BolgeXeber.Com » Müsahibə-Reportaj » “Gülər Əhmədova özbaşına deyil”

“Gülər Əhmədova özbaşına deyil”

12-10-2012, 14:05
Oxunub: 4 291 İnsan Haqları Mərkəzinin direktoru Eldar Zeynalov suallarına Strasburqdan internet vasitəsilə cavab göndərib. Müsahibəni oxuculara təqdim edirik.

- Eldar bəy, Gülər Əhmədova məsələsinə münasibətiniz necədir?

- Qısa desəm, onun böyük problemi var. O həddən artıq sussa, yaxud çox danışsa, vəziyyətini daha da ağırlaşdıracaq. Özbaşına deyil ki! Ümumilikdə deputatın deputat dalınca ifşa olunması, özü də müxalifətin və mətbuatın əli ilə yox, hakimiyyətdaxili çəkişmədir. Biri digəri ilə vuruşur, üçüncü bundan qazanır. Görünür, artıq seçki kampaniyası başlayıb.

- Qeyri-hökumət təşkilatları Gülər Əhmədovanı siyasi məhbus edə bilərmi?

- AŞPA-da Avropa Şurasına daxil olan bütün ölkələrdə siyasi məhbusları müəyyən etmək üçün meyarlar qəbul edildi. Azərbaycanda heç kim deyə bilməz ki, burada ayrı-seçkilik, ikili standart olduğu üçün qəbul edə bilməzlər. Siyasi məhbusların müəyyən edilməsinin təməl prinsipləri bunlardır: Söz, vicdan və din azadlığının, fikrini ifadə etmək, məlumat əldə etmək, sərbəst toplaşmaq azadlığının pozulma-sına etiraz etdiyi üçün həbs olunanlar, əməlində cinayət tərkibi olmayıb sırf siyasi motivlərlə həbs olunanlar siyasi məhbus hesab olunurlar. Buradan görünür ki, Gülər Əhmədova heç cür siyasi məhbus ola bilməz.

- Nə üçün bəzi QHT-lər Əli İnsanov, Fərhad Əliyev kimi korrupsioner məmurları, Əvəz Zeynallı kimi reket jurnalistləri siyasi məhbus elan edirlər?

- Nazirlərlə aydındır. Əvvəl onlar siyasi cinayətdə - hakimiyyəti ələ keçirməkdə ittiham edilirdilər. Bu ittihamlar məhkəməyə gedib çıxmadı. AŞPA-nın qərarında bu, ədalətli məhkəmə standartlarının pozulmasıdır. Ya ittihamı dəyişmək, ya da məhkəmə keçirmək vacibdir.

Reket jurnalistlərə gəldikdə mən razı deyiləm ki, məhkəmələr "kompramatı" dərc etməklə hədələyən jurnalistləri cəzalandırırlar, amma nədənsə "kompramatın" nədən ibarət olması və "qurbanlığın" nə üçün qorxması ilə maraqlanmırlar. Əgər bu ailə sirridirsə, intim şeydirsə, başqasının şəxsi həyatına müdaxilədirsə, istənilən normal adam bundan iyrənməlidir. Bəs əgər fakt məmur korrupsiyası ilə bağlıdırsa? Məgər onlar cəzalanmalı deyillər?

Əvəz Zeynallı məsələsinə gəldikdə, görünür, "qurbanlıq" özü "reketi" izləyirmiş ki, haqqındakı hansısa materialı dərc etməsin. O, nəhayət, əlaqəyə girəndə video-çəkliş apararaq prokurorluğa təqdim edib. Buna təxribat deyilir. 20-ci cəhdən sonra böyük pullarla çox jurnalisti şirnikləşdirmək olar. Deputat və məmurlardan fərqli olaraq onların elə bir gəliri yoxdur. Belə bir şəraitdə "qurbanlıq" və "cəllad" yerini dəyişdi, nəhayətdə bu baş verdi.

- Səncə, Elşad Abdullayevin qardaşı haradadır?

- Demək çətindir, mən onları qətiyyən tanımıram. Mənə dedilər ki, onların üçüncü qardaşı da var, o itməyib. Əgər belədirsə, bu hər şeyi bir-birinə qarışdırır. Bir az gözləyək, görək izlər haradan çıxacaq.

- Cinayət aləminin bir üzvü olmuş Elşad Abdullayev bu gün nə üçün ortaya cinayət faktları qoyur?

- Çünki o, xaricdədir. Görünür, orada siyasi sığınacaq almaq istəyir. Bunun üçün qanunsuz orqan köçürülməsinin təşkilatçısı olmaqdansa, korrupsiyanı ifşa edən adam olmaq yaxşıdır. Əgər bu adamın qardaşını da oğurlayıblarsa, onu öz ölkəsinə qaytarmaq olmaz.

- Nə vaxtsa Azərbaycanda demokratik seçki keçiriləcəyinə inanırsınızmı?

- Ancaq maliyyə amnistiyası, özü də müxalifət tərəfindən tanınan maliyyə amnistiyasından sonra demokratik seçki keçirmək olar. Əks təqdirdə siyasi balans bir qədər dəyişən kimi məmurlar hər şeyi itirə bilərlər. Burada söhbət mindən, milyondan getmir, söhbət milyardlardan gedir. Bu səbəbdən hakimiyyət seçkini saxtalaşdırır. Siyasi mövqeyini itirməklə məmurlar vəzifə şəkilində olan yem yerini, hər şeyi itirirlər.

- Bizdə siyasi elitanın, yoxsa "qara camaatın" səviyyəsi və dünyagörüşü yüksəkdir?

- Əvvəla, geniş dünyagörüşü ilə mənəviyyatı ayırmaq lazımdır. Savadlı adam istənilən halda geniş dünyagörüşünə malik olur. Buna görə də qədim zamanlarda hökm-darlar xalqın savadlanmasının əleyhinə olurdular. Digər tərəfdən savad yüksək mənəvi keyfiyyətlər üçün zəmanət vermir, nə də kasıblıq onun göstəricisi deyil. Çox varlı insanlar var ki, paxıldır. Bu, insan xarakteridir. O, pul kisəsinin qalınlığından asılı deyil. Bunu varlı ölkələrin təcrübəsi də sübut edir. faktxeber