BolgeXeber.Com » Analitika » Azərbaycanın beynəlxalq aləmdə hörməti günbəgün artır

Azərbaycanın beynəlxalq aləmdə hörməti günbəgün artır

19-12-2023, 10:41
Oxunub: 8 144

Azərbaycanın beynəlxalq aləmdə hörməti günbəgün artır


Dünya praktikasında yüzillər boyu belə bir aksioma mövcuddur "Qalibi mühakimə etmirlər", "Haqqlı olduğunu sübut etmək istəyirsənsə güclü ol". Bizim son 30 ildə apardığımız siyasət humanist və beynəlxalq hüququn tələb etdiyi normalara söykənmişdir. Lakin bizim bu mədəni və humanist addımlarımıza qarşı adekvat addım atılmayıb. 44 gün ərzində apardığımız ədalətli müharibə nəticəsində bütün dünya son yüz ildə görmədiyi ədaləti qəbul etmək məcburiyyətində qaldı. Dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Qeyd edək ki, COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdür. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri çəkib. Azərbaycan Respublikası Prezidenti tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olub.

Vətən müharibəsində qazandığımız şanlı Zəfər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə olması bütün dünya ictimaiyyətinə məlumdur. Beynəlxalq aləmdə uğurlu nəticələr əldə edilməsi bəzi dairələri həddən artıq narahat edirdi. Bu həmin qüvvələrin apardığı antidemokratik siyasətin uğursuzluğuna da bir nümunə oldu. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Azərbaycan Respublikasının Prezidenti bu təşəbbüsü ilə dövlətimizin qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq. 2023-cü il Azərbaycanın öz suverenliyini tam bərpa etməsi ilə tariximizə qızıl hərflərlə yazıldı. Bu möhtəşəm ili növbəti qələbə ilə yekunlaşdırırıq.

Növbəti ildə baş verəcək prezident seçkilərində bütün dünya cənab İlham Əliyevin gücünün haradan qaynaqlandığının bir daha şahidi olacaqdır.


Hümmətov Həsrət - D. Əliyev adına Şahvəlilər kənd tam orta məktəbin direktoru