BolgeXeber.Com » Xəbərlər » Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir

Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir

7-03-2022, 18:12
Oxunub: 1 432 YAP-ın sədrinin ölkə rəhbəri olaraq verdiyi   bütün vədlərə sadiqliyi və onu mükəmməl şəkildə yerinə yetirməsi xalq-iqtidar inamını sarsılmaz etmişdir.
Yeni Azərbaycan Partiyasının VII qurultayından bir il keçir. Ötən bir il göstərdi ki, Partiyamızın sədri, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin həmin Qurultayda dediyi “Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq” fikirləri  uğurla həyata keçirilir. Çünki Yeni Azərbaycan Partiyasının ideya mənbəyi ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin  parlaq ideyalarıdır.  Ulu Öndərin öz xalqına olan sadiqliyi və milli mənafe, ölkənin gələcəyi, müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi ilə bağlı olan mütərəqqi   ideyaları və strategiyası  xalqı onun nurlu və əbədiyaşar ideyaları ətrafında birləşdirməkdə davam edir. Biz heç zaman unuda bilmərik müstəqilliyimizin ilk illərində  gənc müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsini və ulu öndər Heydər Əliyevin dövləti və xalqı xilaskarlıq xidmətlərini... 90-cı illərin əvvəlində yaşanmış hərbi məğlubiyyət və daxili böhran ölkə suverenliyini, ərazi bütövlüyünü, ümumilikdə bütün dövlətin gələcəyini sual altına qoymuşdu. Ölkə daxilində gedən xoşagəlməz proseslər siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə də bu  təhdidləri daha da artırırdı. Məhz bu idarəetmənin və səriştəsizliyin nəticəsi idi ki,  torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı öz doğma torpaqlarından qovulmuşdu. Ümidsizlik, xaos, dövlətçiliyin məhv təhlukəsi ilə üz-üzə qalması, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması- bax bu idi o dövrün əsas xarakteristikası. Məhz  Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və peşəkarlığı müstəqilliyin qorunması və dönməzliyini təmin etdi. Ulu Öndərin müstəqilliklə bağlı qətiyyətli addımları bütün təhdidlərin qarşısını aldı. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Aparılan uğurlu siyasət sayəsində Azərbaycan  regionun lider ölkəsi statusunu qazandı. İqtisadi müstəqilliyi həm də siyasi müstəqilliyin möhkəmləndirilməsinin əsas şərt olaraq dəyərləndirən Azərbaycanı hərtərəfli inkişafını təmin etdi və habelə  regiona öz töhfəsini verməyə başladı. Azərbaycanla tərəfdaş ölkələrin sayı artmağa başladı. Ulu Öndər Heydər Əliyev ətrafında yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyəti nəticəsində ölkədə siyasi sabitlik təmin olundu və qısa müddət ərzində ümumxalq partiyasına çevrildi. Bu gün dünya siyasi arenasında YAP-ın nüfuzu YAP Asiya regionunda 350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir, həmçinin, dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) müşahidəçi üzvü olaraq fəaliyyətini davam etdirir, ayrı ayrı ölkələrin partiyaları ilə ikitərəfli əməkdaşlıqlar siyasi gediş və addımlarda uğurlu  bəhrəsini verir.
 Ötən dövr ərzində Yeni Azərbaycan Partiyasının qazandığı Qələbələr Partiyası imicinin bundan sonra da davam etdirilməsi üçün yeni perspektivlər və prioritet istiqamətlər müəyyənləşdirildi. İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratdı. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etdi. Effektiv nəticələrin əldə olunması naminə Yeni Azərbaycan Partiyasının yeni Proqramında ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən yeni əsas hədəfləri müəyyən edildi. YAP fəaliyyətinin növbəti strateji hədəfləri  Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış olaraq əlavələr qazandı. Siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə edən YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə xidmət edir. Bu mənada  YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilməlidir. Yeni idarəetmə modelini özündə ehtiva edən YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edir. Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu.  Ölkə başçısının həmçinin bəyan etdiyi digər Proqram və strategiyalar, qlobal layihələr ardıcıllıqla və uğurla həyata keçirilir. YAP-ın sədriinin ölkə rəhbəri olaraq verdiyi   bütün vədlərə sadiqliyi və onu mükəmməl şəkildə yerinə yetirməsi xalq-iqtidar inamını sarsılmaz etmişdir.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya