BolgeXeber.Com » Xəbərlər » Şadlıq saraylarında polis postu qurulacaq? - COVID pasportu necə yoxlanılacaq?

Şadlıq saraylarında polis postu qurulacaq? - COVID pasportu necə yoxlanılacaq?

26-05-2021, 13:45
Oxunub: 1 192 Xəbər verdiyimiz kimi, Azərbaycanda COVID pasportu və immunitet sertifikatı almış şəxslərin gedə biləcəkləri məkanlar məlum olub.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində bildirib ki, COVID pasportu və immunitet sertifikatı almış şəxslər toylara, teatr, kinoteatr və şənlik məkanlarına maneəsiz giriş edə biləcəklər.

Maraqlıdır, peyvəndin könüllülük prinsipi ilə aparılması ilə yanaşı pasportunun tələb edilməsi ictimaiyyətdə necə qarşılanıb? Ümumiyyətlə, adıçəkilən məkanlara giriş zamanı COVID pasportunun yoxlanılması necə tənzimlənəcək?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, bu kimi məsələlərin icrası ilə bağlı konkret tədbirlə icra strukturları tərəfindən hazırlanır:

“Təbii ki, hər bir təlimatın doğru, düzgün və reallığa əsaslanaraq hazırlanması vacibdir. Biz artıq xarici ölkələrə səfərlərdə, idman zallarının açılmasında konkret olaraq bəzi təlimatların olduğunu görürük. Toyların keçirilməsində də say baxımından, pasportların yoxlanılması baxımından bəzi təlimatların hazırlanması vacibdir. Bu məsələ ilə də müvafiq strukturlar məşğul olacaqlar.

Bütün məsələlər şəffaf şəkildə, insanların həyatlarının rahatlaşdırılması istiqamətində tənzimlənməlidir. Bu zaman qaydaların pozulması hallarına yol verilmir. Biz pandemiya reallığını yaddan çıxarmamalıyıq. Bütün fəaliyyətimizi, işimizi elə qurmalıyıq ki, pandemiya reallığı unudulmasın. Yoluxma ehtimalını həmişə göz önündə tutmalıyıq. Bu baxımdan yumşalmalarda da bütün təhlükəsizlik tədbirlərinə əməl etməklə addımlar atılmalıdır”.

Deputat qeyd edib ki, kimlər ki qayda pozuntusuna yol verəcək onların da qarşısını almaq lazımdır:

“Biz həm məhdudlaşmaların tədricən aradan götürülməsini həyata keçirməliyik, həm də məhdudlaşdırılmalarda insanların həyatının rahatlaması üçün münasib təlimatların hazırlanması üçün çalışmalıyıq. Bu təlimatlar müvafiq icra strukturları tərəfindən hazırlanacaq.

Məhdudlaşmaların yumşaldılmasına münbit şərait yaradılıb. Bu sahədə də Operativ Qərargahın verdiyi qərarlar əhalinin tələblərini də təmin edir. Sadəcə olaraq, peyvəndlərdə könüllülük prinsipi ilə yanaşı hər bir insanımız bunu vətəndaş məsuliyyəti kimi qəbul etməlidir.

Pandemiya dövründə öz sağlamlığımızı qorumaq şəxsi məsələmiz deyil. Biz öz sağlamlığımızla yanaşı, digər insanların sağlamlığını, onların da hüquqlarını qorumalıyıq. Birimiz yoluxanda digər insanları da yoluxdurarıqsa, bu həm onların hüquqlarının pozulmasıdır, həm də onların sağlamlığına təhlükə yaratmaqdır. Mən bir daha ictimaiyyətə səslənərək bildirmək istəyirəm ki, hər birimiz könüllük prinsipləri ilə yanaşı vətəndaş məsuliyyətini də ön planda tutaq”.

AMEA Fəlsəfə İnstitunun fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov da açıqlamasında bildirib ki, bütün hallarda dövlətin, hökümətin verdiyi qərarlara hörmətlə yanaşmalıyıq:

“Belə bir qərarın verilməsi gözlənilirsə, vətəndaşlarımız da buna əməl etməyə çalışmalıdırlar. Digər tərəfdən də biz qəbul edilən qərarların ictimai rəydə necə qarşılanacağını da nəzərə almalıyıq. Hələlik vaksinasiya ilə bağlı konkret olaraq məcburiyyət tətbiq edilmir. Vaksinasiya könüllülük prinsipinə əsaslanır. Vətəndaşlar da yaxınlarının toy məclisində iştirak etmək üçün yəqin ki, peyvənd olunmağa könüllü olaraq razı olacaqlar.

Bu bir növ toy şənliklərində iştirak edəcək insanların özünün sağlamlıq baxımından təhlükəsizliyini qorumaq üçün atılan addımdır. Digər tərəfdən proses elə düşünülüb ki, insanların daha çox təlabatı olduğu sahələrdə sonda peyvənd olunmağa gətirib çıxaracaq mexanizmdir. Təkcə toylarla bağlı deyil, məsələn, kimsə dövlət qulluğunda çalışır və rəhbərlik onlara vaksin olunmaq üçün hansısa mesajlar verir. Nəticədə çalışanlar göstərişə əməl etmək məcburiyyətində qalırlar”.

Sosioloq qeyd edib ki, bu cür mexanizmlər vaksinasiyanın tədricən kütləviləşməsinə gətirib çıxarır:

“Burada əsas məqamlardan biri də insanların sağlamlığının təhlükəsizliyi baxımından düşünülmüş bir addımdır. Gəlin məsələnin əks tərəfini də düşünək. Təsəvvür edin ki, ənənəvi qaydada toy mərasimləri keçirilir, orada yüzlərlə insan var və hansısa koronavirus xəstələri özləri də bilmədən orada iştirak edir. Nəticədə onlarla, yüzlərlə insan virusa yoluxma təhlükəsi ilə qarşı-qarşıya qalacaq.

Bu baxımdan, hökümətin qərarını doğru hesab etmək olar. İnsanlarımız da daha diqqətli olmalıdırlar. Təkcə peyvəndə etibar etmək deyil, şəxsi gigiyena qaydalarına da əməl etmək lazımdır. Peyvənd pasportu ilə toylara icazə verilməsi ictimai rəydə o qədər də pozitiv qarşılanmır. Lakin reallığı da nəzərə alaraq məsələyə kompleks yanaşmaq lazımdır”.