BolgeXeber.Com » Analitika » “Xalq öz hökumətinə layiqdirmi?”

“Xalq öz hökumətinə layiqdirmi?”

24-05-2013, 16:05
Oxunub: 6 103 Canavar sürüsünün başçısı heç zaman qoyun ola bilməz

Jurnalist Çingiz Sultansoyun “Xalq öz hökumətinə layiqdirmi?” yazısını oxuyandan sonra mən bir daha əmin oldum ki, Azərbaycanda bir çox yazarlar ilk baxışdan “ağıllı-ağıllı” maraqlı məqalələr yazsalar da, fikirləri çox zaman həqiqətdən uzaqdır və nəyəsə xidmət edir. Rusdilli yazar olan müəllif sanki nəsə Amerika kəşf edirmiş kimi öz yazısı ilə sübut etməyə çalışır ki, bu məşhur aforizm-fikir səhvdir. Yəni, əslində o sual yox, cavab verir və o cür qənaətə gəlməsini öz subyektiv fikirləri ilə əsaslandırır.

Açığı mən bu yazının mövzusunda dissertasiya-zad yazmaq fikrəndən uzağam. Ancaq məsələ köklü, ictimai fikrə toxunası olduğundan yazıya laqeyd qala bilmədim. Müəllif ilk olaraq qeyd edir ki, “Məşhur fransız yazıçısı və filosofu Şarl-Lui de Monteskyö «Qanunların ruhu barədə» (1748) əsərində yazırdı ki, hər xalqın qanunları «millətin ümumi ruhuna» uyğundur və «əxlaqından qaynaqlanır». «Hər xalq qismətinə layiqdir» fikri də burdan gəlir. Bəlkə də doğru olan bu fikrin iki əsr yarımlıq yaşı var, amma burada hökumət barədə heç nə deyilməyib. Rus dilçisi Serov ensiklopedik lüğətində yazır ki, «xalq və hakimiyyət» barədəki bu ifadə Sardiniya krallığının Rusiyadakı səfiri, yazar Jozef de Mestrin məktubundan götürülüb. Rusiyada on beş ilə yaxın yaşayıb, hətta rus ədəbiyyatına təsir edən Sardiniya səfiri 1811-ci ildə öz hökumətinə yazdığı məktubunda Monteskyenin «qismətinə layiq olan xalq» barədəki məşhur ifadəsini ehtimal ki, təhrif edib... Lüğətin şərhinə görə, bu ifadənin mənası belədir: əgər hökumət pis, əxlaqsız, yalançıdırsa, bunun günahı hökumətinə nəzarət edə bilməyən və onu başının üstündə saxlayan vətəndaşların özlərindədir”.

Bundan başqa müəllif bu ifadəni öz vətəndaş mövqeyini bildirməmdən, öz hüquqqunu müdafiə etməkdən, diktaturaya qarşı mübarizədən qorxanlar, bunu etiraf etmək istəməyənlər üçün tutarlı bəhanə sayır. Bir növ, dolayısı ilə müəllif demək istəyir ki, bu populyar fikir, avtoritar rejim olan bizim iqtidara sərf edir. Çünki,cəmiyyətin şüuraltına bədbinlik, çıxımazlıq hissi aşılayır. Ancaq mənə elə gəlir ki, əslində bu məşhur fikrin necə ifadə olunması sırf texniki məsələdir. Əsas sözün canı, mahiyyətidir. Yəni bu deyimi sırf hərfi, leksik mənada qəbul etmək, yozmaq düzgün deyil.

Diktaturaya qarşı mübarizə aparmağa bizim cəmiyyətə ciddi heç nə mane olmur. Misirdə xalqın yüksək şüura malik olması elə misirlilərin 17 gün gecə-gündüz Hüsnü Mübarək istefa verməyənəcən Təhrir meydanından çəkilməməsindən bilinir. Bizdə hal-hazırda camaatın, ölkədə vəziyyət nə qədər pisləşsə də bir saat belə rahatçılığını qurban verərək, küçəyə çıxması inandırıcı deyil. Əlbəttə bu o demək deyil ki, ölkədə hökm sürən avtoritar rejimə, mühitə görə ancaq xalq günahkardır, məsuldur. Diktatura rejiminə görə ilk növbədə hakimiyyətdə olan zay iqtidarlar-cinayətkarlar günahkardır.

