BolgeXeber.Com » Bölgə » Səhhəti gün-gündən ağırlaşan Şirvan sakini imdad diləyir

Səhhəti gün-gündən ağırlaşan Şirvan sakini imdad diləyir

3-04-2014, 05:15
Oxunub: 2 700 Şirvan şəhəri, Nizami Gəncəvi küçəsi 41 ünvanında yaşayan Rəsulov Rais Rasim oğlu ötən gün şikayət ərizəsi ilə redaksiyamıza müraciət edib. Onun şikayəti Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun rəhbər heyətindən, daha dəqiq desək, həkim Cəmil Ələkbərovun qanunsuz əməllərindəndir. Şikayətçi bildirir ki, 2010-cu ildə səhhətində yaranan ağır problemlə bağlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxananın Mübariz adlı həkimi onu müayinə edib və ağ ciyərinə su yığıldığını söyləyib:

«Həkim xəstəxanada şəraitin istənilən səviyyədə olmadığını bildirərək məni Bakıya göndərdi. Vəziyyətimin həddən artıq ağır olduğu üçün gecə ikən paytaxta, yəni Ağciyər Xəstəlikləri İnstitutuna gəldim. Məni xəstəxanada Cəmil adlı həkim müayinə etdi. Söz verdi ki, səni müalicə edib sağaldacam. Ciyərimdəki suyu çəkmək üçün ternaj qoydular. Başqa xəstələrdən fərqli olaraq ternajı dərimin altına yerləşdirdilər. Bu isə məni çox incidirdi. Vəziyyətim günü-gündən pisləşirdi. Həkim hər gün su yığılan yerdən dərimi çərtib atırdı. Beləcə sağ tərəfimdə böyük deşik açıldı. Bu günə qədər müalicədəyəm. İynə-dərmana təxminən 15 min manatdan çox pulum çıxıb. Cəmil həkim məni hamıdan gizlədirdi. Sarğımı digər xəstələrin sarğısının dəyişdirildiyi otaqda dəyişmirdi. Başqa otağa aparıb orda dəyişirdilər. Yanımda həyat yoldaşım qalırdı. Hər gün yaramın üstünə dörd ədəd «pampers» qoyurdular. Nəysə elə oldu ki, həkim məni evə buraxdı. Dedi ki, get bir neçə müddət evdə qal həyat yoldaşın sarğıları dəyişsin, səni aparıb İranda plastik əməliyyat elətdirəcəm. Amma dediyinin heç birinə əməl etmədi. Hazırda çox pis vəziyyətdəyəm.

Bu yaxınlarda həkimə zəng vurdum ki, yara sağalmır, dəri bitişib məni incidir heç olmasa sənəd ver əlillik dərəcəsi alım. İki uşağım var onlara baxa bilmirəm. Cəmil həkim isə dedi ki, sən xəstəxanadan qaçmısan. Halbuki, o özü məni evə buraxmışdı. Xəstəliyimin müalicəsi üçün maşınlarımı, evimi satmışam. Bütün pullarımı müalicəyə sərf etmişəm. Bugünkü hala düşməyimin səbəbkarı Cəmil Ələkbərovdur. Qəzet vasitəsilə aidiyyəti qurumlardan, əsasən Səhiyyə Nazirliyinin səlahiyyətli şəxslərindən xahiş edirəm ki, mənə yardım göstərsinlər.

Dərdimə əlacə edilməsə, həyatım risk altına düşə bilər». Şikayətçinin ittiham etdiyi həkimlə də əlaqə saxladıq. Ağciyər Xəstəlikləri İnstitutunun həkimi Cəmil Ələkbərov deyilənləri yalan adlandıraraq özünü müdafiə etdi: «Həmin xəstə narkotik maddələrin aludəçisi olub. Biz onu xəstəxananın daxili qaydalarını pozduğu üçün «naruşitel» kimi evə göndərmişik. Barəmdə deyilənlərin heç biri ilə razılaşmıram». Əlbəttə, həkimin özünü müdafiə etməsi normaldır. Amma bizim müşahidə etdiyimiz qədərilə və Rais Rəsulovun bədənindəki ağır yaralardan da görünür ki, bu məsələdə həkim səhlənkarlığı başlıca amildir. Qeyd edək ki, Ağciyər Xəstəlikləri İnstitutu ilə bağlı zaman-zaman mətbuat səhifələrində tənqidi məqalələrə yer verilib. Xəstəxanada mövcud olan şərait, xəstələrə göstərilən xidmətin səviyyəsi və səhiyyənin durumu o qədər də ürəkaçan deyil. Görəsən, institutun direktoru Elcan Məmmədbəyov və baş həkim Xəyyam Məmmədov hara baxırmış ki, Cəmil Ələkbərov ciyərinə su yığılan vətəndaşı səhiyyə ocağında qeyri-qanuni şəkildə müalicə edib? Şirvan sakininin başına gələnlər həqiqətən də, ürək ağrısıdır. Onun şəkillərinə diqqətlə baxsanız, kimin haqlı, kimin haqsız olduğunu müəyyən edərsiniz. Ümidvarıq ki, Səhiyyə Nazirliyinin və Ağciyər Xəstəlikləri İnstitutunun rəhbər işçiləri məsələyə reaksiya verəcək və günahı olan şəxslər cəzalandırılacaq.

Məsələ ilə bağlı xəstəxana rəhbərliyinin də mövqeyini işıqlandıra bilərik.