 805 420 manat), "Kaskad-Hidro" MMC (1 448 100 manat), "Kaskad-3" İKŞ (2 679 015 manat), "Təmir Sazlama Servis Xidməti Müəssisəsi" MMC (415 500 manat), "Dövlət KK Azərkontrakt" ASC (159250 manat), "Gidromaşservis" QSC (3 000 017 manat), "Rosiyskiy Traktor" MMC (594 956 manat), "İmprotex Truckes Bases" MMC (240 000 manat), "Akbar" MMC (176 115 manat), "Kamaz-Az" MMC (659 620 manat), "Faza" Firması (154 049 manat) ilə aparılıb. Növbəti illərdə də bu müəssisələrlə əməkdaşlıqları eyni qaydada davam edib.

2013-cü ildə də "Grand Motors" MMC-dən 6 268 700 manatlıq maşın-avadanlıq alınıb. Yenə 354 000 manat minik avtomobillərinə sərf olunub. 4 204 523 manat ekskavatorlar və onlara aqreqatların alınması "AS Texnika" MMC-yə həvalə edilib. Üçüncü il ardıcıl 1 375 000 manatlıq yumşaq inventar, yataq ləvazimatı və geyimlər üçün sifariş "Cavidan-N" MMC-yə verilib. Eyni məbləğ, eyni podratçı, eyni sifariş. "Kaskad-Hidro" MMC-dən (5 666 753 manat) elektrik mühərrikləri, nasoslar və aqreqatlar, generatorlar, transformatorlar, elektrik telferləri, şitlər, "Kaskad-3"İKŞ-dən (1 339 925 manat) su nasosları, dizel mühərrikləri, güc transformatorları, yarımstansiya və xətt ayırıcıları, mühafizə şitləri, "Gidromaşservis" QSC-dən (4 552 561 manat) mühərrik, nasoslar, stator dolaqlar, avadanlıq, hissələr, qazma və təmir aqreqatları, "Ramma" MMC-dən (3 898 500 manat) buldozerlər, "ART Proje" MMC-dən (2 003 106 manat) sarğı naqilləri və güc kabelləri, elektrik sayğacları, cərəyan və gərginlik transformatorları, su nasosları, "Gəncə Avtomobil Zavodu" İB-dən (838 775 manat) sudaşıyan və yanacaqdaşıyan MAZ, traktor və qoşqu, "Kamaz-Az" MMC-dən (659 620 manat) yükü özüboşaldan maşınlar, "Aqrointer" MMC-dən (651 000 manat) avtokranlar, "Tovuz Kənd Kimya" ASC-dən (541 649 manat) səyyar nasos stansiyaları, laboratoriya avadanlığı, "Rossiyskiy Traktor" MMC-dən (275 058 manat) dizel güc aqreqatları, "İmprotex Trucks Buses" MMC-dən (242 000 manat) avtobetonqarışdırıcı, "Azərkontrakt" ASC-dən (229 865 manat) vakuum və drenaj nasosları, "Faza" Firmasından (199 125 manat) asinxron mühərriklər üçün mühafizə şitləri, "BestComp Group"dan (116 080 manat) kompüter avadanlığı satın alınıb.

2014-cü ildə də "Grand Motors" MMC-dən 5 965 219 manatlıq maşın-mexanizm götürülüb. 7 ədəd "Hyundai-İX-35" minik avtomobili və 2 ədəd də "İveco" avtobusu bu dəfə "Original Motors" MMC-dən 323 700 manata satın alınıb. "AS Texnika" MMC-yə də həmişəki kimi 4 751 376 manat 24 ədəd "Hyundai" R 210-9S 092 kbm təkərli ekskavator üçün sifariş verilib. Artıq dördüncü il "Cavidan-N" MMC-dən 1 374 976 manatlıq yumşaq inventar, yataq ləvazimatı və geyimlər alınıb. Daha 4 999 manat da yumşaq inventara xərclənib. Yenə "Kaskad-Hidro" MMC (8 334 920 manat), "Gidromaşservis" QSC (3 412 032 manat), "Ramma" MMC (2 393 800 manat), "ART Proje" MMC (2 003 364 manat), "Gəncə Avtomobil Zavodu" İB (766 394 manat), "Kamaz-Az" MMC (1 406 810 manat), "Tovuz Kənd Kimya" ASC (494 280 manat), "Rossiyskiy Traktor" MMC (332 052 manat), "Faza" Firması (214 545 manat), "BestComp Group" (84 954 manat), "Prolink Caspian" MMC (617 000 manat), "DDK Azərkontrakt" ASC (165 300 manat) sifariş alıb.

