BolgeXeber.Com » Analitika » Cavid Qurbanov bu ölkənin pullarını niyə havaya sovurur?

Cavid Qurbanov bu ölkənin pullarını niyə havaya sovurur?

30-09-2013, 08:30
Oxunub: 3 255 “Azəryolservis” ASC-nin prezidenti 130 minə axsaq voleybolçu aldı

Bu yaxınlarda Almaniyada başa çatan voleybol üzrə Avropa çempionatında Azərbaycan millisi uğursuz çıxış etdi. Millimiz qrupda keçirdiyi hər 3 qarşılaşmada məğlub olmaqla biabırçı nəticəyə imza atdı.

Bu, Azərbaycan voleybolunun fiaskosu idi. Milyonlarla vəsait müqabilində əcnəbi voleybolçuları Azərbaycana gətirib mövsümi uğurlar əldə etmək istəyən Voleybol Federasiyası yerli idmançıların yetişməsi üçün qara qəpik də xərcləmir. Düşünmək olardı ki, Almaniyadakı biabırçılıqdan sonra nəqliyyat naziri Ziya Məmmədovun başçılıq etdiyi federasiya uğursuzluqdan nəticə çıxaracaq, Azərbaycanın vəsaitini əcnəbilərə yox, yerli idmançıların yetişməsinə sərf edəcək. Ancaq vəziyyət dəyişməyib. Bu günlərdə məlum olub ki, “Azəryol” klubu Almaniya millisinin kapitanı Marqareta Kozuxu transfer edib. Onunla ilin sonuna qədər müqavilə bağlanıb. 3 aylıq müqaviləyə görə Kozuxa 130 min dollar ödəniləcək.

Hər ay üçün təxminən 45 min dollar... Maraqlıdır ki, Kozux hal-hazırda zədəlidir və ən azı bir aydan sonra meydana çıxa biləcək. Daha maraqlısı odur ki, zədəli olan və formaya nə vaxt düşəcəyi bilinməyən voleybolçuya görə bu qədər vəsait niyə ödənilib? O, kimə və nəyə gərəkdir? Azərbaycana külli miqdarda pulun müqabilində gəldiyini və zədəli olduğunu Kozux özü də etiraf edib.

Voleybolçu Almaniya mətbuatına verdiyi açıqlamada bu haqda danışıb: “Bundan sonra hələ ən azı bir ay oynaya bilməyəcəyəm. Bakıya yollanıb komandaya qoşulacağım tarix də bilinmir. Bu, müayinənin nəticəsindən asılı olacaq. Əlbəttə, Azərbaycana getməyimdə maliyyə məsələləri vacib, hətta deyərdim ki, həlledici oldu”. Voleybolçunun açıqlamasından aydın görünür ki, onun zədəsinin nə vaxt sağalacağı məlum deyil. Amma onunla müqavilə bağlanıb. Bəs müqavilə bağlanarkən və ona külli miqdarda vəsait ödənərkən hansı peşəkar amillər əsas götürülüb? Bu suallara Foleybol Federasiyası, “Azəryol”un rəhbərliyi aydınlıq gətirməlidir.

Xatırladaq ki, “Azəyrol”un himayəçisi “Azəryolservis” ASC-nin prezidenti, deputat Cavid Qurbanovdur. (virtualaz.org)