BolgeXeber.Com » Xəbərlər » Xınalıq muzeyinə “xına çəkilməsinə” ehtiyac var

Xınalıq muzeyinə “xına çəkilməsinə” ehtiyac var

6-03-2017, 18:25
Oxunub: 8 247 Xınalıq muzeyinə “xına çəkilməsinə” ehtiyac varXınalıqda çox şey dəyişib, yəni yeni tikililərin hesabına bir müasirləşmə də var. Lakin Azərbaycana qədim Xınalığın qorunub saxlanılması vacibdir

HAKİMİYYET.AZ saytının elektron ünvanına Müqəddəs Mehdiyev tərəfindən müraciət daxil olub.Müraciətdə deyilir:

Mən Azərbaycanımın ən ucqar və sərhəd kəndi olan Quba rayonunun Xınalıq kəndinin tarixi, burada yaşayanların dili, mədəniyyəti və digər məsələlərdən bəhs etməyəcəyəm. Çünki bu barədə çoxsaylı məqalələr var, kitablar buraxılıb, televiziya verilişləri hazırlanıb. Təxminən 5 000 illik tarixi olan bu qədim kənd təkcə Azərbaycanın yox, Qafqazın da ən unikal məkanlarından biridir. Təbii ki, biz bu ərazini qorumalı, dünyaya nümayiş etdirməli və bacardığımız işləri görüb gələcək nəsillərə ötürməliyik.

2001-ci ildə Xınalıqda bir tarix-etnoqrafiya muzeyi yaradılıb. Elə bilməyin ki, bu muzey dövlət tərəfindən inşa edilib. Xeyr, kənd sakini Xəlilrəhman Cabbarov öz vəsaiti hesabına kəndinin çox-çox qədim dövrlərdən xəbər verən əşyalarını toplayaraq burada yerləşdirib. Muzeydə o dövrlərin kilim və xalçaları, gil və mis qabları, əmək alətləri, əlyazmaları, qədim Qurani Kərim, daş kitabələr və daha nələr yoxdur? Bu muzeyi ölkəmizə gələn hər bir xarici qonağın görməsi kifayətdir ki, məmləkətimizin tarixinin qədim dövrlərə gedib çıxdığını başa düşsün. Bu isə indi bizə çox lazımdır. Düşmən Ermənistan və onun havadarları hər vəchlə Azərbaycanın tarixini kiçiltməyə və saxtalaşdırmağa çalışırlar. Xınalıq isə çox şeyi sübut edir. Azərbaycanlıların başqa etnik xalqların nümayəndələri ilə bir ailə kimi olduğunu, çiyin-çiyinə durduğunu göstərir. O kəslərə ki, ərazilərində monomillət yaratıblar. Bizsə onlardan deyilik. Azərbaycan çoxmillətlidir, bununla daim fəxr edirik. Çünki ölkəmizdə yaşayan bütün millət və xalqların birgə zəhməti ilə yaranmış bir tarix və mədəniyyət var. Bədxahların gözü isə bunu götürmür.

Nə isə, çox uzağa getdim. Mən Xınalıqdakı Xəlilrəhman kişinin qurub-yaratdığı tarix-etnoqrafiya muzeyi haqqında danışmaq istəyirəm. Min bir zəhmətlə və əziyyətlə ərsəyə gəlmiş bu muzeyin böyüməsi, eksponatlarla zənginləşməsi, müasir dövrün tələblərinə cavab verməsi çox vacibdir. Di gəl ki, Azərbaycana turist axının çoxaldığı bir vaxtda muzeydə problemlər yaranıb. Toplanmış iki minə yaxın eksponat normal şəkildə qorunub saxlanılmır. Elə Xəlilrəhman Cabbarovu da ciddi narahat edən budur. Bizimlə söhbətində muzeyin yaradılmasından fəxrlə danışsa da, problemlərdən də söz açdı. Binanın dam örtüyünün təmirə ehtiyacı var, buraya gedən yol bərbad vəziyyətdədir, eksponatlar üçün yer və vitirin çatmır, döşəmə və tavan yarıtmaz haldadır, muzey damır. Bir sözlə, Xınalıq muzeyinə “xına çəkilməlidir”, cəmi 160 kvadratmetrlik sahədə təmir işləri aparılmalıdır. Vəsait isə yoxdur. Doğrudur, bu muzey ədliyyə nazirliyindən “Xınalıq” tarix-etnoqrafiya muzeyi MMC kimi qeydiyyatdan keçib, möhürü və ştampı, VÖEN-i də mövcuddur. Nə faydası? Nə gəlir var, nə də başqa dövlət qurumlarından bir kömək. Əlbəttə, Xəlilrəhman Cabbarov bu muzeyi istər turistlər, istərsə də yerli camaat üçün pullu edə bilər. Açığını deyək ki, yaz-yay aylarında buraya gələn xaricilərin sayı da ildən-ilə çoxalır. Bir də ki, lap elə pul qazanılsa da Xəlilrəhman kişinin ideyalarını gerçəkəşdirməyə kifayət etməz. Çünki, havalandırma sistemindən tutmuş, müasir tipli vitirinlərədək problemləri həll etmək o qədər də asan məsələ deyil. Əgər muzeyə qalxan yolun və binanın bəzi təmir işlərini də nəzərə alsaq çətinlik çoxdur. Dövlət yardımına mütləq ehtiyac var.

