BolgeXeber.Com » Ölkə » Sabunçu bazarı natəmizlik içində itib-batır

Sabunçu bazarı natəmizlik içində itib-batır

23-06-2015, 14:54
Oxunub: 12 643 Sabunçu bazarı natəmizlik içində itib-batırSadalamaqla bitmək bilməyən problemlər

Bu gün əksər bazarlardakı durum, oradakı antisanitariya, çəkidə aldadılma, xarab olmuş məhsulların satılması və digər amillər artıq hər kəsə məlumdur. Çünki bazar əhalinin ən çox üz tutduğu məkanlardan biridir desək, yanılmarıq. Adətən böyük və kiçik marketlərə nisbətən qiymətlərin ucuz olması ilə əlaqədər bazarlar tərcih edilir ki, bu da çox zaman bərbad mənzərə ilə qarşılaşmaya səbəb olur.

Qeyd etdiyimiz kimi, bu gün bazarlardakı antisanitariya hər kəsə məlumdur. Və çox təəssüflər olsun ki, bazarlardakı həmin antisanitariyanı yaradan elə satıcılar özləridir. Çünki bazara satış məqsədilə çıxarılan məhsullar xarab olan zaman, həmin məhsulları zibil qutularına atmaq əvəzinə, elə bazarın içinə atırlar. Bu zaman isə təbii ki, bazarda həm görünüşcə, həm də pis qoxudan xoşagəlməz mənzərə yaranır. Əslində həmişə daha çox bazarlardakı qiymətlərdən, qiymətlərin baha olmasından danışmışıq. Bu dəfə isə, bazarlardakı bahalıqdan yox, sanitar-gigiyenik vəziyyətdən söz açacağıq. Qeyd edək ki, məşhur Sabunçu bazarı da bu gün zibillik içində batanlardan ən öndə gedənidir. Bunun şahidi olmaq üçün isə bazara bir addım atmaq kifayət edir. Çünki bazara addım atar-atmaz üfunət iyi sanki adamı geri itələyir. Səbəb isə bu bazarda həmişə antisanitar vəziyyətin hökm sürməsidir. Belə ki, bazara nə vaxt daxil olsan, orada qalaqlanmış zibil tullantılarını, ayaq altında qalan meyvə-tərəvəzi, zibil sellofanlarını görmək mümkündür. Bazarda daha çox diri toyuq və quşların satılmasını nəzərə alsaq, buradakı qoxunu təsəvvür edin. Ət və ət məhsulları satılan məkana isə üfunət iyindən və milçəklərin vızıltısından yaxınlaşmaq müşkül məsələyə çevrilib ki, insan burada ətlərə baxan zaman, bir daha ət xörəyi yemək istəmir. Balıq satılan ərazidə isə, pişiklərin var-gəl etməsi görünür heç kimi narahat etmir. Qabları çirklə bürünmüş şorabalara isə yaxın durmaq, ümumiyyətlə, mümkün deyil. Bazardakı bu acınacaqlı vəziyyət havanın soyuq və küləkli vaxtı belə problemlər yaradırsa, yayın isti aylarında isə vəziyyətin daha da acınacaqlı hal almasına səbəb olur. Bazarda səliqə-sahman bir yana, nəyin harada satıldığını müəyyənləşdirmək üçün hələ bir müddət müşahidə aparmaq lazım gəlir. Çünki, təmizliyə nəzarətin zəif olması səbəbindən, məhsulu kim harda gəldi, necə istədi satır. Bazarda antisanitariya hökm sürsə də, piştaxta arxasında dayanan satıcılar burada dayanmağın onlara çox baha başa gəldiyini vurğulayırlar. Əldə etdiyimiz məlumatlara görə, bazara daxil olan ətin baytar-sanitariya ekspertizaya qədər saxlanması üçün soyuducu kameralar belə quraşdırılmayıb. Digər bir məlumata görə bu gün əksər rayonlarda, həmçinin elə paytaxt Bakıda kəsilən ölmüş heyvan ətləri məhz Sabunçu bazarına gətirilir. İddia edilir ki, bazarda keyfiyyətli, sağlam dana və qoyun adı altında at, eşşək, camış və ölmüş heyvanların əti satılır. Elə məhz bu səbəbdən, həmin ətlər bazara gecə saat iki-üç radələrindən sonra gətirilir. Hələ ətlərin üstündəki milçəklər, üzərlərinə atılmış bezləri gördükdə, bir sözlə insan ətdən iyrənir. Ümumiyyətlə, bazarın əsas problemləri sırasında yalnız antisanitariya yer almır. Bura bazardakı fırıldaq tərəziləri də əlavə etmək yerinə düşərdi. Bazardan alış-veriş edən hər kəs, burada çəkidə aldadıldığını iddia edir. Bütün bu sadalananlar azmış kimi, bazarın daxilində və ətrafında fəaliyyət göstərən kafelər də vətəndaşları narahat edən amillərdəndir. Belə ki, həmin kafelərin qanunsuz fəaliyyət göstərdiyi söyləntiləri var. Və həmin kafelərin qarşılarında saxlanan avtomobillər vətəndaşların gediş-gəlişinə də, maneçilik törədir. Bir sözlə, bu gün Sabunçu bazarında kifayət qədər nöqsan və problemlər var ki, həllini gözləməkdədir. Lakin görünən odur ki, yuxarıda sadaladığımız nöqsan və problemlər hələ bir müddət də olduğu kimi qalacaq. Çünki həmin problemlərin həlli istiqamətində illərdir ki, heç bir addım atılmır.