BolgeXeber.Com » Xəbərlər » Cavid Hüseynov kassasiya şikayətini geri götürüb

Cavid Hüseynov kassasiya şikayətini geri götürüb

8-10-2016, 12:20
Oxunub: 2 200 Cavid Hüseynov kassasiya şikayətini geri götürübAnn.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilən kassasiya şikayətini geri götürüb

Bu barədə “Report”a C.Hüseynovun vəkili Adəm Məmmədov məlumat verib.

Vəkilin sözlərinə görə, C.Hüseynovla məsləhətləşəndən sonra kassasiya şikayətini geri götürmək qərarına gəlib. İşə Bakı Apellyasiya Məhkəməsində, hakim Əhməd Həsənovun sədrliyi ilə oktyabrın 12-də baxılacaq.

Xatırladaq ki, oktyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim H.Əhmədovun sədrliyi ilə keçirilməli olan proses təxirə salınıb. Buna səbəb C.Hüseynovun vəkili A.Məmmədovun ilkin qərardaddan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etməsi olub.

Qeyd edək ki, Bakı şəhər sakini, Ann.tv-nin əməkdaşı Rasim Məmmədəli oğlu Əliyev 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, “Qəbələ” klubunun sabiq kapitanı C.Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirilməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı keçən il dekabrın 22-də tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
2016-cı il aprelin 1-də keçirilən iclada hökm oxunub. Məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və “Qəbələ”nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib.

May ayının 31-də Səbail Rayon Məhkəmənin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan C.Hüseynov apellyasiya şikayəti verib.