BolgeXeber.Com » Xəbərlər » Heydər Əliyev: “Azərbaycan polisi şanlı bir tarix keçibdir!”

Heydər Əliyev: “Azərbaycan polisi şanlı bir tarix keçibdir!”

21-12-2016, 11:07
Oxunub: 3 752 Heydər Əliyev: “Azərbaycan polisi şanlı bir tarix keçibdir!”1913-cü ilin fevral ayında Bakı şəhərinin əhalisinin sayının artması ilə əlaqədar olaraq Bakı polisi 3 növbəli iş rejiminə keçmişdir

Uzun illərdir ölkə mətbuatında dərc olunan məlumatlar polislərimiz haqqında mənfi fikirlərin formalaşmasına yol açıb.Təbii ki vəzifəsinə xəyanət edən insanlar istənilən sahədə olur, həmçinin belə şərəfli peşə sahiblərinin arasında da.
Bəzən beynimizdə özünə yer etmiş mənfi düşüncələri özümüzdən uzaqlaşdırıb daha geniş baxmağa ehtiyac var. Çünki “Azərbaycan polisi” həqiqətən də indiki vəziyyətə gəlib çıxmaq üçün çox ağır sınaqlardan üzüağ çıxmağı bacarıb.
Gəlin, bir az tarixə nəzər salaq:
Bakı şəhər Polis İdarəsi 1841-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlamışdır.

Polis İdarəsi yarandığı gündən Bakı şəhərində ictimai təhlükəsizliyin təmin edilməsində müəyyən nailiyyətlər əldə etmiş, cinayətkarlığa qarşı mübarizə sistemli şəkil almış, neft mədənlərində fəhlələrin mitinq və kütləvi aksiyalarının qarşısının alınmasında danılmaz rolu olmuşdur. 1860-cı ildə yeni inzibati ərazi islahatı keçirilməsi ilə əlaqədar olaraq, Quba qəzası Bakı şəhəri ilə birləşdirilir və Bakı Quberniyası yaradılır.

1867-ci ildə Bakıda quberniya-jandarm polis idarəsi yaradılır. 1868-ci ildə Bakı Polis jandarm idarəsi qəza polis idarəsinə çevrilir. Bakı Qəza polis idarəsi rəis, onun iki köməkçisi, katiblik, iki iş icraçısı, tərcüməçi, sənət göndərən polis nəfərləri və həbs yerlərinə nəzarət edənlərdən ibarət idi.
1867-ci ildə Bakı Quberniyasında polis idarəsi yaradılır.

1870 - 1880-cı illərdə keçirilən islahatlar nəticəsində Rus imperiyasında ilk dəfə olaraq DİN-ə tabe olan bir sistem halında daxili işlər orqanları yaradılır.
Bakı Polis İdarəsi polismeysterdən, istintaq və xüsusi pristavlardan, eləcə də şəhər əhalisindən seçilmiş deputatlardan ibarət idi.

1913-cü ilin fevral ayında Bakı şəhərinin əhalisinin sayının artması ilə əlaqədar olaraq Bakı polisi 3 növbəli iş rejiminə keçmişdir.
1914-cü ilin fevral ayında Bakı Dumasının qərarı ilə Bakı Ünvan Masası Bakı Polismeysterliyinin tabeçiliyinə keçmişdir.
1916-cı ilin sentyabr ayında Bakı Polismeysterliyinin Axtarış Polisinin nəzdində Qeydiyyat şöbəsi yaradılmışdır.

Ulu öndər Heydər Əliyev müharibə illərində Azərbaycan polisinin xidmətlərini çox yüksək qiymətləndirmişdir: «Azərbaycan polisi şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir.»
Azərbaycan dövlətinin hərtərəfli inkişafında və milli dövlətçilik ənənələrimizin bərpa olunmasında əvəzsiz tarixi xidmətləri olan ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışı, müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkədə qayda-qanun yaradılması, xaos və özbaşınalığa son qoyulması, dövlətimizin ictimai- siyasi, iqtisadi böhrandan çıxarılması, qanunsuz silahlı dəstələrin ləğv olunması, xalqımız qarşısında yaranmış çoxsaylı problemlərin həll edilməsi, hüquq- mühafizə orqanlarının möhkəmləndirilməsi sahəsində atdığı müdrik və qətiyyətli addımlar respublikamızın əhalisi tərəfindən rəğbət və hörmətlə qarşılandı.

Beləliklə, ulu öndər Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daxili işlər orqanlarının fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin təməli qoyuldu. 1994-cü ilin aprel ayının 29-da cənab Ramil Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilməsi, az sonra “ Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 9 avqust 1994-cü il tarixli Prezident Fərmanının imzalanması ilə qanunçuluq və dövlətçilik prinsipləri ön plana çəkildi, Azərbaycan polisi yüksək nüfuzunu bərpa etdi.

Ümummilli lider Heydər Əliyev cənablarının 28 may 1998-ci il tarixli fərmanı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk nizami polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi günü elan edilmişdir. Bununla əlaqədar polis əməkdaşları hər il 2 iyulu peşə bayramı kimi qeyd edirlər.

Azərbaycan polisinin ayrılmaz tərkib hissəsi olan Bakı polisi bu gün müasir tələblərə cavab verən inzibati bina, texnika və avtomobillərlə, silah-sursat, rabitə vasitələri, elektron avadanlıqlarla təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan polisinin peşəkarlıq səviyyəsini, texniki təchizatını diqqətdə saxladığı kimi, sosial rifahını da diqqətdə saxlayır. Daxili işlər orqanları əməkdaşlarının maaşları mütəmadi olaraq artırılır, sosial vəziyyəti yaxşılaşır.

Azərbaycan Respublikasının Prezidenti bu barədə demişdir: «Polis orqanlarının fəaliyyətini təkmilləşdirmək, iş keyfiyyətini, peşə hazırlığını və bilik səviyyəsini artırmaq məqsədilə yeni axtarış və informasiya texnologiyaları ilə təmini, maddi-texniki bazanın ən müasir tələblər səviyyəsinə çatdırılması və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görülür. Polisin inkişafına dövlət qayğısı bundan sonra da davam edəcəkdir».

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsas strukturlarından biri olan Bakı şəhər Baş Polis İdarəsi bu diqqətin, qayğının sayəsində sürətlə inkişaf edir, həm peşəkarlıq, həm texniki təchizat, həm də mənəvi tələbat baxımından müasir standartlara cavab verəcək səviyyəyə yüksəlir.
Bolgexeber.com