BolgeXeber.Com » Ölkə » Bazarlarda təzə adı ilə köhnə balıqlar satırlar

Bazarlarda təzə adı ilə köhnə balıqlar satırlar

29-10-2015, 10:37
Oxunub: 6 942 Bazarlarda təzə adı ilə köhnə balıqlar satırlar“Balıq alarkən onun yalnız qulağına yox, gözlərinə də baxmaq lazımdır”


Payızın spesifik qidalarından biri də balıqdır. Kimiləri bazarlardan, kimiləri yol kənarlarından balıq alır. Həvəskarlar isə özləri tutur. Elə balıq növü var ki, hər fəsildə yeyilir. Amma xəşəm, ilanbalığı, şamayka xüsusilə bu aylarda ləzzətli olur. Yol kənarlarında sazan, xanı balığı, sudak, ağ dəniz balığı kimi sortlar da satılır. Balıqların qiyməti, təzə balıqla köhnə balığı necə ayırd etməyi öyrənmək üçün yolumuzu balıq satılan bir neçə məkandan saldıq. İlk baş çəkdiyimiz yer “Yaşıl bazar” oldu.

Satdığı balıqları özünün tutduğunu deyən Arif Əliyev dənizdə daha çox sazan və vovla olduğunu dedi: “Məndə heç vaxt köhnə balıq olmur. Satdığım balıqları özüm tuturam. Aprel ayının axırlarından tutmuş may ayının sonunadək kütüm balığının dövrü olur. Hərarət 28-29 dərəcə olanda suyun üzü kefal balıqları ilə dolu olur. Hazırda sazanla vovlanın dövrüdür. Qışda isə karp, karas balıqları ovlanılır. Bəzən insanlar balıqları bir-birindən ayırd edə bilmirlər. Elə bilirlər ki, elə bütün balıqlar eyni dadır. Amma yanılırlar. İki cür balıq var: göl balıqları və axar su, dəniz balıqları. Fərqi odur ki, dəniz balıqları olduqca dadlı və ağ olurlar. Göl balıqları isə əksinə, dadsız və qaramtıl. Səbəbi odur ki, dəniz balıqları hər nə qədər çirkli suda üzsə də axar sudadır. Su yenilənir. Göldə isə su yenilənmədiyindən, balıqlar çirkab suda üzür, çirkabla qidalanır. Ona görə də dəniz balıqları gölməçə balıqlarından daha dadlı və baha olur".
Digər satıcı Nüşabə Quliyeva isə yerdə vannada çabalayan balıqları göstərərək bu gün tutulduğunu və normal qiymətə də verəcəyini deyirdi. Satıcıdan təzə və köhnə balığı ayırd etməyin yollarını soruşduq.
Bazarlarda təzə adı ilə köhnə balıqlar satırlar

Balıq satıcısı bunun çox sadə olduğunu, lakin bir çox alıcıların bunu bilmədiyini dedi: “Bir çox alıcılar balıq alarkən onun qulağına baxırlar, vəssalam. Axı tək qulaqla onun təzə və ya köhnə olduğunu ayırd etmək olmur. Bəzi satıcılar var ki, balığın qulağına onun qanını sürtürlər ki, qırmızı görünsün. Həmçinin köhnə balığın içini yarıb yaxşıca duzlayırlar. Duz balığın canında pis, zərərli nə varsa hamısını öz canına çəkir. Sonra da həmin balığı yuyub təzə kimi satırlar. Heç kim də o balığın köhnə olduğunu hiss etmir. Bu cür balıqlara daha çox mağazalarda rast gəlinir. Ona görə də balıq alarkən onun yalnız qulağına yox, gözlərinə də baxmaq lazımdır. Köhnə balığın qulaqlarının içi qara olur. Qəlsəmələr qırmızı və qanlı olanlar təzə balıqlardır. Gözləri ölgün olan balıqlar təzə deyil. Əti yumşaq olan, sümüyü ətindən ayrılan balıqları da yemək olmaz. Təzə balıq əldə oynamalıdır, möhkəm olmalıdır, parça-parça qopmamalıdır. Balığı alıb saxlayanlar varsa, yeyəndə bunlara bir daha diqqət etməlidir. Əslində balığı bir gündən artıq saxlamaq olmaz. Bir gündən artıq qalan balıq artıq köhnə balıq hesab edilir”.

