BolgeXeber.Com » Media » Deputatı sifarişli qətldə ittiham etdilər

Deputatı sifarişli qətldə ittiham etdilər

26-07-2012, 12:05
Oxunub: 3 585 “1001 gecə”də öldürülən gəncin yaxınları: “Bu, Hüseynbala Mirələmovun sifarişi olub”

Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmovun bir neçə gün əvvəl əmisinə məxsus “1001 gecə” istirahət mərkəzində tapança ilə Ramal Bayramovu öldürməsindən sonra deputatın ünvanına yönəlik ittihamlar səngimir. Onun qardaşı oğluna dəlilik kağızı almaqla azad etdirməyə çalışdığı da səslənin ittihamlar sırasındadır.

“Bizim Yol” qəzetinin əməkdaşı R.Bayramovun anası Nənəş İsmayılova ilə görüşüb. Ana deyib ki, 29 yaşlı oğlunun öldürülməsini öz ad günündə bilib: “16 iyulda gecə saat 12-də evə gələn Ramal Bayramov anasını təbrik edib və onun xətrinə iki dilim tort yeyib gedib. Dedim, otur, çörək ye. Dedi, yox, gedirəm. Yaxşı yeməkləri saxlayın, gəlib yeyəcəm. Gecə saat 3-4 arası qapı döyüldü. Bir oğlan gəlmişdi. Dedi ki, əmini olar? Dedim ki, əmi yatıb. Nə lazımdır? Ramalın dostu olduğunu dedi. Qayıtdım ki, nə deyirsiniz mənə deyin. Əmisi gəldi, oğlanla danışandan sonra rəngi avazımışdı. Dedi, heç nə olmayıb. 10 dəqiqə sonra qaynım zəng elədi ki, oğlun xəstəxanadadır, ölməyib, tez gəl çatdıracaqsan. Əlim-ayağım tutuldu. Yeriyə bilmədim".

R.Bayramov 10 yaşında olarkən atasını itirib. Atası 39 yaşında həyata vida edib. O, əmisi Atlıxan Bayramovun himayəsində böyüyüb: “Ramalı 12 yaşından saxlayıram. Mən onun əmisi olaraq onda heç bir qüsur görməmişəm. Ramal çox təmiz, ədalətli, haqqı danışan, yıxılan adamların hamısına kömək edən insan olub. Bu adam heç vaxt pulu olana, özündən deyən adama gedib deməz ki, mənə pul verin. Onun gözü həmişə tox olub. İndi deputat deyir ki, Ramal istirahət mərkəzinə pul almaq üçün gedib”.

R.Bayramov Odlar Yurdu Universitetinin hüquq fakültəsini bitirib. Qaydasız döyüş üzrə bir çox medallar qazanıb. İstirahət mərkəzindəki hadisə nəticəsində yaralanan Səməd Mənsimovla da tanışlıqları qaydasız döyüşdə baş tutub. Mərhumun əmisi deyir ki, deputat Hüseynbala Mirələmovun Ramal Bayramovun əvvəllər həbs olunması ilə bağlı dedikləri yalandır: “O uşaq tutulmayıb, gedib araşdırsınlar. Onun əmisi xalqın deputatıdır. Deputat əvvəl deyir ki, mən getdim ora gördüm ki, meyit yoxdur, o biri qəzetə deyir ki, getdim ki, meyit oradadır. Mən deputat deyiləm, sıravi Azərbaycan vətəndaşıyam, haqlı danışsınlar”.

A.Bayramov deyib ki, R.Bayramov prezident İlham Əliyevin əmisi Aqil Əliyevin oğlunun şəxsi mühafizəçisi olub: “O, heç vaxt kriminal aləmin adamı olmayıb. İlqar Əliyevin şəxsi mühafizəçisi işləyib. Axır vaxtlara qədər də ailəsi ilə əlaqələri var idi”.

