BolgeXeber.Com » Analitika » Deputatın adamlarının müdhiş oğurluğu

Deputatın adamlarının müdhiş oğurluğu

29-09-2013, 09:10
Oxunub: 4 110 Parlament üzvünün başı dərddə; Hacı Salayevin “Trust” Mühafizə Şirkətinin əməkdaşları “Pepsi-cola” şirkətindən strateji məhsul oğurlayıblar; işə MTN-in qarışdığı, həbslərin aparıldığı deyilir
Parlamentdə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsini təmsil edən deputat Hacı Salayev çox ciddi problemlə üzləşib. “Yeni Müsavat”a bu barədə daxil olan məlumata görə, deputata məxsus uzun illərdi fəaliyyət göstərən “Trust” Mühafizə Şirkətinin əməkdaşlarının etdikləri müdhiş oğurluq Hacı Salayevin başına dərd açıb. Xəbərdə qeyd olunur ki, “Trust” Mühafizə Şirkətinin 3 min nəfərdən çox əməkdaşı var. Ölkədəki xeyli obyektlərin mühafizəsi bu şirkətin əməkdaşları tərəfindən həyata keçirilir.
Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin burdakı nümayəndəlikləri və digər obyektləri var. “Trust”un əməkdaşlarının mühafizə etdiyi böyük şirkətlər arasında “Pepsi-coca”la şirkəti də var. Məlumatda bildirilir ki, 15-20 gün öncə bu şirkətin mühafizəçiləri “Pepsi-coca”ladan oğurluq ediblər. İlkin xəbərlərdə onlar böyük miqdarda “Marqans” kimi tanınan Kalium permanqanat adlanan maddə oğurlayıblar. Həmin maddədən “Pepsi coca”la və digər sərinləşdirici maddələrin istehsalında istifadə edildiyi bildirilir. Eyni zamanda ondan bəzi partlayıcı maddələr hazırlanmasında da istifadə olunur. Xəbərdə o da qeyd olunur ki, şirkətdən oğurluq faktının üstü açılandan sonra əvvəlcə bu məsələni öz aralarında həll etmək istəyiblər. “Pepsi -coca” ilə “Trust” arasında aparılan danışıqlar vasitəsilə nəticə əldə olunmadığından iş hüquq-mühafizə orqanlarının səlahiyyətinə verilib. Məlumatda bildirilir ki, iş böyüdüyündən məsələyə Milli Təhlükəsizlik Nazirliyi (MTN) də qarışıb. Bundan sonra “Trust”da həbslər həyata keçirilib və xeyli şəxs saxlanılıb. Hətta məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları Hacı Salayevin özü ilə də qeyri-rəsmi söhbət aparıblar. Deputat toxunulmazlığı olduğu üçün onun rəsmən dindirilməsi mümkün deyil. Buna görə də, hələlik o, rəsmən dindirilməyib. Amma bununla belə araşdırmalar və dindirmələr davam edir.
Bu oğurluq faktının üstü açılandan sonra “Trust”un bütün mühafizə sistemi alt-üst edilib, şirkətin mərkəzi ofisində axtarış aparılıb. Hazırda əməkdaşların işə götürülməsi üçün müəyyənləşdirilən qaydalara əməl edilib-edilməməsi, mühafizəyə götürülənlərin kimliklərinin lazımi qaydada araşdırılıb-araşdırılmadığı, oğurluğun hansı məqsədlə edildiyi, oğurlanan maddənin hansı təyinat üzrə istifadə edilməsinin nəzərdə tutulduğu barədə ciddi araşdırma aparılır.
Qeyd edək ki, Hacı Salayev hüquq-mühafizə orqanlarının ehtiyatda olan polkovnik-leytenantıdı.
O, 2010-cu ildə deputat olandan sonra “Trust” Mühafizə Şirkətini Azad adlı keçmiş Xüsusi Şöbənin polkovnikinə tapşırıb. Amma həm hüquq-mühafizə orqanları, həm də digər dövlət qurumları “Trust”un məhz Hacı Salayevə məxsus olduğunu bilirlər. Bundan başqa Hacı Salayevin digər biznes obyektləri də var. Hacı Salayev həm də parlamentin az danışan və az-az görünən deputatlarındandı.
Bir müddət öncə isə bəzi saytlar yazmışdı ki, Hacı Salayev son dövrlər yaxın ətrafına prezident seçkilərindən sonra nazir olacağını deyirmiş. Məlumata görə, o, Naxçıvandan olan nazirlərdən birini əvəzləyəcəyini söyləyirmiş.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.