BolgeXeber.Com » Xəbərlər » Tərtərdə “Xocalı faciəsi”nin 30-cu ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya

Tərtərdə “Xocalı faciəsi”nin 30-cu ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya

19-02-2022, 12:13
Oxunub: 752 Tərtər Rayon Mədəniyyət Mərkəzində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin 28 yanvar 2022-ci il tarixli Xocalı soyqrımının 30-cu ildönümü münasibəti ilə imzaladığı Sərəncamın icrası ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Zülmətdən işığa” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevin, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının və ictimaiyyət nümayəndələrinin qatıldığı anım tədbirində Xocalı faciəsi qurbanları və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev Xocalı soyqırımı haqqında məlumat verərək bildiriblər ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib. Bu hərbi təcavüz nəticəsində Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan ordusunun qazandığı şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışan natiqlər Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qətiyyəti və sücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini qeyd ediblər.
Sonda Xocalı soyqrımı ilə əlaqədar olaraq Tərtər rayon Mədəniyyət Mərkəzinin hazırladığı “Zülmətdən işiğa” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.