BolgeXeber.Com » Analitika » “Sovetski” sakinlərinə seçim şansı verilmədi

“Sovetski” sakinlərinə seçim şansı verilmədi

26-02-2016, 10:09
Oxunub: 4 320 “Sovetski” sakinlərinə seçim şansı verilmədiEvlər zor-xoş söküləcək, yerində park salınacaq

“Sovetski”də 2 ildən çoxdur başlayan söküntü işləri hələ də davam edir. Bakı şəhərinin Baş Planına əsasən “Sovetski” adlanan ərazidə verilən kompensasiya ilə razılaşan sakinlərin evləri sökülüb, digərləri ilə isə hələ də danışıqlar gedir. Söküntü işlərinin başlanacağı haqda xəbərdarlıq edildiyi gündən bu günədək sakinlərin əsas narazılığı sahəsi az olan evlərə verilən kompensasiya ilə bağlıdır.

Belə ki, ərazidə yerləşən bütün evlərin kvadratmetrinə 1500 manat kompensasiya verilməsi nəzərdə tutulub. Lakin 15-20 kvadratmetr sahəsi olan mənzillərin sakinləri bu məbləğlə yeni ev ala bilmədiklərindən narazılığını bildirirlər və buna görə də evlərini tərk etmirlər.

Xatırladaq ki, “Sovetski”də söküntü işləri başlamamışdan əvvəl - hələ sakinlərə xəbərdarlıq edilərkən bir neçə dəfə etiraz aksiyaları keçirilmişdi. Baş nazirin müavini Abid Şərifov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sakinləri əmin etdi ki, kompensasiya ilə razılaşmayan heç bir sakin evindən çıxarılmayacaq. Söküntü aparılan ərazidə isə park salınacağı deyilib.

Lakin əksər sakinlərə müxtəlif yollarla təzyiqlər edilir və onların evlərindən çıxarılmasına çalışılır. Bəzən söküntü işləri aparılarkən bilərəkdən digər mənzillərə də zərər vurulur, evini tərk etməyənlərin qaz, işıq və su xətləri kəsilir. Xarabalığa çevrilən “Sovetski”də bəzi sakinlər məcburiyyət qarşısında qalıb evlərini boşaldıblar.

Kiçik sahəli evlərin sakinlərinin yeni mənzillərlə təmin edilməsi istiqamətində işlərin icra olunduğu da deyilir. Məlumata görə, artıq Nərimanov rayonu ərazisində 9 mərtəbəli, 2 bloklu tamamilə rekonstruksiya olunmuş binada 2 otaqlı 104 mənzil hazırlanır və həmin sakinlər oraya köçürüləcək.

Xatırladaq ki, Bakı şəhərinin Baş Planının icrasının 2-ci mərhələsinin başa çatdırılması və yolların çəkilməsinə başlanması məqsədilə Nazirlər Kabinetinin 11 noyabr 2015-ci il tarixli 358 nömrəli qərarı var. Bu qərarla torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan Yasamal Rayon İcra Hakimiyyəti müəyyənləşdirilib. Bu qərardan sonra satınalma işləri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.

Nazirlər Kabinetinin qərarının icrasının təmin olunması məqsədilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 12 noyabr 2015-ci il tarixli sərəncamı verilib. Daşınmaz əmlakın alınması qrupu təşkil edilib, elanlar verilib, dövlət əhəmiyyətli tədbirin məqsədi izah olunub və hər bir əmlak sahibinə rəsmi bildirişlər göndərilib. Hazırda könüllü satınalma davam etdirilir, razılıq əldə olunmayan ünvanlarla əlaqədar məhkəməyə iddia ərizələri hazırlanır.

Hüquqşünas Müzəffər Baxış evini tərk etməyən sakinlərin məhkəməyə verilməsinin qanunsuz olduğunu deyir. Onun sözlərinə görə, “Sovetski” ərazisinin dövlət ehtiyatları üçün alınması haqda deyilənlər doğru deyil: “”Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanun var. Bundan istifadə edərək insanları təsir altına salırlar. Könüllü şəkildə çıxmayanları məhkəməyə verirlər. Əslində həmin yerlər dövlət ehtiyacları üçün alınmır. Həmin ərazidə park salınacağı deyilir. Park salınması isə dövlət ehtiyaclarının təsnifatında nəzərdə tutulmayıb. Dövlət ehtiyacları üçün kommunikasiya xətlərinin çəkilməsi, yolların salınması və ya dövlətin təhlükəsizliyi ilə bağlı hallar ola bilər. Bu hərəkətlər sırf qanunsuzdur.

Tam məsuliyyətimlə bildirirəm ki, Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti olmadığından həmin şəxsləri məhkəməyə verəcəklər, qətnamələr çıxarılacaq. O insanları məcburi şəkildə evlərindən çıxaracaqlar. Azərbaycan hüquqa söykənən ölkə deyil. Azərbaycan qanunlarla deyil, verilmiş göstərişlərlə idarə olunur. Məhkəmələr də verilən sifarişləri icra edəcək və evlər zorla söküləcək".

Qeyd edək ki, söküntü ərazisinə Azərbaycan prospekti, Nəriman Nərimanov prospekti, Əlibəy Hüseynzadə və Tolstoy küçələri, habelə Nəriman Nərimanov, İnşaatçılar prospektləri və İsmayıl Qutqaşınlı küçəsi, Qurban Xəlilov və Bəhram Ağayev küçələri əhatəsində yerləşən ərazidə, Bəhram Ağayev küçəsi ilə Landau küçəsinin kəsişməsindən İsmayıl Qutqaşınlı küçəsini kəsməklə Qurban Xəlilov küçəsi də daxil olmaqla Mikayıl Müşviq küçəsi istiqamətindəki ərazidə yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahələri daxildir.