BolgeXeber.Com » Bölgə » Şirvanda «apteklər kralı» Rəhmana «krışa»lıq edən hansı məmurdır?

Şirvanda «apteklər kralı» Rəhmana «krışa»lıq edən hansı məmurdır?

3-04-2014, 05:00
Oxunub: 7 720 Nazir müavini Elsevər Ağayev iş adamına biznesini genişləndirməyə şərait yaradıb



Sahibkar Mərkəzi Xəstəxananın ərazisində aptek açmaq üçün icra başçısı Mərdan Camalovu necə razı salıb?



Səhiyyə sistemində mövcud olan ağır problemlər dərman bazarına da təsirsiz ötüşməyib. Heç kimə sirr deyil ki, dərman biznesi səhiyyə naziri Oqtay Şirəliyevin müavini, hazırda həbsdə olan sabiq nazir Əli İnsanovun sağ əli kimi tanınan Elsevər Ağayevin nəzarətindədir. Dərman bazarının böyük hissəsini əlində saxlayan «Avromed» şirkətinin himayədarı məhz adıçəkilən məmurdur. Onun göstərdiyi böyük dəstək nəticəsində şirkət dərman sektorunda özünə əməlli-başlı yer edib. Nazir müavini vəzifəsinin verdiyi səlahiyyətlərdən istifadə edərək aptek şəbəkəsi yaradıb.

Bizdə olan məlumatlara görə, paytaxtda və bölgələrdə fəaliyyət göstərən «Zəfəran» aptekləri nazir müavininin sərəncamındadır. Elsevər Ağayev həm də aptek açmaq istəyən iş adamlarının dayağı kimi tanınır. Başqa sözlə desək, dərman satışı ilə məşğul olmaq həvəsində olan şəxslər nazir müavinini «görüb» daha sonra əməli fəaliyyətə başlamalıdır. Redaksiyamıza daxil olan məlumatlara əsasən, Şirvan şəhərində «apteklər kralı» kimi tanınan Rəhman adlı şəxsin də «krışası» məhz Oqtay Şirəliyevin müavinidir. Bu barədə bildiyi informasiyanı bizimlə bölüşən şəxsin sözlərinə inansaq, biznesmenin Şirvan ərazisində 10-a yaxın apteki fəaliyyət göstərir. Ki, onlardan ən çox qazanc gətirəni Rayon Mərkəzi Xəstəxanasının girişində yerləşən aptekdir. Mənbə vurğulayır ki, Rəhman müəllim xəstəxanaya müraciət edən insanların çoxluğunu və buranın satış üçün əlverişli olduğunu nəzərə alaraq icra başçısı Mərdan Camalova ağız açıb. Başçı isə xəstəxana ərazisində aptek açmasının ona hansı «şərtlər» daxilində başa gələcəyini bildirib. İş adamı rayon rəhbərinin «şərtləri» ilə razılaşıb və Mərdan Camalovun hüzurunda 70 min dəfə ona öz minnətdarlığını ifadə edib. Başçının xeyir-duasını alan sahibkar xəstəxananın yerləşdiyi binada aptek açıb: «Rəhmanın digər aptekləri rayonun ayrı-ayrı ərazilərindədir. Şirvanda fəaliyyət göstərən nə qədər həkim varsa, hamısı xəstələri Fərmanın apteklərindən dərman almağa göndərirlər. Aptek müdiri bu yaxşılığın qarşılığında ona müştəri göndərən həkimlərə faiz verir. Rayonda belə qol-budaq atmasının digər səbəbkarı nazir müavini Elsevər müəllimdir. Səhiyyə Nazirliyinin ikinci rəhbər şəxsi Rəhmana aptek biznesini genişləndirməsi üçün hər cür şərait yaradıb. Lisenziya məsələsində heç bir problem yaradılmır. Şirvandakı başqa apteklərin bazarı ölüb». Mənbənin sözlərinə görə, uzun müddətdir dərman satışı ilə məşğul olan iş adamı ay ərzində külli miqdarda xeyir götürür: «Dərman biznesindən əldə etdiyi pulları digər sahələrə yatırır. Şirvanda onun obyektlərinin sayını dəqiq bilən adam yoxdur. Demək olar ki, hər yerdə obyekt açıb. Maddi vəziyyəti çox yüksək səviyyədədir. Bəlkə də, apteklərində mənşəyi bilinməyən, insan həyatı üçün təhlükəli olan dərmanlar satılır. Amma Səhiyyə Nazirliyinin müvafiq şöbəsinin əməkdaşları rayona yoxlamaya gələndə Rəhmanın apteklərinə baş çəkmirlər. Ona görə ki, aptek rəhbəri nazirlik rəsmilərinin «payını» hər ay vaxtı-vaxtında çatdırır. Maliyyə imkanları həddən artıq geniş olduğundan aptek müdiri oğlunu Fransada oxutdurur. Övladının xaricdə təhsil alması üçün ildə ən azı 40-50 min manat sərf edir. Bu pulları hansı yollarla qazandığı məlumdur.

Onun sahibi olduğu apteklərdə dərmanlar od qiymətinədir. Əksər hallarda həmin apteklərdən alınan dərman preparatları vətəndaşların sağlamlığına mənfi təsir göstərir. İstifadə müddəti bitmiş dərmanların satışa çıxarılması da istisna edilmir. Həmçinin onu da deyim ki, həkim resepti olmadan satışı qadağan edilmiş dərmanlar açıq şəkildə satılır. Sahibkara məxsus apteklərin bir neçəsində əczaçılıq təhsili olmayan şəxslər işləyir. Vergi məsələlərinə düzgün formada əməl olunmur».

Səsləndirilən ittimhamlardan belə nəticəyə gəlmək olar ki, Şirvanda «apteklər kralı» kimi ad çıxaran şəxsin fəaliyyəti mütləq araşdırılmalıdır. Bunu nəzərə alaraq Oqtay Şirəliyevdən xahiş edirik ki, rayonda aptek biznesini monopoliyaya alan sahibkarın işini və satdığı dərmanların keyfiyyətini yoxlatdırsın. Ümidvarıq ki, nazir xahişimizi nəzərə alıb lazımi tədbirləri görəcək.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.
Gündəlik Bakı