BolgeXeber.Com » Analitika » Ucuz təbliğat...

Ucuz təbliğat...

8-10-2013, 12:40
Oxunub: 4 685 Səhv etmirəmsə, proletariatın dahi rəhbəri Vladimir İliç Lenin deyirdi ki, təbliğat çox incə məsələdir. Bəzən kimisə, nəyisə təbliğ eləmək, tərifləmək istəyəndə əks-effekt verir, yəni anti-təbliğat alınır. Bizim müdrik atalarımız demişkən, qaş düzəldən yerdə vurub gözünü də çıxarır. Ruslar buna "medvejiy usluq”, yəni "ayı xidməti” deyirlər.

Diqqətimi bizim atalar sözümüz qəfil cəlb etdi. Qaş düzəldən yerdə vurub gözünü çıxarmaq. Deməli, o zamanlarda qaş düzəltmək-filan var imiş. İndi adını qoyublar nə bilim makiyaj-filan. Nə isə, qayıdaq təbliğat və anti-təbliğat məsələsinə...

Ümumiyyətlə, ən pis, bayağı şey ucuz təbliğatdır. Bizim telekanallar hər gün ucuz təbliğat aparır: Ermənistan çökür...ermənilər acından qırılır... Mən şəxsən bunun əleyhinəyəm. Vaxtilə sovet hökuməti təbliğ edirdi ki, Hitler dəli, səy olub. Sonra başa saldılar ki, ay kişilər, biz 5 il dəliyə qarşı vuruşmuşuq? Biz 30 milyon əsgərimizi dəliyə görə itirmişik..? Sözümün canı odur ki, belə şeylər gülməlidir...

Axı, çökən, əhalisi acından qırılan ölkə bizim ərazilərimizin 20 faizini 20 ildir necə işğalda saxlayır? Vallah, belə təbliğat ayıbdır...

Ermənistanın çökməsini, ermənilərin acından qırılmasını deyəndən sonra...bizim telekanallar elan edir ki, ölkəmizdə ürək-damar xəstəliyindən ölənlərin sayı sürətlə artır, hətta xəstəlik xeyli cavanlaşıb. Yəni əvvəllər 40-50 yaşdan sonra insanlar ürək-damar xəstəliyindən, infarktdan ölərdilər, indi isə xəstəliyin yaşı 30-a enib. Sonra isə bir həkim-eksperti danışdırırlar. Guya bizim camaat o qədər ət yeyir, yağlı yeməklər yeyir ki, ürək xəstəliyinə tutulur. Guya insanlarımız dana ətinə, yağlı qoyun ətinə çox meylli olduqları üçün əksəriyyəti ürək-damar xəsətəliyinə düçar olurlar, infarkt keçirib dünyadan köçürlər.

Belə çıxır ki, ermənilər aclıqdan, bizimkilər isə toxluqdan ölür. Ancaq gözümün qabağından bəzi qara-qura mənzərələr gəlib keçdi. Axı, əhalimizin 1 milyon nəfəri, yəni təxminən 7-dən, 8-dən biri, yəni 10-15 faizi yerindən-yurdundan didərgin düşmüş, heç bir şəraiti olmayan tələbə yataqxanalarında, yarımçıq tikililərdə 20 ildir məskunlaşmış qaçqınlar və məcburi köçkünlərdir. Axı, bu boyda dərdə, çətin şəraitə kim 20 il dözə bilər. Deməli, bunların içərisində yaşından asılı olmayaraq xeyli sayda ürək-damar xəstəsi olan var. Biz bunu niyə gizlədirik..? Bunu niyə dünyaya car çəkmirik..? Deyirik ki, bizim camaat yağlı yeməkləri çox yeyir ona görə infarkt olur...

Ay qardaş, hansı yağlı-ətli yeməkdən danışmaq olar..?

Biz neçə ildir ki, TEKSUN adlı yağdan istifadə edirik, bu yağın içində yağdan başqa nə desən var. Teksun ürəyi, damarı piyləndirmir, axı.

Deyirsiniz ki, ürək-damar xəstəliyi xeyli cavanlaşıb, hətta cavanlar da ürəklərindən şikayətçidir. Yağlı yedikləri üçün..?

Əşi, cavanlarımızın ürəyini partladan eşqdir, məhəbbətdir, vətənə olan sevgidir...

Yazıq cavanlarımız evlənmək, vüsala qovuşmaq, canlarının ağrısını çıxartmaq istəyirlər. Ancaq əksəriyyəti evsiz-eşiksiz. İpoteka kreditini də elə şərtlərlə verirlər ki, götürməsən yaxşıdır... Siz hansı çox yeməkdən danışırsınız..? Orta səviyyəli azərbaycanlı ailəsi bir tikə kolbasanı yarım çörəyin arasına qoyub uşağına verir...

Kasıb ailələrin çoxu bir broyler toyuğunu bir həftəyə yeyib qurtara bilmir...

Budur, dediyimiz yağlı-ətli yeməklər..?



Kamran MƏHƏRRƏMLİ