BolgeXeber.Com » Media » Seksual inqilab hansı rəngdədir?

Seksual inqilab hansı rəngdədir?

29-07-2012, 14:55
Oxunub: 3 787 (esse)

Bizim cəmiyyətdə həqiqətən bir inqilaba, partlayışa ehtiyac var.

Yox, mən siyasi inqilabdan danışmıram. Xalq olaraq formalaşmayan kütlədən bu qədər cəsarət gözləmirəm. Bizim xalq hesab etdiyimiz yurddaşlarımızın daha ciddi bir dəyişikliyə ehtiyacı var.

Həkim dostumun dediyinə inansaq, xalqın qanının boşaldılıb təzədən vurulmasına, kompytuer mütəxəssisi olan dostum demişkən isə proqramının yenidən yazılmasına. Gileylənməyimə və konkret heç nə təklif edə bilmədiyimə görə qınamayın.

Mən də bu xalqdan birisiyəm. Hər şeyə gileylənən, amma dəyişməyə özündəın başlamayan. Fikrimcə bizə seksual inqilab lazımdır. Bəli, yanlış eşitmədiniz.

“Seks” sözü eşidəndə diksinən, ayıb saydığı bir şeyə gözlərini bərəldib baxan, bulvarda öpüşənlərin dalısınca danışdığı halda ora aparmaq üçün qız axtaran, “Facebook”a girən qızları bişirmək üçün tərif yağdıran, amma kimsə “Facebook”dan tanış olduğu qızla ailə quranda onu “peysər” çıxardan azərbaycanlılar süni pərdələrdən qurtulmayınca, gözləri açılmayacaq. Dürüst olmayacaqlar.

Bu xalqı maarifləndirməyin, əxlaqlı görməyin yolu bircə dəfə soyundurmaqdır. Mən soğan qabığı kimi irin bağlamış tamah və azğınlıqların üzərinə çəkilmiş “vətənpərvərlik”, “müsəlmançılıq” və “ana-bacı” söhbətlərini nəzərdə tuturam. Kimsə inciməsin, amma olduğum xarici ölkələrdə ən çox dalabaxanın məhz azərbaycanlı olduğunu gördüm. Özü əxlaqdan danışıb başqasının arxasına göz dikən gəncliyin yetişdiyi faktdır. Diqqət edin, biri sinəsiaçıq geyinib avtobusa minəndə bütün oğlanlar başına yığışır. Görməmiş, dalabaxan və ikiüzlü millət yetişir.

Bu yaxında bir düşük qadın başladı mənə “facebook”da ərindən gileylənməyə, hətta az qala heyvan səviyyəsində danışdı ərinin haqqında. Dəfələrlə evlənməyə peşman olduğunu dedi.

Mənsə, hər psixoloqun və ya ziyalı bir həmsöhbətin soruşacağı sualı verdim: “Bəs sekslə bağlı durum necədir? Bəlkə gərginliyi elə bu yaradır, yanaşmanı dəyişəsən” … Qadın nə etdi? Mənə “tərbiyəsiz” deyib bloka atdı. Axırda “heyvan” mən çıxdım. Sən demə, ərinin qeybətini qıran qadına qarşı tərbiyəsizlik etmişəm.
Hə… Yazımı çox uzatmadan bir əhvəlatla bitirim. Deməli… Dünən axşamçağı bir dostum bizə gəlməyə çalışırdı (Masazırdakı məhləmizə), küçədə isə qonşunun dəlisov iti. Kimsə qorxusundan keçə bilmirdi o tərəfə. Sonda dostum mənə zəng etdi, mən evdə gəzdiyim şortik və köynəklə çıxdım onun qabağına.

Gördüm iti sakitləşdirə bilmirəm, bağlı olmasa da, düz küçənin ortasında durub dostuma hürür. Dostum isə onun yanından keçməyə qorxur. Səsimi qaldırıb qonşunu çağırdım. Qonşu isə çıxıb bir itə baxdı, bir mənə baxdı… Nə desə yaxşıdır:

- Jurnalist adamsan, bu nədir, şortiklə çıxmısan küçəyə?!
Mənim ona nə cavab verdiyim yadımda deyil… Amma ondan sonra gəlib oturdum ayaqyolunda… Başladım düşünməyə ki, içimdəki inqilabı hansı rəngdə çıxarsam yaxşı olar.

Rüfət Əhmədzadə
28.07.2012