BolgeXeber.Com » Analitika » Fərhad Əliyev və Əli İnsanov barədə sensasion iddia

Fərhad Əliyev və Əli İnsanov barədə sensasion iddia

10-04-2013, 08:55
Oxunub: 5 042 Offşor sirləri həbsdəki nazirləri təhdid edirÇbrŞOffşor zonalardakı banklarda sabiq nazirlərin də hesablarının olduğu iddia edilir; iqtidar məhz onların gizli hesablarını ələ keçirmək istəyirdi; indi onların azadlığı yenidən alver predmetinə çevrilə bilər

Ofisi Vaşinqtonda yerləşən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Təşkilatının dünyanın 170 ölkəsindən 130 mindən çox siyasətçinin, vəzifəli şəxsin, biznesmenlərin və digər məşhurların Britaniyanın Virgin adalarındakı offşor şirkətləri, bank hesabları barədə milyonlarla məlumatı əldə etməsi Azərbaycanda da bomba effekti yaradıb.
Hakimiyyət düşərgəsinə bağlı mənbələrdən daxil olan xəbərlərdə deyilir ki, oliqarx-məmurlar offşor banklarda saxladıqları gizli hesablarının və mülklərinin, digər aktivlərinin üzə çıxmasından bərk narahat olublar. Hətta offşor hesabları olan bəzi “xırda çaplı” məmurlar bu qalmaqalın qurbanı kimi həbs olunacaqlarından qorxurlar. Redaksiyamıza bu barədə yeni məlumatlar daxil olur ki, onları yaxın günlərdə oxuculara təqdim etməyə çalışacağıq.
“Yeni Müsavat”a daxil olan son məlumatlar da sensasion sayıla bilər. Mənbəmizin xəbərinə görə, offşor sirlərinin açılması hazırda həbsdə olan iki sabiq nazirin - Əli İnsanovla Fərhad Əliyevin də başını ciddi dərdə sala bilər. Qaynağımızın iddiasına görə, sabiq nazirlərin həbsdən buraxılmasına qarşı olan qruplaşmalar hazırda böyük intizar içərisindədir. Çünki 2005-ci ildə həbs edilən nazirlərin əksər əmlakı, mülkləri əllərindən alınsa da əsas qənimətə - offşor zonalarda saxlanıldığı iddia edilən pullara toxuna bilməmişdilər.
Yada salaq ki, 2007-ci ildə barəsində qurulan məhkəmə istintaqı zamanı da Fərhad Əliyev etiraf edərək bildirmişdi ki, ondan hakimiyyət nümayəndələri azadlığının müqabilində 100 milyon manat istəyiblər. O zaman da bəlli idi ki, hakimiyyət F.Əliyevin offşor zonalarda külli miqdarda varidat saxlamasından şübhələnib. Hətta o zaman belə məlumatlar da vardı ki, Fərhad Əliyev israrla bu qədər pula malik olmadığını söyləsə də ona həmin pulların saxlanıldığı konkret bank hesablarının siyahısı təqdim edilib.
Həmin pul məsələsinə sabiq nazirin biznesmen qardaşı Rafiq Əliyev də zamanında münasibət bildirmişdi. “Azpetrol”un sabiq şefi məhkəmə istintaqı zamanı açıq şəkildə bəyan etmişdi ki, əgər onun bu qədər pulu olarsa, hansısa bankda saxlamazdı, doğulub-böyüdüyü kənddə torpağa basdırardı.
Əli İnsanova gəlincə isə ondan azadlığı üçün birbaşa pul istənilməsə də sabiq səhiyyə nazirinin də Azərbaycandakı biznes imperiyası və mülkləri yağmalandı. Amma onun da xaricdə olduğu deyilən əmlakı və bank hesabları toxunulmaz qaldı. Mənbənin məlumatına görə, indi hakimiyyətin ən yüksək təpəsində də böyük həvəslə Əliyev qardaşlarının və İnsanovun offşor zonalarda hansı həcmdə pula malik olmasının açıqlanmasını gözləyirlər. Bu gözlənti də səbəbsiz deyil.
Bu məsələ ilə bağlı iki versiya var ki, qaynağımız onu belə sıralayır: “Bu hesabların olması ilə bağlı məlumatlar rəsmən təsdiqlənsə, hakimiyyət bundan diqqəti əsas hədəflərdən yayındırmaq üçün istifadə edə bilər. Ya da xüsusilə Əliyev qardaşlarını ”oğurluğa" görə yenidən cəzalandıra bilər".
Maraqlıdır ki, sabiq nazirlərlə bağlı bu məlumatlar gələn ay verilməsi gözlənilən amnistiya aktı ərəfəsində yayılıb. Xəbər verdiyimiz kimi, sabiq prezident Heydər Əliyevin 90 illiyi ilə bağlı hakimiyyət geniş amnistiya verməyi planlaşdırır. Qeyd edək ki, sonuncu amnistiya aktı da mərhum prezidentin 85 yaşı münasibətilə 2007-ci il, mayın 8-də qəbul edilib. Həmin amnistiya aktı isə ümumilikdə 9 min nəfərə şamil edilmişdi.
Doğrudur, belə xəbərlər də var ki, amnistiya aktının qəbul edilməsinə hakimiyyət daxilində ikili yanaşma var. Belə ki, bir qrup Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə amnistiya aktının qəbulunun vacibliyini düşünür və belə bir addımın atılmasına çalışır. Başqa bir qrup isə prezident seçkisi ilində amnistiya verilməsinin əleyhinə çıxır. Onların “arqumenti” bundan ibarətdir ki, seçki ilində amnistiya arzu olunmayan şəxslərin də azadlığa çıxmasına, eyni zamanda müxalifətin pressinqdən qurtulmasına səbəb ola bilər.
Sabiq nazirlərin də hər belə amnistiya və əfv fərmanı ərəfəsində azadlığa buraxılacağı deyilsə də, mənbənin iddiasına görə, onların seçki ilində və Heydər Əliyevin 90 illiyi ilə bağlı verilən amnistiya (və ya əfvlə) həbsdən buraxılması daha real idi. “Amma ola bilsin ki, onların azadlığı yenidən alver predmetinə çevrilsin” - deyə mənbə bildirib.
Qarşı tərəfin vəkillərinin və yaxınlarının da mövqeyini dərc etməyə hazırlıq.