BolgeXeber.Com » Xəbərlər » Deputatın villa tikintisi başına bəla oldu - Məhkəmə çəkişməsi...

Deputatın villa tikintisi başına bəla oldu - Məhkəmə çəkişməsi...

8-10-2016, 11:17
Oxunub: 2 518 Deputatın villa tikintisi başına bəla oldu - Məhkəmə çəkişməsi...Zülfüqar Əliyev məktubunda bildirir ki, hələ 2013-cü ildə deputatın villasının üzlük daşlarla üzlənməsini həyata keçirsə də ona çatası 50 min manatdan artıq pulu ala bilməyib

Moderator.az-a millət vəkili Mirzəcan Xəlilov barədə şikayət məktubu daxil olub.

Ağdam rayonu Əlimərdanlı kəndində qeydiyyatda olan, faktiki olaraq Abşeron rayonu Novxanı kəndində yaşayan məcburi köçkün Zülfüqar Əliyev məktubunda bildirir ki, hələ 2013-cü ildə deputatın villasının üzlük daşlarla üzlənməsini həyata keçirsə də ona çatası 50 min manatdan artıq pulu ala bilməyib. Üstəlik, israrlı olaraq halalca pulunu tələb etməsinə görə deputat onu hədələməkdən də çəkinməyib, bununla kifayətlənməyərək Abşeron Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında iddia ərizəsi ilə müraciət edərək onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Amma Abşeron Rayon Məhkəməsi onun iddiasını təmin etməyib. Daha doğrusu, məhkəmənin hakimi İlham Kərimlinin 29 iyun 2016-cı il tarixində qəbul etdiyi qərara əsasən xüsusi ittihamçı CPM-nin 315.5-ci maddəsinə əsasən, təkrarən məhkəmə iclasına gəlmədiyinə görə, cinayət işinin məhkəmədə xüsusi ittiham qaydasında şikayəti üzrə icraata xitam verilib.
Deputatın villa tikintisi başına bəla oldu - Məhkəmə çəkişməsi...
Bundan hiddətlənən Mirzəcan Xəlilov bu dəfə də cavabdehin doğulduğu Ağdam rayon məhkəməsinə müraciət edib. Zülfüqar Əliyev məktubunda iddia edir ki, Mirzəcan Xəlilov Abşeron Rayon Məhkəməsində istəyinə nail ola bilməyəcəyini anladıqdan sonra bu dəfə “tədbirli” tərpənərək iddiasını Ağdam rayon Məhkəməsində təmin etdirmək üçün hərəkətə keçib. Amma bu dəfə də tələskənlikdən qaş düzəltdiyi yerdə vurub göz çıxarıb. Belə ki, 23 iyun 2016-cı ildə, yəni Abşeron Rayon Məhkəməsində iddia ərizəsi ola - ola Ağdam Rayon Məhkəməsinə göndərdiyi ikinci iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə verdiyi iddia ərizə daban-dabana ziddiyyət təşkil edib və istər görülən işlərin həcmi, istər mal-materialın qiyməti, istərsə də cavabdehə verdiyi pulun məbləğində uyğunsuzluq qeydə alınıb. Amma bütün bunlara baxmayaraq Ağdam Rayon Məhkəməsinin hakimi hazırlıq iclasındaca məsələni birdəfəlik həll etmək istəyib. Cavabdehin vəkilinin israrlı tələbindən və qaldırdğı vəsatətdən sonra deputatın münaqişəli villasının fasadında aparılan üzləmə işlərinin yenidən qiymətləndirilməsi üçün prosesə bir müddət ara verib, xüsusi qiymətləndiricilərin münaqişə obyektinə yerindəcə baxış keçirilməsi qərara alınıb.

Şikayətçi deyir ki, dəfələrlə müxtəlif instansiyalara deputatın əməlləri, eyni zamanda onun deputat səlahiyyətlərindən sui-istifadə edərək məhkəmələrə təzyiq etməsi barədə etdiyi müraciətlər, vurduğu teleqramlar baxılması üçün Milli Məclisə göndərilir. Oradan da cavab ala bilmir.

Məsələ ilə bağlı Moderator.az-ın əməkdaşı millət vəkili Mirzəcan Xəlilova müraciət edərək mövqeyini öyrənib. Millət vəkili cavabdehin ittihamlarının əsassız olduğunu bildirib və sivil cəmiyyədə bu kimi münaqişələrin çözülməsi üçün yeganə məkanın məhkəmələr olduğunu, bu üzdən də ədaləti məhz orada axtardığını bildirib. M. Xəlilov Z. Əliyevin onu şantaj edərək gördüyü işdən daha çox pul əldə etmək niyyətində olduğunu bildirib və deputat səlahiyyətlərindən sui-istifadə edərək məhkəmə hakimlərinə təzyiq etmək və ya ələ almaq kimi iddiaların suda boğulanın saman çöpündən yapışması ilə müqayisə edib. Deputat əsl həqiqətin məhkəmə çəkişməsində üzə çıxacağını bildirib.

Qeyd edək ki, deputatla münaqişədə olan təkcə Z. Əliyev deyil. Mikayılov Zaur Əjdər oğlu da bu günlərdə mətbuata açıqlamasında adıçəkilən villanın sauna hissəsinə jalüzlərin qurulmasında dizayner xidməti göstərməsinə görə millət vəkilinin ona xeyli borcu olduğunu bildirib.

Mövzunu diqqətdə saxlayacağıq.
Bolgexeber.com