BolgeXeber.Com » Analitika » Azərbaycana qarşı ikili standartlar illərdən bəridir ki, davam edir

Azərbaycana qarşı ikili standartlar illərdən bəridir ki, davam edir

25-01-2024, 15:50
Oxunub: 6 464
Bəzi ermənipərəst dairələrin, beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətlərində ikili standartlar illərdən bəridir ki, eyni koordinatlar istiqamətində davam edir.

Azərbaycan 2001-ci ildən bəri -AŞ PA-ya üzv olduğu vaxtdan özünü etibarlı tərəfdaş kimi aparıb. Ölkəmiz bu qurumdakı fəaliyyəti dövründə qaldırılan məsələlərlə bağlı hər zaman ədalətli mövqe sərgiləyib. Amma təəssüf ki, AŞ PA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etməyib. Qərbdəki anti-Azərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər və bu gün də eyni siyasət davam edir.
Amma qətiyyətli, prinsipial, düşünülmüş siyasəti ilə ən təhlükəli zamanlarda ölkəmizə qarşı bütün təhdidlərin qarşısını alan Prezident İlham Əliyev həmin təşkilatlardan daha demokratik, ədalətli, humanist, beynəlxalq hüquqa hörmətlə yanaşan siyasətçi olduğunu bütün dünyaya bəyan etdi. İkinci Qarabağ müharibəsindəki Qələbəmizi sükutla qarşılayan AŞPA Ermənistana dəstəyini 2023-cü il sentyabrın 19-da «Dağlıq Qarabağda humanitar vəziyyət»” adlı tövsiyəsi ilə də bildirib. Həmişəki ənənəsinə sadiq qalan qurumun sənədində yenə də saxta arqumentlərə əsaslanılaraq qeyd edilib ki, guya Qarabağın erməni əhalisi fiziki «məhv olmaq” təhlükəsi» və Azərbaycanın hakimiyyətinin «ermənifobiya siyasəti»” səbəbindən öz «vətənini» tərk edir. Amma ermənilərin Laçın sərhəd- keçid məntəqəsindən öz maşınları, onlar üçün ayrılmış nəqliyyat vasitələri ilə sərbəst getdiklərini təsdiqləyən mənzərələri, erməni separatçılarının işğaldan azad olunmuş Azərbaycan ərazilərində basdırdıqları minaların qurbanı olan günahsız soydaşlarımızın acı taleyini xatırlamaq nədənsə «yada düşməyib.» Qərbi Azərbaycandan Ermənistanın etnik siyasətinin qurbanı kimi, qovulan, Xocalı soyqırımında qətlə yetirilən, qışın şaxtasında meşələrdə soyuqdan donan azərbaycanlıların kütləvi qırğınlarını xatırlamaq istəmirlər.
Bununla kifayətlənməyən AŞPA oktyabrın 12-də Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqətdən uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, qərəz və yalanlardan qaynaqlanan qətnamə və tövsiyə sənədi qəbul edib. Təbii ki, Azərbaycanın AŞPA-da təmsil olunan nümayəndə heyəti bununla bağlı etiraz bəyanatı yayıb. Erməni təəssübünü növbəti dəfə gündəmə gətirən gözü kor, qulağı kar avropalı parlamentarilər regionda mövcud münaqişənin kökündə Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının, təcavüzün, hərbi cinayətlərin, terrorların dayandığını qeyd etməyi «unudublar.» Bu, əslində, Avropa Şurasının Azərbaycana göstərdiyi ədalətsiz yanaşmanın növbəti təzahürüdür. Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədləri təhrif edilərək, ölkəmizə qarşı əsassız iddialar səsləndirilir, qanunsuz erməni hərbi birləşmələrinin təxribatları təbii qəbul edilir.
Azərbaycana qarşı böhtan kampaniyalarında daha çox canfəşanlıq edən, daşnak lobbisinin maliyyələşdirdiyi AŞPA-nın, korrupsiya əməlləri sübuta yetirilən Avropa Parlamentinin ermənipərəst deputatlarının iştirakı ilə ölkəmiz əleyhinə qəbul olunan əsassız sənədlərin nəticəsi idi ki, artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin həlli 30 ildən sonra mümkün oldu. Maraqlı dövlətlər tərəfindən bilərəkdən yaradılan « münaqişə» ilə bağlı bütün sənədlərdə Ermənistanın təcavüzkarlıq, etnik təmizləmə, separatçılıq əməlləri dəstəklənir, haqlı tərəf kimi torpaqlarının bərpası uğrunda mübarizə aparan Azərbaycandan müstəqilliyimizə təhlükə yaradan bəzi güzəştlərlə razılaşmaq tələb olunurdu. Artıq həmin dairələrə qalib Azərbaycanın birmənalı və tutarlı sözü budur: Keçmiş olsun!

 
Şəmsiyyə Abbaszadə - Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi