BolgeXeber.Com » Ölkə » İsrail kremləri ilə xanımlara fırıldaq gələn kimlərdir? - Azərbaycanda

İsrail kremləri ilə xanımlara fırıldaq gələn kimlərdir? - Azərbaycanda

4-05-2015, 14:21
Oxunub: 4 652 İsrail kremləri ilə xanımlara fırıldaq gələn kimlərdir? - AzərbaycandaAzərbaycanın tanınmış aparıcısı Aytən “Ayoka” Səfərova Facebook-dakı şəxsi hesabında bu günlərdə qarşılaşdığı fırıldaqla bağlı məlumat yerləşdirib.

Aytən Səfərovanın məsələ ilə bağlı yazdıqlarını təqdim edirik:

“Deyəsən Azərbaycanda insanlarımızı aldatmaq üçün yeni “loxotron” peyda olub. Oturmuşam, birdən zəng gəlir +99477 2712521 nömrəsindən. Özünü operator kimi təqdim edən xanım deyir:

“Filankəs xanım, salam. Sizi “Yeni həyat” klinikası, VİP Otaqdan (deyəsən belə idi adları) yeni açılan “DeSheli” İsrail kosmetoloji firmasının məhsulları ilə pulsuz tanıtım çərçivəsində pulsuz 1 saatlıq üzə qulluq proseduruna dəvət edirik”.

Əvvəl sevinirəm, sonra isə soruşuram ki, bəs nə vaxt gəlim və nömrəmi haradan götürmüşsünüz?

Cavab: “Sizin rəfiqəniz gəlmişdi və o nömrənizi qoymuşdu. Gələndə şəxsiyyət vəsiqəsini də gətirin, bir də rəfiqələriniz varsa, nömrələrini verin, onları da çağıraq”.

Vəsiqə tələb olunanda bir jurnalist olaraq təəccübləndim. İndiyədək vəsiqəni ya bankdan kredit alanda, ya işə düzələndə, ya da xəstəxanaya əməliyyata girəndə istəyiblər. Hətta VİP-in VİP salonlarında belə vəsiqə istənilmir. Dedim bir azdan zəng edərəm.

Girmişəm Google-yə və axtarış vermişəm… Sən demə xüsusilə Rusiya və Türkiyədə bu firma qadınları aldatmaqla, yarım saatlıq prosedurdan sonra mənşəyi bilinməyən, üstündə isə heç bir tərkibi olmayan kremləri yüksək qiymətlə satır. Müştərinin üstündə pul az olanda isə “nə yaxşı şəxsiyyət vəsiqəsi üstündədir” deyib, kredit sənədləşdirirlər.

Bax belə həmin xanımlar bu kremləri az qala Shiseido, Chanel, YSL və s. qiymətinə alırlar. Mən yenidən həmin nömrəyə zəng edərək, hansı rəfiqəmin mənim nömrəmi verdiyini soruşdum və tələb etdim ki, o rəfiqəmin adını desinlər. Qız sadəcə dedi ki, “mənə nömrələr verilib, mən də ora zəng edirəm”. Soruşdum şəxsiyyət vəsiqəsi nəyinizə gərəkdir, cavab verə bilmədi.

Sonra jurnalist olduğumu bilib-bilmədiklərini, niyə qadınlarımızdan istifadə edib, pul qazanıb aradan çıxmaq istədiklərini soruşdum. Xanım anladı ki, iş şuluqdu. Başladı öskürməyə, səsi tutulmağa və sonra da dəstəyi yerə qoydu.

Əziz xanımlarımız, vaxtilə 3 manatlıq qazanları 3 sual əvəzində su qiymətinə - təxminən 40-50 manata bizə sırıyan arkadaşlar yəqin ki, yadınızdadır. Bu da yəqin onlar qəbildəndirlər. Həmin firmadan burada olanlar varsa başa salsınlar – bu nə oyundur? Və camaatı belə aldatmaq nəyinizə gərəkdir?

Bizim hüquq-mühafizə orqanlarımız çox ayıq-sayıqdır, yəqin bunu da nəzərə alacaqlar və qadınlarımızdan haram yolla pul qopartmaq və ya şübhəli pulsuz kampaniyaların arxasında nə dayandığının iç üzünü açacaqlar. Bütün Azərbaycan xanımlarına hörmətlə, A.S.” – deyə, A.Səfərova yazıb.