Söhbətə qoşulan digər satıcı isə balığın iyindən də onun təzə və ya köhnə olduğunu ayırd etməyin mümkün olduğunu dedi: "Balığın iyindən onun necə balıq olduğunu, hətta neçə saat əvvəl tutulduğunu da bilmək mümkündür. Amma gərək bunu bilmək üçün bu işlə nə vaxtsa məşğul olmuş olasan. Təzə balığın ağzı örtülü, köhnə balığın isə ağzı açıq olur. Üstünün pulcuqları isə parlaq olur və onu dırnaqla qoparmaq mümkün olmur. Fikir versəniz, mağazada satılan balıqla bazarda satılan balığın dadındakı fərqi görərsiniz. Mağazada dondurularaq balıq günlərlə, hətta həftələrlə qalır deyə dadını dəyişir. Təzə, keyfiyyətli balığın dərisinin səthi təmiz, az miqdarda şəffaf seliklə örtülü, pulcuqları hamar və parlaq, dərisi ətinə möhkəm yapışmış olur, gözləri şəffaf, parlaq olur. Qəlsəmələrin arasını iylədikdə spesifik təzə balıq iyi hiss olunur. Təzə balığın qəlsəməsi tünd qırmızı, köhnə balıqlarda isə boz rəngə çalır. Xarab olma dərəcəsindən asılı olaraq qəlsəmələrin rəngi qırmızı-qəhvəyi, çəhrayı və başqa rəngə çevrilə bilər. Qəlsəmələrin üzərindəki selik qatı isə təzə balıqlarda şəffaf və rəngsiz olur. Əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır. Basıldıqda əmələ gələn batıq tez hamarlanır. Təzəlik dərəcəsinin itməsi ilə əlaqədar olaraq balıq ətinin ağ rəngi itir və çəhrayı, qırmızı, qonur rəngə çalır. Təzəlik dərəcəsinin azalması ilə əlaqədar olaraq selik şəffaflığını itirir, ağ, sarı və boz rənglərə çalır. Saxlama müddətinin keçməsi nəticəsində balığın gözünün rəngi də bulanıqlaşır".

Alıcılar isə daha çox hələ də vannada suda diri olan balıqları almağa üstünlük verdiklərini deyirdilər. Alıcı Aynurə Hacıyeva həftədə bir dəfə balıq aldığını dedi: “Balıq həm sərfəli, həm də dadlı olduğu üçün həftədə bir dəfə mütləq alıram. Həm də faydalıdır. Mağazada dondurulmuş balıqların dadı oşuma gəlmir. Mağazadakı balıqlardansa bu balıqlar daha keyfiyyətlidir. Bilirsən ki, təzədir”.

Balıqların qiymətinə gəlincə isə farel balıqlarının kilosu 12 manata, berj balığının kilosu 15 manat, sudak balıqlarının kilosu isə 7-10 manat arasında dəyişirdi. Qızıl balıq 20 manat, sazan, belamor, xan balığı isə 5-7 manat arasında satılırdı. Satıcılar balıq alıcılarına balığı təmizləməyi də təklif edirdilər. Digər yerdə isə sazan balığı 4 manat 50 qəpiyə satılırdı. Satıcılar bu il balıq alıcılarının az olmasından da gileylənirdilər.

Xatırladaq ki, ləzzəti ilə gündəlik həyatda süfrəmizi bəzəyən balıqlar bir çox xəstəliklər üçün şəfa mənbəyidir. Harvard Universiteti mütəxəssislərinin balığın sağlamlığa təsirləri haqqında apardıqları tədqiqatlar balığın insan bədəninə faydalarını ortaya çıxardı. Araşdırmalar balıq yeməyinin ürək xəstəliklərində ölüm riskini 36% azaltdığını ortaya qoyur. Mütəxəssislər sağlam həyat üçün həftədə 2 dəfə balıq yeyilməsini məsləhət görür. Balıq zülal, D vitamini və mikroelementlər baxımdan mükəmməl qida qaynağıdır. Tərkibindəki fosfor, kükürd, vanadium kimi minerallar böyüməyi və toxumaların yaxşılaşmasını təmin edir. Sağlam diş və diş ətinə faydalıdır. Dəri rəngini gözəlləşdirir. Saçların daha dayanıqlı olmasını təmin edir. Bakterial infeksiyalarda müqaviməti artırır. Qandakı xolesterini nizamlayaraq ürək tutmalarının qarşısının alınmasında böyük əhəmiyyətə malikdir. Şəkər xəstəliyinin müalicəsində istifadə edilir. Depressiya və şizofreniya əlamətlərini yüngülləşdirir.
Qlaukoma (göz içində təzyiqin artması səbəbi ilə meydana gələn korluq) müalicəsində faydası var.musavat.com