BolgeXeber.Com » Xəbərlər » Hərbçimiz əsir götürülüb? – RƏSMİ AÇIQLAMA

Hərbçimiz əsir götürülüb? – RƏSMİ AÇIQLAMA

2-02-2017, 12:22
Oxunub: 2 003 Hərbçimiz əsir götürülüb? – RƏSMİ AÇIQLAMAAzərbaycan Müdafiə Nazirliyi ermənilərin əlinə düşən Elnur Hüseynzadə ilə bağlı növbəti açıqlama yayıb

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, erməni tərəfi guya Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin fevralın 1-də cəbhə xəttində təxribat törətməsi və hərbi qulluqçu Elnur Hüseynzadənin əsir düşməsi barədə yaydığı yalan məlumatdan şou düzəltmək niyyətindədir.

“Böyük ehtimalla ermənilər Elnur Hüseynzadənin hərbçi olduğunu nümayiş etdirmək üçün onun əsir düşdüyü zaman guya hərbi geyimdə, hətta silahlı olmasını belə əks etdirən foto və video materialların yayılmasını təşkil edə bilər. Onu da qeyd edək ki, hərbi geyim formasını müxtəlif xüsusiləşdirilmiş ticarət obyektlərindən də əldə etmək mümkündür”.

Müdafiə Nazirliyi KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşınının uydurmalarına inanmamağa çağırır və bir daha bildirir ki, E.Hüseynzadə bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

09:39

Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır.

Bolgexeber.com Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib.

Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, silahlı qüvvələrin təmas xəttinin şimal istiqamətində, Talış kəndi yaxınlığında baş vermiş silahlı qarşıdurma nəticəsində Azərbaycan ordusunun əsgəri əsir düşüb.

Bu barədə news.am portalı xəbər yayıb. Məlumata əsasən, döyüş fevralın 1-i təxminən saat 15:00-da baş verib.

Ermənistan Müdafiə Nazirliyinin xəbərinə görə, əsir düşmüş əsgər 1995-ci ildə Bərdə rayonunda anadan olmuş sıravi Elnur Hüseynzadədir.