BolgeXeber.Com » Müsahibə-Reportaj » Qiymətsiz qalan şagird

Qiymətsiz qalan şagird

4-10-2012, 16:30
Oxunub: 5 297 Yeni qiymətləndirmə sistemi həm uşaqları, həm də valideynləri narazı salır

Yeni dərs ili başlayandan balaca Orxanın üzü heç gülmür. Nə qədər evə verilən tapşırıqları yaxşı öyrənsə də, gündəliyində heç bir “yağlı qiymət” görmür. Müəlliməsi onun gündəliyinə ancaq “çatdırır və ya yerinə yetirir, əla, yaxşı” yazır. Bunun isə nə olduğunu Orxan hələ anlamaqda çətinlik çəkir. Məsələ burasındadır ki, indi aşağı siniflərdən tutmuş 11-cilər də daxil olmaqla, hamıya qiymət yazılır. Amma qiymətləndirmə bizim adət etdiyimiz şəkildə rəqəmlərlə deyil, ancaq gündəlikdə müəllimin qeydləri ilə aparılır. Yaranan bu vəziyyətdən həm müəllimlər, həm də valideynlər çətinlik çəkirlər. Müəllim şagirdə yekun olaraq nə yazacağını, valideyn isə uşağının həqiqətən yerinə yetirib-yetirmədiyini, o “əla”nın nə dərəcədə əla olduğunu bilmir. Halbuki, əvvəlki sistemlə uşaq lap "5" alsa idi, belə bunun tam əla olmadığı anlayırdı.
Məsələ burasındadır ki, indi qiymətləndirmə diaqnostik, formativ, kiçik summativ və böyük summativ formada aparılır. Hər bir fəndə kiçik summativ qiymətləndirmə aparılır. Əvvəlcə diaqnostik qiymətləndirmə aparılır, müəllim şagirdləri bir növ diaqnoz edir, onun imkanlarını, potensialını müəyyənləşdirir. Daha sonra formativ qiymətləndirmə aparılır. Bu daha çox müəllimin müşahidələrinə hesablanır, yəni şagirdin irəliləməsi, geriləməsi və s…
Yəni burada hətta müəllimlərin də anlamaqda çətinlik çəkdiyi bir mürəkkəblik var. Ən çox narazılıq edən isə valideynlərdir. Onların fikrincə, ümumiyyətlə, təhsil sistemində yeni islahatlar, xüsusilə də ibtidai sinif şagirdlərində neqativ hallara gətirib çıxarır. İndi uşaqların həddindən artıq məntiq məsələləri, informasiya ilə yüklənilməsi də valideynləri qane etmir. Onlar düşünür ki, bu islahatlar heç də yaxşı effektini göstərmir və bu, özünü aldatmadır.
Psixologiyada təfəkkürü iki növə - əyani təfəkkürə və mücərrəd təfəkkürə ayıran psixoloqlar da oxşar fikirlər söyləyirlər. Onlar rəqəmlərlə qiymətləndirməni əyani qiymətləndirmə, sözlə qiymətləndirməni isə mücərrəd təfəkkürə yaxın qiymətləndirmə sayırlar. Psixoloq Elmir Əkbər də ANS PRESS-lə söhbətində təhsil sistemində tətbiq edilən yeni qiymətləndirmə sistemini əlverişsiz saydığını bildirib: “Uşaqlarda bu yaşlarda mücərrəd təfəkkür daha az, əyani təfəkkür isə daha yaxşı olur inkişaf edir. Bu yaşda onları əyani təfəkkürlə qiymətləndirmək daha münasibdir. Məsələn, uşağa nə qədər deyilirsə, “ay bala, oxu böyüyəndə filankəs ol”, bu, ona çatmır. Çünki bu, mücərrəd təfəkkürdür. Onun üçün konkret olmalıdır. Bu dəqiqə oxudum, “5” aldım, evdə məni qiymətləndirdilər. Ona görə uşaqların qiymətləndirmə sistemində onların yaş psixologiyasının hər məqamı nəzərə alınmaldır”.
