BolgeXeber.Com » Müsahibə-Reportaj » Xırdalanın xırda olmayan problemi

Xırdalanın xırda olmayan problemi

2-10-2012, 14:50
Oxunub: 4 316 Kənd təsərrüfatı məhsullarının pərakəndə satış məntəqələrində satışına qadağa qoyulub...

Son bir ayda Abşeron rayonunun inzibati mərkəzi, Azərbaycanda əhalisinin sayına görə 6-7-ci yerlərdə qərarlaşmış Xırdalan şəhərində pərakəndə satış məntəqələrində, mağazalarda kartof, soğan, pomidor, xiyar, göyərti, ət və başqa kənd təsərrüfatı məhsullarının satışı qadağan edilib. Bu məhsullar yalnız şəhərdə 28-ci məhəllədə yerləşən bazarda satılır. Bazar da təzə tikilmiş çoxmərtəbəli binanın faktiki zirzəmisidir. Tutaq ki, evə qonaq gəlir, qaçhaqaçda 1 kiloqram pomidor, xiyar, kartof, soğan, yaxud başqa bir kənd təsərrüfatı məhsulu lazımdırsa, gərək bir taksiyə əyləşib, bazara qaçasan, həmin kənd təsərrüfatı məhsullarından 1 kiloqram alasan. Üstəlik, bazarda seçim imkanı da faktiki yoxdur. Bazardakı satıcılar kənd təsərrüfatı məhsullarını demək olar ki, eyni və Bakıdakı bir çox pərakəndə satış məntəqələri ilə müqayisədə baha qiymətə təklif edirlər. Almamaq şansın da aşağıdır.

“Müflis oluruq”

Yaranmış vəziyyət pərakəndə satış məntəqələri tikib, son bir aya qədər bu məhsulların satışı ilə ailəsinin dolanışığını təmin edənlərin də ciddi narazılığına səbəb olub. Bu sahibkarlar, satıcılar Lent.az-a şikayətlənərək bildiriblər ki, Abşeron Rayon İcra Hakimiyyətinin pərakəndə satış məntəqələrində kənd təsərrüfatı məhsullarının satışına qadağa qoyması onların faktiki müflis vəziyyətə düşməsinə yol açıb. İcra Hakimiyyətinin əməkdaşları gün ərzində şəhəri gəzir, bu məhsulların satıldığı pərakəndə satış məntəqələr, mağazalar aşkarlayarsa, dərhal həmin məhsullar heç bir əvəzi ödənilmədən müsadirə olunur, müqavimət göstərən sahibkarları və satıcıları isə polis şöbəsinə aparılmaq təhlükəsi gözləyir.
Qeyd edək ki, hazırda Azərbaycanın başqa şəhər və rayon mərkəzlərində, o cümlədən paytaxt Bakıda pərakəndə satış məntəqələrində kənd təsərrüfatı məhsullarının satışına qadağa qoyulması halına rast gəlinmir. Belə olan halda Xırdalan şəhərində yaranmış vəziyyət nə ilə əlaqədardır?

İcra Hakimiyyətinin nümayəndələri tapılmır

Abşeron Rayon İcra Hakimiyyətini ilə əlaqə saxlamağa çalışdıq. Özünü İcra Hakimiyyətinin əməkdaşlarından biri Xırdalan şəhərində belə bir qaydanın tətbiq olunduğunu, kənd təsərrüfatı məhsullarının satışına yalnız bazarda icazə verildiyini təsdiqlədi. Lakin adını açıqlamadan imtina edən həmin əməkdaş bunun səbəbinə aydınlıq gətirməkdən imtina etdi, bu suala yalnız Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Sərviz Süleymanovun cavab vermək səlahiyyətində olduğunu bildirdi. Cənab Süleymanovu nə qədər arasaq da, telefon zənglərimiz cavabsız qaldı. Yenidən Abşeron Rayon İcra Hakimiyyətinə zəng açdığımız zaman bu dəfə Xırdalan Şəhər İcra Hakimiyyətinin başçısı Fikrət Orucovla danışmağımız məsləhət görüldü. Fikrət Orucovun əvəzinə telefonu qaldıran bir xanım isə Fikrət müəllimin iş otağında olmadığını söylədi və Xırdalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Zakir Həsənovla danışmağımızı məqbul saydı. Amma Zakir Həsənovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.
Bəs Xırdalan şəhərində Abşeron Rayon İcra Hakimiyyətinin tətbiq etdiyi bu qayda nə dərəcədə qanuna uyğundur? Həqiqətənmi kənd təsərrüfatı məhsulları yalnız şəhərdə bir bazarda satılmalıdır?

Qanunvericiliyə zidd addım

İqtisadçı Vüqar Bayramov deyir ki, Azərbaycan qanunvericiliyinə əsasən kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə bağlı lisenziya tələb etmir. Ona görə də mağazalarda kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsi mümkündür. Bunun üçün tələb edilən standartlar da ağır standartlar deyil, adi mağazalar belə lazımi genişlikdə yer varsa, kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilə bilər. Sadəcə, sahibkarlar bu məhsulların satışına görə vergi (4 faiz) verməlidirlər. İqtisadçı hesab edir ki, əgər pərakəndə satış məntəqələrində kənd təsərrüfatı məhsullarının satışına icazə verilmirsə, bu, birmənalı şəkildə sahibkarların fəaliyyətinə qanunvericiliyə zidd şəkildə müdaxilədir: “Azərbaycan qanunvericiliyi kənd təsərrüfatı məhsullarına qadağaların qoyulmasını müəyyənləşdirmir və buna görə də icra orqanlarının bu addımı çox ciddi qanun pozuntusudur. Bu, son nəticədə rəqabətin qarşısını alır”.
Əlaqə saxladığımız kənd təsərrüfatı üzrə mütəxəssislər də kənd təsərrüfatı məhsullarının pərakəndə satış məntəqələrində satışına qadağa qoyulmasının anlaşılmaz olduğunu, bu məhsulların üzəri örtülü pərakəndə satış məntəqələrində və mağazalarda satılmasının insan sağlamlığı üçün təhlükə yaratmadığını bildirdilər.
Bolgexeber.com məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin və Xırdalan Şəhər İcra Hakimiyyətinin mövqeyini işıqlandırmağa hazırdır.