BolgeXeber.Com » Analitika » Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur

Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur

5-02-2024, 15:14
Oxunub: 5 736

XX əsrin 80-ci illərinin sonları 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan, torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.

Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı.

2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini işğal etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.

Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

Azərbaycan Respublikasının Hərbi doktrinasına əsasən, Ermənistan Respublikasının Azərbaycan Respublikası ərazisinin bir hissəsini işğal altında saxlaması və problemin siyasi yolla tənzimlənməsi çərçivəsində işğal etdiyi əraziləri azad etməkdən imtina etməsi səbəbindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək hüququnu Azərbaycan Respublikası özündə saxlayır. Azərbaycan Respublikası xalqın və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir.

Ötən dövr ərzində çoxşaxəli, prinsipial, dürüst xarici siyasətin yürüdülməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal işin aparılması, sıx əlaqələrin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələri Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini xeyli gücləndirdi, ölkənin nüfuzunu artırdı, bölgədə Azərbaycanın iradəsi həlledici amilə çevrildi.

Bütün bu amillər Azərbaycanın mütləq Qələbəsini tam şərtləndirdi və onun əldə edilməsini zaman məsələsinə çevirdi. Azərbaycan dəfələrlə Ermənistanı işğal etdiyi ərazisini geri qaytarmağa çağırdı, Ermənistan nəinki bu çağırışlara məhəl qoymadı, əksinə, yeni Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndi, ardıcıl hərbi təxribatlar törətmək yolunu seçdi. Ermənistan danışıqlar prosesinin formatını və məzmununu məhv etməklə, danışıqların imitasiyasını aparmaqla, BMT TŞ-nın qətnamə və qərarlarının icra etməməklə sülh tərəfdarı olmadığını açıq şəkildə ortaya qoydu.

“Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır”..... bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib. Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi.

Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Dövlətimizin başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədiyini, son 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam etdiyini bildirdi. Azərbaycan Prezidenti ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrikin, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri”nin sülh prosesinə ciddi zərbə vurduğunu, Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün antiterror tədbirləri keçirməli olduğunu vurğuladı.

Qafqazda dayanıqlı sülhün əldə olunması üçün Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqları daha da intensivləşdirmək və sülh müqaviləsini razılaşdırmaq və imzalamaq vacib şərtdir: "Son vaxtlar sülhün bərpası üçün mövcud olan şəraiti doğru qiymətləndirmək lazımdır. Ümumiyyətlə isə ölkəmizə qarşı beynəlxalq təhdidlərin olmasına baxmayaraq, Azərbaycanın əldə etdiyi şanlı zəfərlərdən sonra Cənubi Qafqazda formalaşmış reallığın, regiondakı mövcud düzənin dəyişilməsi qeyri-mümkündür. Əslində sülh sazişinin imzalanması təkcə Azərbaycanla Ermənistan üçün yox, bütövlükdə Qafqazın inkişafı üçün vacibdir. Azərbaycan bunun üçün əlindən gələni edir, regionda stabilliyin formalaşmasına çalışır".


 

Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məkətbin tarix müəllimi - Elnarə Cəfərova