BolgeXeber.Com » Xəbərlər » Limon satan gənc imdad diləyir - “Ümidim prezidentədir, bir də Allaha”...

Limon satan gənc imdad diləyir - “Ümidim prezidentədir, bir də Allaha”...

11-02-2017, 09:43
Oxunub: 2 728 Limon satan gənc imdad diləyir - “Ümidim prezidentədir, bir də Allaha”...O deyir ki, rayonda neçə banka borcları var

Onu bir neçə dəfə paytaxtda, metrostansiyanın girişində limon satanda görmüşdüm. Əlində bir neçə limon, qarşısında da bir kiçik yeşik dayanıb yoldan keçənlərə səslənirdi, “limon alın”,- deyirdi. Gənc oğlan idi, adətən limon satanların ağbirçək qadınlar olduğunu gördüyümdən, oğlanın limon satmasını fərqli qarşılamışdım- rastlanmayan bir olay kimi. İki gün əvvəl isə həmin gənc redaksiyamıza gəlmişdi, görən kimi tanıdım- əlində də dövlət başçısına yazılmış yalvarış dolu məktub vardı...

Tofiq Məmmədovun 26 yaşı var, Astara rayonunun Ərçivan qəsəbəsindəndir.

Deyir ki, aylardır Bakıya bir parça çörək ümidi ilə gəlib və rayondakı yeddi nəfərlik ailə də ondan çörək gözləyir: “Dörd aydır Bakıya gəlmişəm, limon satıb ailəmi dolandırıram. Yeddi nəfərlik ailəyik, atam, anam, bacım, onun körpəsi...”. Gözləri dolur, ailənin digər üzvlərini saya bilmir və əlindəki məktubu göstərib deyir ki, indi onlar hamısı, həmin körpə qarışıq evdə soyuqdan və acından acınacaqlı durumdadırlar: “Deyiləsi deyil. Rayona getməyə üzüm də qalmayıb. Dörd ay əvvəl evimizdə qazı kəsdilər, çünki 300 manat borcumuz vardı. Biz o qədər pulu verə bilmirdik, ailədə hamı xəstə və işsizdir. Rayonda iş yoxdur. Getdim qaz idarəsinin müdirinin yanına, xahiş etdim, yalvardım ki, qaz versin evimizə, evdə körpə donur, xəstə atam var, infaktdır. Müdir dedi ki, bu, mümkün deyil. Xahiş etdim, söz verdim ki, az-az ödəyəcəm, 20 manat, 30 manat. Kasıb adamlarıq, amma gedəsi, qaçası yerimiz yoxdur ki, ödəyəcəm, dedim, razılaşmadı. O qədər pulu birdəfəyə gördüyüm yadıma gəlmir, nə edim ki?”. Gənc elə həmin pulu düzəltmək üçün gəlib Bakıya: “İndi də belə, aylardır limon satıram, amma evə yavanlıq güclə göndərirəm”. Özü gündəlik evlərdə qalır, soyuq bir otaqda onlarla adam, günü də 3 manata: “Pul olmasa, küçədə qalıram. Elə də olub. Bu soyuqda küçədə qalmışam. Pul olanda da günü üç manatdan evdə qalıram”.

Onun sözlərinə görə, iş üçün rayonda dəfələrlə icra başçısının qəbulunda olub, bir çox müdirlərin qapısını döyüb, sonda da çarəsizlikdən Bakıya gəlib. Müsahibim deyir ki, indi paytaxtda gününün çox hissəsi polis bölmələrində keçir, onu limon satmağa da qoymurlar: “Günümüz polislərdən gizlənə-gizlənə keçir, qoymurlar, deyirlər küçə ticarəti qadağandır. Başa sala bilmirəm ki, evdə ailəm acdır, soyuqdadır, məndən pul gözləyir, mümkün deyil. Elə gün olur bir manat qazanc olmur. Limon olmayanda qadın “broşkaları” (saç sancağı-red) satıram, indi də limon qurtarıb, əlimdə pul yoxdur alıb gətirim”.

O deyir ki, rayonda neçə banka borcları var: “Hətta tanışların da adına borc götürmüşük, indi verə bilmirik. Atam ağır xəstə idi, əməliyyat üçün qohum-qonşuya yalvarıb borc aldıq, indi o pul da üstümüzdədir. Bu gün anam zəng edib ki, heç olmasa, evə 30 manat göndər, borclardan verək”. Əlində dövlət başçısına yazdığı məktubu göndərib xahiş edir ki, olduğu kimi qəzetdə yazaq: “Prezidentdən xahiş edirəm, bizi belə zülümdə qoymasın. Qışın günündə evdə odun belə tapmırlar yandırmağa. Qaloş, rezin, nə bilim, əllərinə nə keçir, yandırırlar hərdən. Yaşayışımız deyiləsi deyil. Yalvarıram, heç olmasa, göstəriş versin, qazımızı açsınlar, bu qədər insafsızlıq olmaz. Evdə körpəmiz soyuqdan xəstəlik tapıb, həkimə aparmağa pul yoxdur”. Məktubu verib gedir, ardınca gedirəm, metrostansiyalardan birində çıxır və zirzəmiyə girir, az sonra əlində iki qutu saç sancağı ilə küçəyə çıxır. Məni görüb duruxur, sonra özünü ələ alır: “Bu gün hələ siftə etməmişəm, inanın, səhərdən yemək də yeməmişəm, ümidim prezidentədir, bir də Allaha, görək məktubun axırı necə olur”...