BolgeXeber.Com » Bölgə » Mövsüm başlamamış regionlarda otellərin qiymətləri qalxıb

Mövsüm başlamamış regionlarda otellərin qiymətləri qalxıb

31-03-2014, 07:45
Oxunub: 5 601 Bahar fəslinin gəlişi, havaların qızması ilə əlaqədar respublikamızın bir sıra əyləncə-istirahət məkanlarında, o cümlədən otellərdə qiymət artımı müşahidə olunur

Bununla bağlı əldə etdiyimiz məlumatlara görə, bahalaşma turist axınına hazırlıq məqsədi daşıyır. Bəzi vətəndaşlarla söhbətlərimiz əsnasında məlum oldu ki, paytaxtın ayrı-ayrı yerlərində, habelə bölgələrdəki otellərdə, qonaqlar üçün nəzərdə tutulan xüsusi komplekslərdə bahalaşma tüğyan edir. Məsələn, Novxanıdakı « Aqua Park»da günü 30-35 manata istirahət etmək olar. Sakinlər bu qiymətin çox baha olduğunu deyirlər. «500 manat maaş alan biri kimi mən ora uşaqlarımı necə aparım? Onlar da su əyləncəsinə o qədər həvəs göstərirlər ki, ata üçün uşaqlarını sevindirə bilməmək çox ağırdı” - deyir Pərviz Məmmədov.

Onun sözlərinə görə, yay fəsli bütün ilin yorğunluğunu atmaq üçün əla fürsət hesab olunur. Şəhər həyatından sıxılanlar üçün gedəcəkləri məkan çox ola bilər. Amma bu məkanları seçmək onun cibinə uyğun gəlmir. Bir qədər əvvəl ölkəmizdə istirahət etmiş gürcüstanlı iş adamı, qonşu ölkədə yaşayan həmvətənimiz Elnur bəyin (soyadını açıqlamadı) fikrincə, nə Bakıda, nə də rayonlarda xidmət standartlara uyğundur: "1 həftəlik Bakıda və bəzi ronlarda işgüzar səfərdə olduq. Çox acınacaqlı vəziyyətlə qarşılaşdıq. Nə servisləri aldıqları pula yarayır, nə də şəraitləri. Hətta danışanı günahkar çıxarmağa çalışırlar. Kredit kartı ilə ödəmələrdə 18 faizlik vergi alırlar. Dünyanın heç bir yerində belə şey yoxdur. Ona görə də turizm bərbad vəziyyətdədir».

Maraqlıdır, bəs qonşularımızdan biri olan Türkiyədə vəziyyət necədi? Xəzər rayon sakini İlham Əlisoy bildirir ki, Antalyaya 7 günlük turist bileti alıb: «Gündə 5 dəfə yemək, gedib-gəlmək biletin qiymətinə daxildi. Otel 4 ulduzludur, hər cür xidmət də var və yüksək səviyyədə. Cəmi 450 manat ödəmişəm”.

Kütləvi informasiya vasitələrinin yaydıqları məlumata görə, hazırda ölkəmizdə mövcud olan 471 turizm və mehmanxananın 50-dən çoxunun ulduzu var. Bu istirahət mərkəzlərinin əksəriyyəti 3 və 4 ulduzlu obyektlərdir. Onların bahalısı ilə nisbətən ucuzunu və xidmətləri sizə təqdim edirik.

Qarşıdan gələn növbəti yay fəslində insanların ən çox üz tutduğu dəniz sahilində - Nabranda yerləşən " SunSet Beach” hoteli 3 ulduzludur. Hoteldə turistlərə kiçik yay evləri təklif edilir. Kotteclərlə yanaşı hündürmərtəbəli binada da turistlərə yer təklif olunur. Hoteldə VİP qiymət 240 manatdır. 2 otaqlı 4 nəfərlik yerin 1 günü 120 manat, 1 otaqlı 3 nəfərlik lyuks nömrə 80 manat, 1 otaqlı 2 nəfərlik yer (lyuks) 60 manat, 1 otaqlı 3 nəfərlik (sadə) yer (ümumi hamam) isə 40 manata başa gəlir. Bu qiymətlərə yemək daxil deyil. Hoteldə gecələr diskoteka təşkil olunur.

Lənkəranda yerləşən 4 ulduzlu hotel "AB qala”da vəziyyət bir qədər başqadır. Burda müştərilərə qaldıqları gündən, və sifariş etdikləri otaqdan asılı olaraq endirimlər tətbiq olunur. Buradakı qiymətlərə gəlincə, tək adamlıq otaq - 1 (yeni avro təmirli) otaq 50 AZN, tək adamlıq otaq - 35 AZN, iki nəfərlik - I 70, 2 nəfərlik - 50, 2 adamlıq - 85, 2 adamlıq - 75, 2 otaqlı- 80, 2 otaqlı- 60, 3 otaqlı 90 manatdır. Bütün növ otaq qiymətlərinə səhər yeməyi daxildir. Otaqların qiymətlərinə 18 faizlik əlavə dəyər vergisi də əlavə olunur. Hotellərin bütün otaqları mebel dəstləri ilə təmin edilib, səs izolyasiyalıdır. Hər bir nömrədə telefon, kondisioner, kabel televiziyası, soyuducu, mini-bar, fen və s. var. Eyni zamanda müştərilərə bir sıra xidmətlər də təklif edir. Onlara turistik ekskursiyalar və bələdçi, tərcüməçi, bank, poçt xidmətləri, bağlı hovuz, trenajor zalı, sauna və çamaşırxana da daxildir. Hotel ilin istənilən fəsli qeyri-adi landşaftlara, dağlara, meşələrə, çaylara və digər yerlərə ekskursiyalar təşkil edə bilər. Bundan əlavə hər həftəsonu balıqçılar və ov həvəskarları üçün ovçuluq da təklif olunur.

Xaçmazda yerləşən "Mayak” istirahət mərkəzi ulduz sahibi deyil. Bir otağın qiyməti 30 manatdır. Bura yemək qiyməti daxil deyil. 1 nəfərin qidalanması 25 manata başa gəlir. Kotteclərdə avtomobil dayanacağı xidməti təklif olunur. Nömrələrdə televizor, müxtəlif yerli və xarici kanalları tutan antenna TV, əyləncəyə - disokoteka, təzə qəzetlər və TV zal daxildi. Uşaqlar üçün uşaq oyun ərazisilə yanaşı, voileybol sahəsi də var.

İstirahətə gedən insan az vəsaitlə çox şey əldə etmək istəyir. Bunu isə rəqabət, bazar iqtisadiyyatının tənzimləməsi gerçəkləşdirə bilər. Ötən il müvafiq qurumlar tərəfindən 57 hüquqi və fiziki şəxsin təqdim edilən sənədlərinə baxılıb və onlara turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Hazırda respublikamızda 200-dən çox turizm şirkətinin fəaliyyət göstərdiyi deyilir.

Qeyd edək ki, ölkəmizdə turizm mövsümü 3 ay yarım 4 ay çəkir. Həmin obyektlərin saxlanması, işçilərin əmək haqqısı məhz bu aylara əsasən verilir. Bəziləri iddia edir ki, əksər hotellərdə təqdim olunan xidmət aşağı səviyyədədir. Qiymət baha, xidmət aşağı. Ölkəmizdə turizmin inkişafı üçün əsas məsələlərdən biri də otellərdəki bahalaşmaya nəzarətin gücləndirilməsidir. Lakin qiymətlərin baha olması da problemin əsas tərkib hissələrindən biridir.