Bir məsələyə də toxunmaq istəyirəm, bu mənim ağrılı yerimidir. Necə olur ki, ortabab yaşayan Xəlilrəhman Cabbarov daha çox öz şəxsi büdcəsi hesabına, bir-iki dost-tanışının köməyi ilə dövlətdən bir qəpik də almadan muzey tikir, iki minədək eksponat toplayır. Və bu muzey indi Azərbaycanın ən gərəkli lakin baxımsız bir guşəsinə çevrilib. Axı dövlət bir yana, indi Qubanın Qəçrəş və Xınalıq ərazilərində bəzi zənginlər və vəzifəlilər gözəl villalar ucaldırlar. Xoş halalları. Nə edək, bizdə belədir də. Kasıb muzey tikir, zəngin isə villa… Nə olar, villaların təkcə qala divarları boyda olan hasarlarına pul xərcləməkdənsə muzeyə kömək etmək olmazmı? Axı Xınalıqdakı villada yaşayan bir şəxsin xarici qonağı gələrsə baxımsız vəziyyətdə olan muzeyi göstərməkdən utanmazmı? Nə bilim, məncə bu məmləkəti və onun hər daşını belə ürəkdən sevəsən gərək. Ancaq onda tarix və muzey yada düşər.

Xınalıqda çox şey dəyişib, yəni yeni tikililərin hesabına bir müasirləşmə də var. Lakin Azərbaycana qədim Xınalığın qorunub saxlanılması vacibdir. Əslində bu kənd özü bir muzeydir, məmləkətimizin qədimiliyinin aynasıdır. Burada fəaliyyət göstərən muzeyə gəlincə isə, binadakı eksponatlar həmin qədimiliyin bariz nümunəsidir. Bax, belə yanaşmalıyıq muzeyə. Xəlilrəhman kişi də bunu istəyir. Arzulayır ki, gələcək nəsil 160 kvadratmetrlik sahədə geriyə boylanıb ulu əcdadlarımızın yaratdıqlarını, yazdıqlarını, işlətdiklərini görə bilsinlər. Xəlilrəhman Cabbarov bizimlə söhbətində kömək üçün konkret dövlət qurumlarının və şəxslərin adını sadalamadı. Bircə, mədəniyyət və turizm nazirliyindən qarşılaşdığı problemlərə yardım göstərilməsini istədi. Bir də onu əlavə etdi ki, ən böyük ümidi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev adına fondun prezidenti Mehriban xanım Əliyevayadır. Çünki H. Əliyev adına fond daim bu qədim yaşayış məskəni ilə yaxından maraqlanıb və müəyyən işlər görüb.

Xəlilrəhman Cabbarov daha bir vacib problemin də həll olunmasını istəyir. Bunu təkcə o yox, biz də arzulayırıq. Söhbət qədim Xınalığın uçmuş hissəsinin bərpasından gedir. Təbii ki, buna çoxlu dövlət vəsaiti lazımdır. Donorlar və könüllülər də tapmaq olar. Amma inanıram ki, Azərbaycanımın ən qədim kəndinin bərpasına dövlət başçımız İlham Əliyev laqeyd qalmayacaq. Necə ki, bu kəndə yol çəkdirdi, yeni məktəb inşa etdirdi və sair işlər gördürdü. İndi isə bircə sərəncama ehtiyac var. Bu da Xınalığın uçulmuş hissəsinin bərpası üçün prezidentin ehtiyat fondundan vəsait ayrılması barədə sərəncamdır. Məncə, bu da olacaq. Necə ki, əvvəlkilər olub.
Xınalıq muzeyinə “xına çəkilməsinə” ehtiyac var