BolgeXeber.Com » Bölgə » Xaçmazın icra başçısı müğənniyə 10 sot torpaq bağışlayıb?

Xaçmazın icra başçısı müğənniyə 10 sot torpaq bağışlayıb?

19-03-2014, 08:30
Oxunub: 4 186 Sənət adamını ona hədiyyə olunmuş torpaq sahəsilə Şəmsəddin Xanbabayev özü tanış edib

Heç kimə sirr deyil ki, bu gün şou-biznesdə at oynadan qadın müğənnilərin hamısı olmasa da, əksəriyyəti hansısa məmurun, iş adamının, vəzifə sahibinin «xüsusi qayğı»sından sonra səhnəyə qədəm qoyur, populyarlaşır. Artıq iş o yerə çatıb ki, siyasilər, partiya funksionerləri də bu məsələ ilə bağlı müxtəlif səpkili açıqlamalar verir, şou-biznes əhlini kəskin surətdə tənqid edirlər.

Məsələn, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bir müddət öncə şou-biznes nümayəndələrinin bu gün hər yerdə at oynatmalarının səbəblərini açıqlayıb. Şok açıqlamalarla çıxış edən partiya sədri bunları deyib: «Biri 100 minlik maşını yanıdırır, biri erməniylə, neqrlə yatıb-durur, o birisi lüt-üryan şəkillərini çəkdirib yayır. Belələrinin dalında dayanan imkanlı şəxslərin çoxu məmurlardır. Hansı ki, saxladığı müğənniyə paçka-paçka pul göndərir. Bu pullar da o müğənnilərin ucuz reklamına xərclənir.

Mən məmurun istirahət otağında lüt müğənnini öz gözümlə görmüşəm. Amma həmin müğənnilər efirdən camaata əxlaq dərsi keçir».

Gördüyünüz kimi, Hafiz Hacıyevin açıqlaması çox şeydən xəbər verir. MMP sədrinin fikirləri bir daha onu təsdiqləyir ki, şou-biznes nümayəndələrinin bir çoxu səlahiyyət sahiblərinin məşuqələridir. Bu arada, adı yüksək çinli məmurlardan birilə hallanan müğənnilərdən biri də məlum olub. Belə ki, hələ bir müddət öncə ayrı-ayrı mətbuat orqanlarında həmin müğənninin himayəçisi kimi müdafiə sənayesi naziri Yavər Camalovun adı çəkilib. Hətta nazirin müğənniyə Şüvəlanda mülk bağışladığı da deyilir. Əldə etdiyimiz ən son məlumatlarda isə bildirilir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bu müğənniyə rayonun ən əlverişli guşəsində 10 sot torpaq pay verib. Məlumatda bildirilir ki, icra başçısı həmin torpaq sahəsini adıçəkilən müğənniyə pay kimi verib, yəni bağışlayıb, pulla satmayıb: «Müğənni isə həmin ərazidə ona ayrılan torpaq payı ilə tanış olmaq üçün bir müddət əvvəl Xaçmaza getmişdi. Özü də müğənnini ona hədiyyə olunmuş torpaq sahəsilə icra başçısı Şəmsəddin Xanbabayev şəxsən özü tanış edib». Məlumatlı şəxsin sözlərinə görə, torpaq sahəsinin şou-biznes nümayəndəsinə pay verilməsilə bağlı rayonda maraqlı söhbətlər gedir. Mənbəmiz bildirir ki, icra başçısı son zamanlar nədənsə bu müğənniyə xüsusi simpatiya bəsləməyə başlayıb...

Qeyd edək ki, müğənninin ona verilən torpaq sahəsindən hansı məqsədlə istifadə edəcəyi hələlik bilinmir. Ehtimal olunur ki, müğənni həmin ərazidə özünə yeni və daha əzəmətli villa ucaldacaq...

Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.