Mərhumun əmisi onun bu ilin martında güllələndiyi və bununla bağlı cinayət işinin açılmamış qalmasına diqqəti cəlb edib: “Nə olar ki, mən sakitəm, savadım yoxdur, mənim qardaşım oğlunun qanı yerdə qalmamalıdır. Martda onu vuran cinayətkarı da tapmadılar. 1 saylı Kliniki Tibbi Mərkəzdə yatdı. Araşdırma gedirdi. Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılmışdı. Amma istintaqla bağlı bizə heç nə demədilər”.

Həmin vaxt R.Bayramov ağrılara dözməyərək Dubayda müalicə almağa gedib. 3 ay orada qaldıqdan sonra gözlənilmədən Azərbaycana qayıdıb: “Qayıtdığı heç bir həftə, 10 gün deyildi, bu hadisə baş verdi. Dubayda həkimlərin yazdığı bütün sənədlər qalır. Biz istərdik ki, dövlət orqanları bunu ciddi araşdırsınlar. Hüquq-mühafizə orqanlarından xahiş edirik ki, bu hadisələri araşdırsınlar”.

Mərhumun ailə üzvləri deyib ki, R.Bayramov xəstəxanada yatarkən yanına gələnlərin gətirdikləri ərzaqları dilinə belə vurmayıb. Ailə üzvlərinə də gətirilən ərzaqları dadmağa icazə verməyib.

“Bizə heç nə demirdi, qapalı idi. İyulun 17-də onu xəstəxanada görərkən ağzından qan gəlirdi. Dostları istirahət mərkəzindən götürüb maşınla xəstəxanaya gətirmişdilər. Ramalın ürəyinin üstündə güllə izi var idi. Mən ancaq bunu gördüm” - mərhumun əmisi belə deyib.

Mərhumun əmisi qətl baş verən yerdən tapılan ikinci silahın Ramala aid olmadığını deyir: “Ramal ora dava üçün getməyib. Onun silahı ancaq dilində, qolunda idi. O, heç vaxt silah götürməyib. Allah ona qol gücü vermişdi, o vursa, əli ilə vurardı. Ramal silaha qarşı idi. Həmişə deyirdi ki, silahı düşmənə tuşlayırlar. Silah götürən oğul Qarabağa gedər. O silah düşünülmüş şəkildə əraziyə atılıb”.

Deputatın qardaşı oğluna “dəlilik kağızı” düzəltmək istədiyini bildirən A. Bayramov buna etiraz edir. “Rəşad dəli idisə, gedib deputat əmisini vurardı, niyə Ramalı vururdu? ”Dəli" o silahı haradan əldə eləyib? Onun əmisinin əli hər yerə keçir. Bəlkə Ramalı öldürmək deputatın sifarişi olub? Mən şübhələnirəm ki, Rəşad Ramala silah çıxarmayıb. Onun idmançı bədəni yox idi. İnanmıram ki, buna cəsarət eləsin. Mən inanmıram ki, onu Rəşad vurub. Deputat hələ utanmır deyir ki, “1001 gecə” mənim obyektimdir. Sən xalqın deputatısan. Mənim qardaşım oğlu kriminal aləmin adamı deyil. Çox təəssüflər olsun ki, bizim əmin-amanlıq dövründə belə deputatımız var".

Mərhumun anası Nənəş İsmayılova hüquq-mühafizə orqanlarına müraciət edib: “Bir ana kimi çox xahiş edirəm ki, balamın düşməni tapılsın. Balamın həyatını puç elədilər. Bütün arzuları heç oldu. Kim günahkardır, tapılsın, cəzası verilsin. 7 gündür mənim balam yoxdur. Mən onu ona görə böyütmüşdüm ki, hansısa vəzifəlinin adamı gəlib onun ömrünü alsın?”

Mərhumun yaxınlarının ittihamlarına cavab almaq üçün “Yeni Müsavat” əməkdaşı israrla deputat H.Mirələmovun telefonuna zəng edib. Lakin deputat zəngləri cavabsız qoyub. Buna baxmayaraq, H.Mirələmovun münasibətini dərc etməyə hazırıq.

"Yeni MÜsavat"