BolgeXeber.Com » Analitika » Oqtay Şirəliyevin səhiyyəsində "dolya verin" problemi

Oqtay Şirəliyevin səhiyyəsində "dolya verin" problemi

8-10-2013, 12:20
Oxunub: 3 762 Cənab nazirin rəhbərlik etdiyi sahədə baş verənlərə susqun münasibətində isə bizcə, müəyyən mətləblər gizlənir

Dialektika qanunlarını baş-ayaq qavramaq kimi absurd bir nəticə ortaya qoymuş bu yenilik səhiyyəmizdə yaxşı nə vardısa, hamısını para süzgəcindən keçirərək minlərlə insan taleyinə bir zülmət pərdəsi çəkib. Pərdə arxasına nəzər salan xəstə ikrah içində üz çevirərək baş götürüb gümanı gələn yerə gedir. Ola bilsin səhiyyə obyektlərindəki mövcud səliqə-səhman da elə bu amillə bağlıdı. Palatalarına az qala süpürgə çəkilmiş bəzi sağlamlıq mərkəzlərində həkimlər xəstə görəndə elə bil gözlərinə işıq gəlir.
Lakin bu işıq şeytanın qıcıqlandırdığı həkim nəfsinin parıltısıdı, sağalmaq arzusu ilə yaşayan xəstəhal adamı hipnoz edir. Varını-dövlətini son qəpiyinəcən müalicəsi yolunda qoyan nə qədər xəstələr görmüşük. Cib boşalanda isə məlum olub ki, həkimin səhvi üzündən müalicə düzgün aparılmayıb. Yəqin belə dəhşətli faktlara sizlərin də şahidliyi var. Belə həkimliyin kimə və nəyə xeyri var. Səhiyyə naziri hansı üzlə teleekranlara çıxıb gündə bir obyektin açılışı barədə raport verir? Axı bu sağlamlıq ocaqlarının hamısı ölkə rəhbərliyinin gərgin və məhsuldar fəaliyyəti ilə bağlıdır. Bunu sizlərdən çox xahiş edirəm, səhiyyəmizə qarşı təxribat kimi qəbul etməyəsiniz. Nazirin təxribat sözündən xoşu gəlmir. Baxmayaraq ki, onun parabaz həkim kadrlarının böyük bir qismi milli əzrayıl obrazında simasızlaşaraq öz ölkəsinin ən qiymətli və əvəzsiz insan potensialını ölüm kombaynı ilə çəkib-biçir. İnsan həyatına qarşı bu qədər biganəlik hardandı axı bizim həkimlərdə?
Hər kəsə məlumdur ki, müalicə üçün tələb edilən qeyri-rəsmi ödənişləri heç bir həkim çalışdığı müalicə müəssisəsinin rəhbərliyi ilə razılaşdırmadan qəbul edə bilməz. Digər tərəfdən, xəstə üçün onu müalicə etməli olan həkimin peşəkarlığı xüsusi önəm daşıyır. Peşəkar həkimləri isə Oqtay müəllimin əyrimdolay səhiyyəsində indi barmaqla saya bilərsiniz. Onların böyük əksəriyyəti ölkəni artıq tərk edib. Bir qisim həkimlər isə dözümsüz şəraitdə öz təmiz vicdanının bir növ girovuna çevrilib. Meydan sözdə peşəkar pul hərislərinindir. Vay o gündən ki, ödəniş qabiliyyətin olmasın.
Bu mənada belə qənaətə gəlmək olar ki, imkanlıların pul kisəsinə olan həkim marağı kisənin razmerindən asılı vəziyyətdədir. İmkansız xəstələrin müalicəsinə isə həkim sayğısızlığı var. Bu da ölkənin tibb ocaqlarını başına götürmüş "dolya verin" problemi ilə əlaqədardır. Az qala hər gün yeni bir tibbi müalicə mərkəzinin bütün lazımi avadanlıqları ilə istifadəyə verildiyi bu ölkədə kim gözləyərdi bu gözgörəsi biabırçılıqları? Onu da qeyd edim ki, eşitdiyimə görə, Oqtay Şirəliyevin səhiyyəsi üçün "dolya verin" nədənsə dərman müalicəsindən kəskin şəkildə fərqlənir. Bu fərqi daha çox xəstələr hiss edir. Amma dinib-danışan, səsini çıxaran yoxdur. Öz aramızdı, cərrah bıçağı altında kim həyatıni risq qarşısına atar, elə deyil? Cənab nazirin rəhbərlik etdiyi sahədə baş verənlərə susqun münasibətində isə bizcə, müəyyən mətləblər gizlənir. Həmin mətləblərdən agah olmasaydı, bəlkə də öz kadrlarına qarşı daha tələbkar olardı. İnanın, hörmətli Oqtay müəllimin qoca qulluğunda oturub özümüzdən yeni bir "amerika" açmırıq. Onsuz da səhiyyəmizdəki açılmamış "amerika" qalmayıb. Qalıbsa da, onun ünvanını səhiyyəmizin qocaman "atlantından" soruşun. gundelik-baku