BolgeXeber.Com » Bölgə » Şirvanda apteklər kimin monopoliyasındadır?

Şirvanda apteklər kimin monopoliyasındadır?

15-03-2014, 08:40
Oxunub: 4 882 «Aptek Rəhman» kimi ad çıxaran iş adamının məntəqələrində Səhiyyə Nazirliyinin tələblərinə riayət edilmir



Sahibkarın nəzarətindəki apteklərdə ali və orta əczaçılıq təhsili olmayan şəxslər işləyir



Ölkədə dərman bazarının və biznesinin inkişafına yaradılan şərait aptek məntəqələrinin sayının artmasına səbəb olub. Əgər bir neçə il əvvələ kimi respublika ərazisində az sayda aptek fəaliyyət göstərirdisə, indi az qala hər tin başı bir aptek var. Bu sahədən yaxşı gəlirin əldə olunduğunu görən bəzi sahibkarlar aptek biznesində dərindən kök salaraq monopoliya yaradıblar. Bildirək ki, dərman bazarının böyük hissəsi Milli Məclisin deputatı Cavanşir Feyziyevə məxsus olan «Avromed» şirkətinin əlində cəmləşib.

Ölkə üzrə fəaliyyət göstərən bütün aptek məntəqələrinə məhz bu şirkət dərman paylayır. Səhiyyə Nazirliyinin «Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə tələbləri»nin ümumi müddəalarında göstərilir ki, aptek təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən yaradıla bilər. Aptek məntəqəsi dərman hazırlanması istisna edilməklə, reseptsiz və həkim resepti əsasında dərman buraxılışı, həmçinin dərman bitkiləri, uşaq və dietik qida məhsulları, şəxsi gigiyena vasitələri, müalicəvi mineral sular və s. satışı ilə məşğul olan aptek təşkilatıdır. Əczaçılıq fəaliyyəti üçün lisenziya almış aptek təşkilatları bu tələblərə cavab vermədikdə Səhiyyə Nazirliyi tərəfindən qanunvericiliyə uyğun olaraq onlara verilən lisenziyanın fəaliyyəti dayandırıla və ya lisenziya ləğv edilə bilər. Bu tələblərə əsasən, aptekin və aptek məntəqəsinin maddi-məsul şəxsi ali əczaçılıq təhsili, aptek köşkünün isə ali və ya orta əczaçılıq təhsili olan mütəxəssis olmalıdır. Aptek məntəqəsində və aptek köşkündə satıcı vəzifəsini ali və ya orta əczaçılıq təhsili olan şəxs tuta bilər.

Fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməmiş əczaçılar müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Təəssüf ki, Səhiyyə Nazirliyinin «Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə tələbləri»nə bəzi sahibkarlar tərəfindən riayət edilmir. Redaksiyamıza daxil olan məlumatlara əsasən, Şirvan şəhərində bir neçə apteki olan Rəhman adlı sahibkar da nazirliyin tələbinə məhəl qoymur. Verilən məlumatda deyilir ki, ona məxsus olan aptek məntəqələrində ali və orta əczaçılıq təhsili olmayan şəxslər işləyir ki, bu da bir sıra ciddi problemlərin, fəsadların ortaya çıxmasına şərait yaradır: «Şirvandakı ən böyük apteklər Rəhmana məxsusdur. Apteklərinin çoxluğuna görə rayonda hamı onu «Aptek Rəhman», yaxud «apteklər kralı» kimi tanıyır. Bundan başqa, onun başqa ticarət obyektləri də var. Buna baxmayaraq, əsas biznesini dərman sahəsində yaradıb. Onun sərəncamında olan aptek məntəqələrində tamam başqa ixtisas üzrə təhsil alan, yaxud ümumiyyətlə, təhsili olmayan insanlar işləyir. Vətəndaşlar həkimlər tərəfindən yazılan reseptləri aptek işçilərinə təqdim edib dərman istəyəndə qarşı tərəf çaşbaş qalır. Əczaçılıq təhsili alan şəxs dərhal reseptə baxıb hansı dərmanın lazım olduğunu bilir. Lakin «Aptek Rəhman»ın işçiləri əksər hallarda vətəndaşlara səhv dərman və dərman preparatlarını verirlər. Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələrinin belə məsələlərdən yəqin ki, xəbəri yoxdur. Sahibkar birbaşa nazirliyin bu sahəyə aid olan tələblərini pozur. Qanunla iş adamının heç bir apteki fəaliyyət göstərməməlidir. Tələblərə görə, fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməmiş əczaçılar müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Biznesmenin apteklərində işləyənlər isə nəinki 5 il, heç bir gün belə müvafiq tədris müəssisələrində hazırlıq keçməyiblər. Şirvan sakinləri bu şəxsin apteklərindən dərman almağa ehtiyat edir. Yanlış verilən dərmanlar hər an insanların həyatı üçün təhlükə yarada bilər. Səhiyyə Nazirliyinin əlaqədar şəxslərinə məsləhət görərdik ki, Şirvandakı apteklərin fəaliyyətini yoxlasın. Xüsusilə də Rəhman adlı şəxsin apteklərinin yoxlanmasına ciddi ehtiyac var». Qeyd edək ki, irəli sürülən ittihamlarla bağlı Səhiyyə Nazirliyini də xəbərdar etdik. Qurumdan bildirdilər ki, aidiyyəti üzrə araşdırmalar həyata keçiriləcək və əgər neqativ hallar təsdiq olunarsa, o zaman həmin apteklərin fəaliyyətinə xitam veriləcək. Məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrənmək cəhdlərimiz isə uğursuz alındı. Buna rəğmən, iş adamının da fikirlərini dərc etməyə hazırıq.