Eskpert təklif edir ki, uşaqlarla qiymətləndirmə zamanı həm qiymət, həm də boyalardan istifadə olunsa, bu, onlara böyük stimul verər və öz effektini göstərər. Qeyd edək ki, sovet dövründə buna yaxın qiymətləndirmə aparılırdı – məsələn, uşaqlara həvəsləndirmək üçün 5-i qırmızı qələmlə, digər qiymətləri isə göy qələmlə yazırdılar.
Təhsil Nazirliyində əksinə bu yeniliyi proqressiv sayırlar. Nazirliyin kənd rayonları üzrə ümumi təhsil şöbəsinin böyük məsləhətçisi Əhliyət Adıgözəlov ANS PRESS-lə söhbətində bu cür qiymətləndirmənin müəllimlə valideyn arasında ünsiyyət rolunu oynadığını vurğulayıb: “Bu, qiymətləndirmə uşağın gündəlik fəaliyyətini əks etdirir. Şagird yaxşı cavab verirsə, müəllim şagirdə “Afərin!” yazır, onu həvəsləndirir və ya “geriləmə var”, yaxud “aktivdir”, “emosionaldır”, “riyaziyyatda axsayır”, “şifahi oxuda irəliləyib” və s. yazır”.
Nazirlik nümayəndəsi də əvvəlki qiymətləndirmənin şagirdlərdə müəyyən arxayınçılıq yaratdığını söyləyir: “Məsələn, şagird bu gün ədəbiyyatdan 5 alanda, fikirləşir ki, daha müəlllim sabah ondan dərs soruşmayacaq. Onda arxayınlıq yaranır. Amma indi şagird də, valideyn də fikirləşməlidir ki, o, təxminən 5-6 həftədən sonra ümumi qiymət alacaq. Yəni bütün materiala, 6 həftədə keçdiyinə bir ümumi qiymət yazılacaq”. Onun sözlərinə görə, burada da qiymətləndirmə var: “Artıq burada şagirdə qiymət yazılır: 1, 2, 3, 4, 5.... və s. Sonra isə yarımillikdən əvvəlki qiymətləndirmə - böyük summativ qiymətləndirmə gəlir. Onu məktəb rəhbərliyi aparır və yekunda yarım illik qiymət yazılır. Jurnalda ancaq kiçik, böyük summativ qiymətləndirmə və yarımillik qiymətlər qiymət formasında yazılır”.
Təhsil Nazirliyinin təmsilçiləri beynəlxalq təcrübədə tətbiq edilən modellərin bizim təhsilimizdə öz əksini tapmasını vacib sayırlar. Yəni şagirdlərdə arxayınlıq yaranmamalıdır, onlar hər gün öz bazalarına nəisə atmalıdır…. və s…
Lakin bəzi ekspertlərin fikrincə, nazirilik bu cür qarışıq sistemdənsə ən effektiv olan beynəlxalq təcrübəni tətbiq etsəydi, daha yaxşı olardı. Elə Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü ANS PRESS-lə söhbətində bildirib ki, yeni qiymətləndirmə sistemi təkcə uşaqlara deyil, müəllimlərə də çətinlik yaradır: “Hazırda icra edilən model hələ ki, oturuşa bilmir. Rəqəmlərlə qiymətləndirmə çox yüksək nəticələr verirdi və həm şagirdlər, həm də valideynlər tərəfindən bəyənilirdi”.
Ekspertin sözlərinə görə, 100 ballıq sistem tətbiq olunsa, yəni uşaqlara “əla” yerinə “100”, “95”,”85” verilsə, bu, şagirdlərin özündə də stimul yaradar. Bu praktikada da yüksək nəticə verir: “Məsələn, Türkiyə bu modeldən istifadə edir. Bu modelə əsasən, 85-100 arası “5” deməkdir. Şagird “əla” alanda, bilinmir o, “85”, “95”, yoxsa “100” ballıq cavab verib. Amma onun aldığı “85” hələlik “100” ballıq 5 deyil, buna çatmaq üçün hələ 15 bal üçün çalışmalıdır. Bu fərqlər ortaya çıxır. Ona görə də indi qiymətləndirmə ilə şagird də, eləcə də valideyn mücərrəd qiymətlərlə biliyinin səviyyəsini müəyyənləşdirə bilmir”.