BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət İdarəsində cari ilin yekunlarına həsr olunmuş növbəti Şura iclası keçirilib

Bərdə Regional Mədəniyyət İdarəsində cari ilin yekunlarına həsr olunmuş növbəti Şura iclası keçirilib

29-12-2021, 18:43
Oxunub: 1 176 28 dekabr 2021-ci il tarixində Bərdə Regional Mədəniyyət İdarəsi 2021-ci ilin yekunlarına və 2022-ci il üçün qarşıda duran vəzifələrə həsr olunmuş növbəti Şura iclası keçirib. İclas vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş, o cümlədən Azərbaycan mədəniyyətinin təşəkkül tapmasında, inkişafında misilsiz xidmətləri olan görkəmli xadimlərin ölməz ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Regional İdarənin rəisi İlyas Hacıyevin sədrliyi ilə keçirilən şura iclasında gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub, əldə olunmuş ciddi nailiyyətlərdən və nöqsanlardan söz açılıb. İllik hesabat məruzəsi ilə çıxış edən regional idarənin şəhər və rayonları üzrə nümayəndələr tabe mədəniyyət müəssisələrinin respublika və beynəlxalq tədbirlərdə, müsabiqə və festivallarda uğurla iştirakı, qazanılmış naliyyətlər, keçirilmiş layihələr haqqında geniş məlumat veriblər.
Daha sonra çıxış edən Şuranın üzvü, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova regional idarənin tabeliyində olan mədəniyyət müəssisələrinin hərbi vətənpərvərlik sahəsində gördüyü işlərdən, aparılan mütəmadi tədbirlərdən, 1996-cı ildən qurulan qarşılıqlı əməkdaşlıqdan, Vətən müharibəsi zamanı regional idarənin göstərdiyi dəstəkdən, il ərzində şəhid ailələri və qazilərərə göstərilmiş diqqətdən söz açıb. Qeyd olunub ki, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanması yönündə regionda çox sayda tədbirlər və layihələr icra olunur. Bütün bunlar nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə regional idarənin rəisi İlyas Hacıyev “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.
Şura iclasında regional idarənin rəisi, Şuranın sədri İlyas Hacıyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər Regional şöbəsi tərəfindən baş idarəyə olunmuş təqdimata əsasən Vətən müharibəsində arxa cəbhədə göstərdiyi fəaliyyətlərə görə “Böyük Zəfər” xatirə medalı ilə təltif olunub. Eyni zamanda, müvafiq təqdimata əsasən İlyas Hacıyev Tərtər Regional şöbəsinin Fəxri üzvü seçilmişdir.
Təqdim olunan medalların regional idarənin bütün mədəniyyət işçilərinə aid olduğunu qeyd edən regional idarənin rəisi, Şuranın sədri İlyas Hacıyev bildirib ki, dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edir, bütün sahələrdə əldə edilən nailiyyətlər gələcəyə nikbin baxmağa imkan verir. Bu gün istər daxili, istərsə də xarici arenada qazanılmış nailiyyətlər, torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunması ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanan və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticələridir.
Şura iclasında il ərzində regionda mədəniyyət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edən bir neçə mədəniyyət işçiləri regional idarənin rəhbərliyi tərəfindən Fəxri Fərman və Təşəkkürnamə ilə təltif etmiş, onlara qiymətli hədiyyələr təqdim etmişdir.
Sonda regional idarənin rəisi, Şuranın sədri İlyas Hacıyev bütün mədəniyyət işçiləri adından qalib ölkənin qalib Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə, o cümlədən ölkə rəhbəri başda olmaqla Birinci vitse-prezident Mehriban xanım Əliyevanı 31 dekabr-Dünya Azərbaycanlarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə təbrik edib, onlara məsuliyyətli və şərəfli işlərində uğurlar arzulayıb.
Tədbir “Yaşasın Azərbaycan!, Yaşasın Azərbaycan Xalqı!, Yaşasın müstəqil Azərbaycan Respublikasının Prezidenti!, Müzəffər ordumuzun Ali Baş Komandanı möhtərəm Prezidentimiz İlham Əliyev” şüarı ilə yekunlaşıb.