BolgeXeber.Com » Analitika » İsmayıl Ömərov qardaşının 12 milyon manat borcunu ödəyib?

İsmayıl Ömərov qardaşının 12 milyon manat borcunu ödəyib?

19-05-2013, 10:40
Oxunub: 4 721 Sabiq direktorun mərhum qardaşının borcunu İTV-nin hesabından ödədiyi barədə xəbərlər yayılıb
İctimai Televiziyanın keçmiş rəhbəri İsmayıl Ömərov haqda redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda bildirilir ki, İ.Ömərov tikinti biznesi ilə məşğul olan mərhum qardaşının 12 milyon manat həcmində yaranmış borcunu ödəyib. Məlumatda qeyd olunur ki, İTV-nin keçmiş rəhbərinin qardaşı, mərhum Ələsgər Ömərov böyük tikinti şirkətlərindən birinin sahibi imiş. “Fateh-N” adı ilə qeydiyyatdan keçən tikinti şirkətinin payçıları sırasında İsmayıl Ömərovun adı da hallanır.
Sözügedən şirkət Bakının bir neçə yerində çoxmərtəbəli yaşayış binası tikib. Sonuncu dəfə Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında ucaldılan çoxmərtəbəli bina maliyyə çatışmazlığı ucbatında yarımçıq dayandırılıb. Ötən il Ələsgər Ömərovun vəfat etməsi problemlərlə üzləşən “Fateh-N” tikinti şirkətinin iflasını daha da sürətləndirib. Mənzillərin satılması hesabına yığılan maliyyə fondunun xərclənməsi payçıların bu məbləği İsmayıl Ömərovdan tələb etməsi ilə nəticələnib.
Bizi bilgiləndirən mənbə iddia edir ki, İTV-dən ayrılmadan öncə İsmayıl Ömərov şirkətin payçılarına 12 milyon manat borcu ödəyib. Yayılan xəbərlər arasında o da var ki, keçmiş direktor bu pulu İTV-nin hesabından çəkərək ödəyib. Amma Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında ucaldılan binada tikinti işlərinə başlanılmayıb. Bu yaxınlarda sözügedən bina sakinləri yığışaraq aksiya da keçirmişdilər. Onlar bildirmişdilər ki, “Fateh-N” tikinti şirkətinin sahibi mərhum Ələsgər Ömərov və digər payçılar evlərini bir neçə nəfərə sataraq binanı yarımçıq vəziyyətdə saxlayıblar.
Qeyd edək ki, İsmayıl Ömərov İTV rəhbərliyindən gedən kimi Hesablama Palatasının kollegiya iclasında İTV-də yoxlamalar aparılması ilə bağlı qərar qəbul olundu. İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsi üzrə audit proqramı müzakirə olunaraq təsdiq edildi. Yoxlamaların nəticəsi barədə hələlik mətbuata hər hansı bir informasiya verilməyib. İsmayıl Ömərov ötən həftə Azərbaycanı tərk edib. Yayılan informasiyada deyilirdi ki, keçmiş İTV rəhbəri müalicə almaq məqsədi ilə xarici ölkələrdən birinə gedib.
Məsələ ilə bağlı İsmayıl Ömərovun da mövqeyini almağa çalışdıq. Lakin İ.Ömərov çoxsaylı zənglərimizə cavab vermədi. Mövzu ilə bağlı qarşı tərəfinə də mövqeyini öyrənib dərc etməyə hazırıq.
bizimxeber.az