BolgeXeber.Com » Bölgə » Metropoliten rəisi Tağı Əhmədovun səhvlərini düzəltməkdə çətinlik çəkir

Metropoliten rəisi Tağı Əhmədovun səhvlərini düzəltməkdə çətinlik çəkir

3-04-2014, 05:10
Oxunub: 2 804 Məlum olduğu kimi, Bakı Metropolitenində Tağı Əhmədov dönəmi sona çatdı.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla 15 il yeraltı nəqliyyat sisteminə rəhbərlik edən şəxs tutduğu vəzifədən uzaqlaşdırıldı. Bu şəxsin görəvdən alınması çoxlarının ürəyincə oldu. Belə ki, uzun müddət Tağı Əhmədovun rəhbərliyi altında fəaliyyət göstərən metromuzda saymaqla bitməyəcək qədər problemlər mövcud idi. Müntəzəm olaraq qatarlar tunellərdə gecikdirilir, interval çox olur və sərnişinlərin rahat hərəkəti təmin olunmurdu.

Metrodan gündəlik istifadə edən sakinlər hər gün bir «macəra» yaşayırdı. Problemləri aradan qaldırmaq isə Tağı Əhmədovun sanki vecinə deyildi. Məhz işində yol verdiyi bu tip nöqsanlara görə onu vəzifədən azad etdilər. Onun yerinə təyin olunan Zaur Hüseynov vəzifəsinin icrasına başlayandan bir sıra tədbirlər həyata keçirib. «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin (QCS) sədrinin ən səs-küylü addımı metro keçidlərindəki ticarət köşklərinin yığışdırılması barədə verdiyi göstəriş oldu.

Qısa müddət ərzində metro stansiyalarının keçidlərində fəaliyyət göstərən köşklər söküldü. Zaur Hüseynov bundan sonra da metro sistemində islahatların davam etdiriləcəyini vurğulayıb. Sədrin açıqlamalarından belə başa düşmək olar ki, keçmiş rəisin işlə təmin etdiyi yaxın adamları tezliklə işsiz qalacaqlar. Yəni qurumun rəhbəri onların hamısını bir-bir «təmizləyəcək». Qapalı Səhmdar Cəmiyyətinin sədri özünü müsbət tərəfdən göstərməyə çalışsa da, bəzi nöqsanlara da yol verir. Tağı Əhmədovun dövründən miras qalan problemlər bu gün aktuallığını qoruyub saxlayır.

Dünən səhər saatlarında «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarlarda müəyyən problemlər yaranıb. İntervalın itməsi vaqonların bir neçə dəqiqə tuneldə gözlədilməsi ilə nəticələnib ki, bu da bir neçə nəfərin halının pisləşməsinə səbəb olub. QCS rəsmiləri bunu qatarlardan birində əmələ gələn texniki nasazlıqla əlaqələndiriblər. Düzdür, iş olan yerdə qüsur da olmalıdır. Amma Bakı metrosunda nədənsə qüsursuz gün olmur. Hər gün hansısa problemlərlə üzləşirik. Bildiyimizə görə, vaqonlar hər gün xəttə buraxılarkən texniki nəzarətdən keçir. Belə çıxır ki, nasazlığın aşkar edildiyi qatara texniki baxış keçirilməyib.

Digər tərəfdən, ötən gün qatarların hərəkətində yaranan gecikmə ilə yanaşı, metronun «Elmlər Akademiyası» və «28 May» stansiyalarında eskalatorda problem meydana gəlib. Buna görə də metro işçiləri eskalatorların hərəkətini bir neçə dəqiqəlik dayandırıblar. Tələbələrin dərsə və vətəndaşların işə getdiyi vaxta təsadüf edən hadisə stansiyalarda basabas yaradıb. Onu da vurğulayaq ki, metro yenə də havasızdır. Stansiyaların ventelyasiya qurğularının yerləşdiyi ərazilərdə tikilən obyektlər metroda havalandırma sisteminin istənilən səviyyədə təşkilinə imkan vermir. Yay fəslinin gəlişini nəzərə alsaq, «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin rəsmiləri mütləq ciddi işlər görməlidirlər. İstidə sərnişinlərin yerin altında havasız şəraitdə hərəkət etməsi bəzi fəsadlara yol aça bilər. Belə halların yaşanmaması üçün Zaur Hüseynov metronun ventelyasiya qurğularının yerləşdiyi ərazilərə yaxın yerdə inşa edilən obyektlərin hamısının sökülməsini əlaqədar qurumlardan xahiş etməlidir. Metroda normal vəziyyətin yaradılması üçün qeyd olunan tədbirləri həyata keçirmək lazımdır. Yoxsa Tağı Əhmədovun zamanındakı problemlər təkrarlanacaq.

Qarşı tərəfin də münasibətini öyrənə bilərik.