BolgeXeber.Com » Analitika » Ziya Məmmədov “Akkord” rəhbərliyi ilə dalaşdı

Ziya Məmmədov “Akkord” rəhbərliyi ilə dalaşdı

28-09-2013, 16:05
Oxunub: 4 170 Nəqliyyat naziri yağışın tunel və yeraltı keçidlərdə yaratdığı fəsadlara görə şirkətlə əməkdaşlığı dayandırdığını bildirib
Sentyabrın 23-dən 24-nə keçən gecə Bakı və Abşeron yarımadasında yağan güclü yağış paytaxtın bir çox yollarında, tunellərdə və avtomobil keçidlərində hərəkəti iflic etdi. Bakının bəzi əsas küçə və prospektlərində səhər saatlarından tıxaclar yarandı.
Bolgexeber.com “Unikal”a istinadən xəbər verir ki, paytaxt yollarında yaranmış biabırçı situasiya nəqliyyat naziri Ziya Məmmədova məruzə edilib. “Nazir baş verənlərdən qəzəblənib və təcili iclas çağırıb. İclasda üç gün əvvəlki yağış zamanı yeraltı tunel və keçidlərdə baş verənlər müzakirə edilib.
Ziya Məmmədov xüsusilə bu cür sifarişlərin əsas icraçısı olan “Akkord” şirkətinə öz kəskin iradlarını çatdırıb. Şirkət direktorunu yaşananlara görə danlayan nəqliyyat nazirinin olduqca sərt bir qərar verdiyi də bildirilir. Belə ki, adıçəkilən şirkət bundan sonra Nəqliyyat Nazirliyinin tunel və yeraltı keçidlərin inşası ilə bağlı sifarişlərinin icraçıları arasında yer almayacaq" deyə, xəbərdə bildirilir.
Qeyd edək ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” baş verənlərlə bağlı üç gün əvvəlki açıqlamasında bildirib ki, 7-ci mikrorayon istiqamətindən gələn sel sularını yağış sularının drenaj xətləri tam olaraq qəbul edə bilmədiyi üçün sel Atatürk və Ziya Bünyadov prospektləri ilə “Gənclik” metro stansiyası tərəfə istiqamətlənib. Bu səbəbdən “Gənclik” metro stansiyası ətrafında yeni inşa edilən “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı"nda su yığını əmələ gəlib. “Tunelə yığıla biləcək yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan 1 saylı nasos stansiyasının gücü sellə yığılan su yığıntısını tam olaraq kənarlaşdıra bilmədiyi üçün operativ olaraq fövqəladə vəziyyət üçün əvvəlcədən nəzərdə tutulmuş 2 saylı nasos stansiyası işə salınıb və sel suları tunellərdən nəqliyyatın hərəkəti məhdudlaşdırılmadan qısa müddətə kənarlaşdırılıb. Sel sularının yığılması və kənarlaşdırılması zamanı tunellərə heç bir ziyan dəyməyib, hazırda tunellərdə nəqliyyatın hərəkətinə heç bir maneə yoxdur" deyə, şirkətin açıqlamasında bildirilirdi.
Amma görünür ki, bu izahatı Ziya Məmmədova yetərli hesab etməyib.