BolgeXeber.Com » Analitika » Dövlət qurumu 15 ilin işçisini əlilliyini əsas gətirərək küçəyə atıb

Dövlət qurumu 15 ilin işçisini əlilliyini əsas gətirərək küçəyə atıb

22-05-2013, 11:00
Oxunub: 5 029 Suraxanı QİS-in rəisi Hacı Şahbazov: «Bizə bir neçə nəfərin işdən çıxarılması ilə bağlı «Azəriqaz»dan məktub gəlib»
“1998-ci ildən «Azəriqaz»da işləmişəm. Çilingər idim. 2010-cu ildən məni göndərdilər Suraxanı Qaz İstismar Sahəsinə. Bir müddət sonra səhhətimlə bağlı bir-neçə gün xəstəxanada yatmalı oldum. Qayıdanda deyildi ki, “sən xəstəsən, işləmə qabiliyyətin yoxdur. Həkimdən kağız gətirsəm də heç bir xeyri olmadı. Müqavilə müddətimin bitməsini bəhanə gətirərək məni işdən çıxartdılar”, - bu Suraxanı Qaz İstismar Sahəsinin (QİS) çilingəri, 54 yaşlı Rza Quliyevin sözləridir.
R.Quliyev üçüncü qrup əlildir. Həkiminin verdiyi arayışda işləmək qabiliyyətinin olduğu göstərilsə də, Suraxanı QİS-dən səhhətinin işləməyə əl vermədiyi deyilib. Rza Quliyev mayın 10-da Suraxanı QİS-dən xəbərdarlıq alıb. Xəbərdarlıqda onunla işəgötürən arasında bağlanan 35 saylı 17.05.2010-cu il tarixli müqavilənin vaxtının 18.05.2013-cü ildə bitdiyindən əmək müqaviləsinə xitam verildiyi qeyd olunub.

R.Quliyev işdən çıxarılmasını tamamilə qanunsuz sayır: “Müraciətlərimə, gətirdiyim sağlamlıq kağızına baxmayaraq işdən çıxarılmışam”. Qarşılaşdığı haqsızlığa dözməyən R. Quliyev prezidentə məktub yazaraq onu Azərbaycan Respublikası vətəndaşlığından çıxarmasını xahiş edib. Bundan sonra o heç yerdə iş tapa bilməyəcəyini deyir: “25 ildir ki, şəkər xəstəliyindən əziyyət çəkirəm. Bir dəfə infarkt keçirmişəm. Heç bir təqsirim olmadan əməliyyatdan qayıtdığım gün 15 il işlədiyim Suraxanı QİS-dən qovuldum. İşsizəm, dilənməyi də bacarmıram. Bəs mən nə etməliyəm? Prezidentə dəfələrlə göndərdiyim məktuba cavab ala bilmirəm. Hara gedim, kimə müraciət edim bilmirəm”.
“Əlil olduğu üçün işdən çıxarmışıq”

Problemə münasibət öyrənmək üçün Suraxanı QİS-in rəisi Hacı Şahbazovla əlaqə saxladıq. O, Rza Quliyevi əlilliyinə görə işdən azad etdiklərini bildirdi: “Onun əlillik qrupu həmin işi görməyə imkan vermir. Biz qanunsuz heç nə etməmişik. Hər şey qanun çərçivəsindədir. Bizə bir neçə nəfərin işdən çıxarılması ilə bağlı «Azəriqaz»dan məktub gəlib. Məktubda təkcə, Rza Quliyevin yox, başqalarının da adı var idi. Siyahıdakıların hamısı əlildir”. “Bəs indiyə qədər bu insanlar həmin işi necə icra ediblər?” - sualına Hacı Şahbazov “mən bilmərəm” - cavabını verdi.

Nazirlər Kabinetinin qərarına görə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı ilə mülkiyyət və təşkilatın hüquqi formasından asılı olmayaraq bütün idarə və təşkilatlarda sosial müdafiəyə ehtiyacı olan, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların (o cümlədən əlillərin) məşğulluğunu təmin etmək üçün kvota tətbiq olunmalıdır.

Rza Quliyev Suraxanı QİS-nin 1 saylı sahəsində çalışıb. Həmin sahənin rəisi Eldar Həsənov isə R. Quliyevin işdən çıxarılma səbəbini müqaviləsinin vaxtının bitməsi ilə əlaqələndirdi: “Bizə məlumat verildi ki, müqaviləsinin vaxtı bitib. Onun əsasında işdən çıxarıldı. Mənə deyilən səbəb budur”.
Şikayətçi 1998-ci ildən Azəriqazda çalışdığını deyir. Suraxanı QİS də Azəriqaz İB-nin tərkibindədir. Bu baxımdan Rza Quliyevin 1998-ci ildən eyni müəssisədə çalışıb, eyni müəssisə ilə əmək müqaviləsi bağladığı məlum olur.

Qanunla

Əmək Məcəlləsinin “Əmək müqaviləsinin müddəti” adlı 45-ci maddəsində deyilir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Əvvəlki müəssisə indi çalışdığı şirkətin hüquqi varisi olarsa...

Hüquqi Dövlət Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov da deyir ki, Suraxanı QİS əvvəlki şirkətin (Azəriqaz İB) hüququ varisidirsə, əmək müqaviləsi müddətsiz sayıla bilər:
“Yox, əgər hüquqi varisi deyilsə və işçi yenidən başqa profilli şirkətdə işə götürülübsə, yalnız o halda əmək müqaviləsinin vaxtının bitməsi ilə işdən azad oluna bilər”.

Xarici təcrübə

Türkiyədə işəgötürən tərəfindən sözləşmənin ləğvi keçərli səbəblərə dayanır və işçinin yazılı şəkildə özünü müdafiəsi şərti ilə mümkündür. İşçinin işdən azad olunması keçərli səbəblərə dayanmadıqda işdən azadolunma səbəbinin sübut edilməsi işəgötürənin məsuliyyətinə daxildir.
İşdən azadolunmanın keçərsizliyi səbəbi ilə edilən etirazlar 1 ay müddətinə məhkəməyə təqdim olunur. Əgər qəbul edilərsə, şəxs 6 gün müddətində işə başlamaq üçün işəgötürən müraciət etməlidi. Belə olan halda işəgötürən bir ay ərzində onu işə buraxmağa məcburdur. Əks təqdirdə işçiyə məhkəmə ilə təyin edilmiş təzminatı ödəməlidir. (Bizim yol)
Bolgexeber.com