Cəmiyyətin şüur səviyyəsinin aşağı olması əlbəttə avtoritar rejimə bəraət qazandıra bilməz. Ancaq onlar, mikrob, parazit kimi xəstə cəmiyyətin leşində, münbit şəraitdə yaranıb inkişaf edirlər. İnsanların cahilliyi ilə qidalanırlar və toplumun xəstə orqanizmi sağalan kimi həmin parazitlər əlüstü məhv olurlar. Çünki onlar sağlam mühitdə nəfəs ala bilməyib, boğulub məhv olurlar.

Fikirləri tənqidə dözməyən müəllif başqa ,ancaq eyni mövzuda olan məqaləsinı istinadən bildirir ki, ”… ən azı Koreya xalqına münasibətdə bu ifadə düz deyil. Axı bu, yarım əsr bundan əvvəl ikiyə ayrılmış eyni xalqdır. İndi, Koreya xalqı hansı hökumətə layiqdir - cənubdakına, yoxsa şimaldakına? Bəs, hələ iyirmi beş il bundan əvvələ qədər ikiyə bölünmüş böyük alman xalqı hansı hakimiyyətə layiq idi? Şərqi Almaniyadakı kimi totalitar, yoxsa Almaniya Federativ Respublikasındakı kimi demokratik hökumətə? Bəs, Misir xalqı hansı hökumətə layiqdir? Axı de Monteskye və de Mestrə inansaq, bircə il, on ay əvvəl o Mübarəkin hakimiyyətinə layiq idi. Bəs indi?

Yox, burada nəsə düz gəlmir. Axı ola bilməz ki, bir kəlam, bir fikir eyni bir vəziyyətdə işləyib, digər eyni vəziyyətdə işləməsin? Axı dəyişməyən, heç kimin dəyişə bilməyəcəyi məntiq və fikir qaydaları var...”,İvan İlyinin “«Axı necə ola bilərdi ki, rus xalqı beynəlxalq yalana və zorakılığa, tarixdə görünməmiş totalitar təqib və terror sisteminə, inqilabçı işğal və basqıya «layiq» olsun?» sözünü fikrinə dayaq tutur.

Müəllif qlobal-qlobal danışsa da adi şeyi-faktı nəzərdən qaçırır. Ya bilərəkdən, ya da bilməyərəkdən nəzərə almır ki, bu fikir Monteskyödən, Jozef de Mestrdən və başqalarından da əvvəl 7-cı əsrdə Məhəmməd Peyğəmbər vasitəsilə insanlara nazil olan Quranda deyilib. Hər halda bu fakt mübahisə predmeti ola bilməz. Quran bildiyimiz kimi iddia olunan kimi de Monteskyenin sözü kimi təhrif olunmayıb və Allahın sözü səhv ola bilməz. Əlbəttə müəllif ateist ola bilər, çoxlu kitab oxuya bilər. Ancaq bu həmin firkin mahiyyətinin düz olmasına mane ola bilməz. Normal məntiqlə “Hər bir qövm öz rəhbərinə layiqdir” fikri səhv deyil və bunu başa düşmək üçün elə də böyük ağıl sahibi olmağa ehtiyac yoxdur. Misir, Tunis, Liviya, Suriya, Yəməndə kütləvi etirazlar heç nədən, birdən-birə, duran yerdə yaranmadı. İndi özünü büruzə verən narazıçılıq 10 illərlə yığılırdı, 30-40 il ərzində get-gedə artan templə çoxalırdı. Sadəcə olaraq etiraz mitinqi hansısa günə təsadüf etməliydi və bunun üçün xırda qığıcım, bəhanə belə bəs etdi.

