BolgeXeber.Com » Analitika » “Mandat alveri” işinə dair sensasion məlumatlar

“Mandat alveri” işinə dair sensasion məlumatlar

20-05-2013, 10:55
Oxunub: 4 763 Gülər Əhmədovanın gizlətdiyi dosyelər İstanbulda axtarılır

Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın işində ilginc gəlişmələr baş verir. Dəfələrlə yazıldığı kimi, hakimiyyət G.Əhmədovanı həbs etsə də, onun əlində ola biləcək kompromatlardan narahatdır. Müəyyən çevrələr əmindirlər ki, G. Əhmədovanın əlində doğrudan da kompromat paketi var və orada ayrı-ayrı vəzifəli məmurlarla ilgili video-audio faktlar, sənədlər toplanıb.

Gülər Əhmədova həbs olunmazdan öncə bu barədə bir neçə dəfə işarə də vermiş, müəyyən anonim ünvanları hədələmişdi. İndi istintaq həmin kompromatları ələ keçirmək üçün hərəkətə keçib.

Bu barədə “Yeni Müsavat”a istintaqa yaxın etibarlı mənbədən məlumat daxil olub. Xəbərə görə, hazırda istintaq qrupunun üzvləri G.Əhmədovanın əlində olduğu ehtimal edilən dosyeləri (burada fotolar, videolar, müxtəlif sənədlər var) Türkiyədə axtarır. İstintaqın ehtimalına görə, G.Əhmədova əlindəki dosyelərin bir qismini mərhum Sevinc Babayeva vasitəsilə ölkədən çıxarıb. Bu səbəbdən də hazırda Türkiyədə S.Babayeva ilə təması olmuş hər kəsin evi, iş yeri, yaxınlarının evləri qəfil basqınlarla axtarışa məruz qalır. Bundan başqa, həmin şəxslər sorğu-suala tutulur, onlardan həmin sənədlərlə bağlı müfəssəl məlumat tələb edilir. Bu məsələdə Türkiyə polisi Azərbaycan hüquq-mühafizə orqanlarına yaxından dəstək verməkdədir.
Xatırladaq ki, hazırda istintaqa rəhbərlik edən Bakı Şəhər Prokurorluğunun müstəntiqi Emzar Qocayevin bir neçə gündür İstanbulda olması, orada istintaq hərəkətləri aparması bu xəbərləri daha da möhkəmləndirir. (O, həftəsonu Bakıya dönüb- Red.)
Bu məsələdə adı ən çox hallandırılan şəxs isə S.Babayevanı Türkiyədə qarşılayan, müşayiət edən Səlcuq Ağlayandır. S.Ağlayan daha öncə “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, S.Babayevanı Məryəm Solmaz kimi tanıyıb və ona yardım edib: “...Bu insan ürək xəstəsi idi. Allahın rəhmətinə gedib. Onu doğru-düzgün insan kimi tanımışam, ona görə də yardım etmişəm”. Baş Prokurorluğun daha öncəki açıqlamalarında S.Ağlayanın S.Babayevaya G.Əhmədovanın göstərişi ilə yardım etdiyi də qeyd edilib. S.Ağlayan isə bizimlə söhbətlərində israrla G.Əhmədovanın adını çəkməyib və istintaq bitəndən sonra hər şeyi açıqlayacağını deyib.

S.Babayevanın oğlu Ayxan Məmmədov isə dəfələrlə “Yeni Müsavat”a açıqlamasında anasının G.Əhmədova tərəfindən Türkiyəyə, Səlcuq Ağlayanın yanına göndərildiyini deyib. A.Məmmədov anasının əlində hər hansı kompromat materiallar olmasından xəbərsiz olsa da, Türkiyədə olduğu müddətdə G.Əhmədova ilə anasının tez-tez telefonla, internet vasitəsilə əlaqə saxladığını deyib. Ehtimal edilir ki, bu söhbətlərdə sözügedən kompromat materiallar mövzusu da müzakirə edilib.

Məsələnin maraqlı tərəfi budur ki, istintaqın əlində mərhum Sevinc Babayeva ilə Gülər Əhmədova arasında aparılan bütün telefon danışıqlarının səs yazısı var. Lakin onların öz aralarında Skyape vasitəsi ilə apardıqları danışıqların heç biri xüsusi xidmət orqanları tərəfindən qeydə alına bilinməyib. İstintaqı qıcıqlandıran da bu məqamdır - telefon danışıqlarında xanımlar dəfələrlə vurğulayıblar ki, bir sıra məsələləri daha sonra Skyape vasitəsi ilə danışarlar...

Maraqlıdır ki, bu iddia daha öncə Mahir Abdullayevin işini araşdıran blogger Elnur Məcidli tərəfindən də səsləndirilmişdi. G.Əhmədova müalicə bəhanəsi ilə Gürcüstana getmək istəyərkən, Qazax sərhədində saxlananda onun qaçışına bu kompromat materialların səbəb olduğunu demişdi: “Gülər Əhmədovanın əlində nə qədər kompromat varsa, onları ölkədən çıxarıb. Dövlət onunla bacarmır. Çünki o da əlindəki faktları açıqlaya bilər. Hökumət də bilir ki, o, əlindəki kompromat xarakterli videoları Rusiya, Şimali Kipr, Türkiyə və Çexiyaya yollayıb. Ona görə də özünü burada saxlamaq istəyirlər ki, hər şey nəzarətdən çıxmasın”.
Görünən budur ki, Gülər Əhmədova hazırda həbsdə olsa da, onun əlində hələ də özünü qoruya biləcək vasitə var. Sabiq deputata yaxın şəxslərdən biri müxbirimizə deyib ki, Gülər xanımın ölkədən çıxartdığı materiallar onun həyat sığortasıdır. Bunu hakimiyyətdəkilər də, istintaqa rəhbərlik edənlər də yaxşı bilirlər...
Mövzunu davam etdirəcəyik.