BolgeXeber.Com » Xəbərlər » Uçana aman verməyən AZAL

Uçana aman verməyən AZAL

9-10-2016, 16:02
Oxunub: 2 939 Uçana aman verməyən AZALNazim Bəydəmirli: “Ucuz reysləri sıradan çıxardırlar”

Bu ilin sentyabrında Heydər Əliyev Beynəlxalq Hava Limanı 365 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz çoxdur. Ümumilikdə, 2016-cı ilin ötən doqquz ayı ərzində Bakı hava limanı 2,5 milyon sərnişinə xidmət göstərib. Onlardan 1,5 milyon nəfəri AZAL aviaşirkətinə üstünlük verib. Bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 13 faiz çoxdur.

Bu müddət ərzində hava limanının yük terminalları vasitəsilə 11,4 milyon ton yük daşınıb. “Azərbaycan Hava Yolları”nın Naxçıvan və Gəncəyə daxili uçuşları ilə 431 min sərnişin daşınıb ki, bu da ümumi sərnişin dövriyyəsinin 15 faizini təşkil edir.

Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. Xaricə gedən sərnişinlərin ümumi sayının 38,3 faizi onların payına düşür. 2016-ci ildə ən məşhur istiqamətlərin siyahısına, həmçinin Antalya, Tehran və Tbilisi daxil olub. Bu il sərnişinlərin böyük axını İraqın Bağdad, Bəsrə və Ən-Nəcəf şəhərlərindən müşahidə olunub. Onların ümumi sayı təxminən 60 min nəfər təşkil edib. 2016-cı ildə “Pegasus”, “Iraqi Airways”, “Fly Baghdad”, “ATA Airlines”, “Air Cairo” və “Komaviatrans” aviaşirkətləri Azərbaycana uçuşlara başlayıb.

Digər ölkələrlə müqayisədə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti şirkətində (AZAL) istənilən istiqamətə bilet qiymətləri təxminən iki dəfə bahadır. Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətləri ilə bağlı "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) şirkətinin fəaliyyətinə tənqidlə yanaşması bu mənada hava yollarından istifadə edən insanların ürəyindən xəbər verdi. Həmin müşavirədə dövlət başçısı qeyd etdi ki, AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Hava nəqliyyatı üçün lazım olan yanacaq ölkəmizdə istehsal olunur, bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, aeroportlar dövlət hesabına tikilir. Dövlət tərəfindən AZAL-a yaradılan bu qədər böyük subsidiyalara rəğmən hava yolları şirkəti bilet qiymətlərini süni şəkildə qaldırır.

Prezident AZAL qarşısında çox mühüm sual qoyub: "Axı Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır?”

Ölkə başçısının bu iradından sonra AZAL yalnız Moskva ("Vnukovo" hava limanı), Dubay ("Əl-Məktum" hava limanı) İstanbul ("Sabiha Gökçən" hava limanı) və Antalyaya aşağı büdcəli reyslərə aviabiletlərin qiymətini endirib. Belə ki, 2016-ci il yanvarın 5-dən etibarən yuxarıda göstərilən istiqamətlərə aviabiletlərin qiyməti Bakıdan uçmaqla cəmi 89 avro təşkil edəcəyi ilə bağlı məlumat verildi. Digər istiqamətlərə aviabiletlərin qiymətlərə yenidən baxılacağı elan edilsə də lakin bu məsələyə hələ də baxılmayıb. “AZAL” həm keyfiyyətsiz, həm problemli, həm də baha qiymətə xidmət göstərən aviaşirkət kimi yadda qalıb. Bu halda 1,5 milyon nəfərin AZAL aviaşirkətinə üstünlük verməsi inandırıcı görünmür.

Monopoliya dövlətə zərər vurur
Uçana aman verməyən AZAL

İqtisadçı Nazim Bəydəmirli “Cümhuriyət”ə bildirib ki, istehlakçının o cümlədən sərnişinin də kimisə seçməsi məcburi olduqda onun başqa çıxış yolu qalmır: “Müqayisə üçün deyim ki, Kutaisidə, Budapeştə təyyarələr 40 avroya uçur. Yaxınlarda Polşaya getmişdim, AZAL-ın qiymətləri baha olduğuna görə, məcburən Ukrayna hava yollarını seçdim. Baxmayaraq ki, AZAL aviaşirkətilə gündüz getmək daha yaxşı olardı, amma məcbur olub bu reyslə gecə getməli oldum. Çünki müqayisə etdikdə qiymət iki dəfədən daha çox bahadır. Xarici kampaniyaların qiyməti aşağı olsa da belə, AZAL-ın xarici partnyorlara göstərdiyi xidmət çox yüksək olduğundan onlar da məcburən yüksək qiymətə xidmət göstərirlər. Hava limanının tarif və vergi rüsumları təqribən 50-50-yə bölünür. Yəni, tarif qədər də xidmət haqqı var. Bu nə dərəcədə düzgündür? Bu yolla AZAL ucuz reysləri sıradan çıxardır.

Əgər o tariflər normal olmuş olsaydı, AZAL-ın göstərdiyi xidmətləri heç kəs seçməzdi. Bu, çox ciddi problemdir. “Vizair”, “Pegasus” kimi aviaşirkətlər orta və aşağı təbəqələrə xidmət göstərə bilir. Hətta onları buraxmırlar. Dəfələrlə bu barədə fikirlər səslənib. Fərq iki dəfədən artıq çox olduqda vətəndaş məcburdur başqa seçim etsin. Hesab edirəm ki, təkcə AZAL-ın xidmətində deyil, bütün Azərbaycanın iqtisadiyyatında monopolyalaşma çox yüksək səviyyədədir. Bu, ilk növbədə vətəndaşların cibinə, sonra isə dövlətə ziyandır. Çünki vergi toplanışı azalır, nəticədə əhalinin etibarı-inamı da azalır”.

Nisbətən ucuz aviaşirkətlərdən də bilet əldə etmək problem olur. Bunu süni yaradılmış maneə saymaq olarmı?

İqtisadçı vurğulayıb ki, həmin aviaşirkətlərə uçuş qrafiki az verilir: “Müxtəlif variantlarla AZAL onlara təklif edir ki, gecə uçuşlarını həyata keçirin. Baxmayaraq ki, gecə uçuşlarında sıxlıq yoxdur, amma o şirkətlər məcbur edilir. Həmin aviaşirkətlərində uçacağı mərkəzi şəhərlərdə gecə qrafiki olmur. Gərək beynəlxalq aviasiya korporasiyalarında əvvəlcədən uçuş qrafiki razılaşdırılsın. Ukrayna Rusiyaya sanksiya tətbiq edib.

Onlar uçuşlarını Türkiyənin Qara dəniz üzərindən həyata keçirirlər. Azərbaycana uçan sərnişin təyyarələri başqa ölkələrdə müxtəlif maneələrlə üzləşir. Ucuz xidmət göstərə bilən aviaşirkətlər Azərbaycanda qrafiklə, xidmətlə, dayanacaqda durma haqqı, yanacağın bahalılığı, hava limanında digər xidmətlərlə bağlı süni maneələrlə rastlaşır. Bu amillər hamısı həmin aviaşirkətlərə təsir edir. Onlar məcburi olaraq sıxışdırılıb çıxarılır. AZAL vətəndaşları onların xidmətindən istifadə etməyə məcbur edir. Keyfiyyətlə, qiymətlə, xidmət səviyyəsi ilə yox, inzibati metodlarla digər kampaniyaları bazarda sıxışdırır”.



cebhe.info