2015-ci ildə "Grand Motors" MMC-yə maşın-mexanizm üçün 3 710 710 manat ödənib. 4 ədəd də "Hyundai İX35", 1 ədəd "Santa FE" 200 356 manata alınıb. Hər avtomobil 40 min manatdan düşür. Görəsən belə bahalı xidməti avtomobillər kimlərə alınıb? "AS Texnika" MMC 18 ədəd "Hyundai" R 210-9S 0.92 kbm ekskavatoru təkcə bir tenderdə 4 623 840 manata ASC-yə satıb. "Cavidan-M" MMC hər zamankı kimi 1 374 998 manat dəyərində yumşaq inventar, yataq ləvazimatı və geyim üçün tenderi qazanmış kimi göstərilir. 9 004 527 manat "Kaskad-Hidro" MMC, 2 214 315 manat "Gidromaşservis" QSC, 3 401 710 manat "Ramma" MMC, 775 130 manat "ART Proje" MMC, 956 012 manat "Gəncə Avtomobil Zavodu" İB, 807 750 manat "Tovuz Kənd Kimya" ASC, 730 243 manat "Rossiyskiy Traktor" MMC, 198 889 manat "Faza" Firması, 140 359 manat "BestComp Group", 571 740 manat "Prolink Caspian" MMC, 252 338 manat "DDK Azərkontrakt" ASC, 794 505 manat "Xəzər-11" MMC, 721 080 manat "Bakı-Y" MMC, 165 859 manat "Azərelektroşit" MMC, 304 200 manatlıq sifariş "Aztexnika" MMC-yə verilib. 370 736 manatlıq da 8 ədəd "Belarus" 892 traktoru, 8 ədəd qoşqu 2-ÖTQ-6 satın alınıb, amma podratçının adı yoxdur.

"Çirkli pulların yuyulması" ifadəsini eşitməyən yəqin ki, yoxdur. Dövlətin pullarının suda "yuyularaq", "çirkli pullar"a çevrilməsinin Azərbaycan versiyası qarşınızdadır. Yəqin tenderlərin nəticələrinin ictimailəşdiriləcəyindən xəbərsizdirlər, sonra hansısa "demaqoq"un rəqəmləri yan-yana gətirəcəyini düşünməyiblər. İlk dəfə korrupsiya qoxusu gələn bir işdə bu qədər "harmoniya" var. Hər il böyük vəsaitlər xərcləyən təşkilatlar eyni işlərin təkrarlanmasına da yol verirlər, rəqəmlərin də, amma dövlətin pullarını bu qədər "zərgər dəqiqliyi" ilə xərcləyən hələlik "Meliorasiya və Su Təsərrüfatı" ASC-ni gördük. Nə qədər ekskavator, buldozer, nasos, transformator alarlar? Əslində, "bir ildə 33 milyon manatlıq avtomobil, inventar, maşın-mexanizm alınırsa, növbəti beş ildə ən azından bu qədərinə ehtiyac olmaz" deyə düşünmək lazımdır. Amma bizim yüksək çinli məmurlar hesab edirlər ki, hər il eyni məqsədlə eyni həcmdə alış-veriş edib, büdcənin axırına çıxmasalar, olmaz. Bu, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin yalnız bir qolu barədə hesabatdır, digər 23 strukturu və onların da filialları vasitəsilə hər il ehtiyat hissələri və tikinti materialları alınıb. Bu barədə sonrakı yazıda...

Bizimyol.info