Bizdə Facebook əsas etibarı ilə əyləncə olduğu halda orada o da, Tvitter də mübarizə üçün vasitə, siqnal oldu. Yəni onlar, bizdən fərqli olaraq onsuz da mübarizə, etiraz üçün alışıb yanırdılar, iqtidarlarından boğaza yığılmışdılar. Şərqi Almaniyada (ADR) yaşayanlarla Qərbi Almaniyada (AFR) yaşayanlar, Cənubi Azərbaycanda yaşayanlarla buradakılar eyni xalq olsalar da ADR və Cənubi Azərbaycan başqa ölkə tərəfindən zəbt olunmuşdur deyə burada fərqlər təbiidir və başadüşüləndir. Eynilə Şimali Koreya, faktiki olaraq SSRİ tərəfindən zəbt olunmuş bir sıra Şərqi Avropa ölkələrində (Rumıniya, Bolqarıstan, Macarıstan, Yuqoslaviya, Çexoslavakiya, Polşa) yaşayan xalqların seçim imkanı olmayıb.

Ancaq bununla belə ADR-də həmin Şərqi Avropa ölkələrində sosializm rejimi hökm sürsə də Pribaltika ölkələrini çıxmaq şərtilə SSRİ-nin tərkibinə daxil olan 15 sovet respublikasındakı qədər dikatura olmayıb. Onlarda həmişə azadlığa meyillik, qismən azadlıq olub. Buna Macarıstan, Praqa və sairə hadisələri misal göstərmək olar. Çünki həmin ölkələrdə özü bizim cəmiyyət kimi zay olmayıb. Bir çox sovet respublikaları, məsələn Litva, Latviya, Estoniya, o cümlədən Azərbaycan bildiyiniz kimi SSRİnin tərkibinə heç də xoşluqla yox, zorla qatılıb. Rusiyanın özünə qalsa isə bu ölkədə bolşeviklərin inqilabı ona görə qələbə çaldı ki, Rusiya xalqı müharibələrdən və onun gətirdiyi aclıqdan, qurbanlardan bezmişdi. Kommunizm idealogiyası ilk baxışdan, sözdə çox ədalətli idi və yaxşı həyat vəd edirdi, əhalinin ürəyindən xəbər verirdi.

Bildiyimiz kimi SSRİ-də siyasi azadlıq olmasa da müsbət cəhətlər də az deyildi. Müəyyən mənada rus xalqı aldanılmışdı və bunu anlayandan sonra isə artıq gec idi. Tarix onu göstərir ki, hər bir xalq öz rəhbərinə həqiqətən layiqdir və tay-tayı tapar. Bu fikir hər zaman, hər yerdə qüvvədədir, bütün vəziyyətlərdə işləyir. Məgər cəmiyyət qeyri-demokratik hökumətə etiraz etməməlidir!? Yoxsa bizdə adamları zorla, kütləvi olaraq başına tapança dirəyib məcburi müəllim, polis sıralarına salırlar?! Əksinə, bizim camaat özü pul-rüşvət verib, yalvarıb, növbəyə durub polisə girir ki, sonra da səlahiyyətindən süni istifadə edib qanunsuzluq edib pul qazansın.

P.S. Bəziləri elə düçünə bilər ki, mən populyar, ”avtoritet” yazarın yazısını tənqid etməklə şou əhli kimi özümü reklam etmək istəyirəm. Ancaq açığı, əksinə, mənim imkanım olsaydı istərdim müəllifin adını heç bildirməyim. Çünki mənasız yerə onu reklam olunmasını istəmirəm. Mən özlərini demokrat adlandıran və əsasən xaricdən maliyyələşən bir sürü yazarı, onalar yüzlərlə şübhəli mükafat alsalar da, elə də ciddi qəbul etmirəm. Sadəcə olaraq 5-10 kitab oxuyurlar, 1-2 dil bilirlər, iqtidarı pisləyirlər və bununla da özlərini demokratik düşüncəli şəxs kimi təqdim, reklam edirlər. Lakin insanın ilk növbədə təkcə sözü yox, əməli də demokratik olmalıdır.

P.S.S. Maraqlıdır, görəsən dinamitin ixtiraçısı A.Nobel “Hər bir demokratiya alçaqların diktaturasına gətirib çıxarır” söyləməklə nəyi demək istəyirdi?! Bir də, onu deyim ki, ”canavar sürüsünün başçısı heç zaman qoyun ola bilməz”.