BolgeXeber.Com » Bölgə » Xocavəndin 21 illik icra başçısı şikayətlərə məhəl qoymur

Xocavəndin 21 illik icra başçısı şikayətlərə məhəl qoymur

3-04-2014, 08:05
Oxunub: 3 798 Məcburi köçkünlər Hüseynovların girdabında

Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla bağlı Qaynar.info-ya rayondakı mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, 20 ildən çox icra başçısı postunda oturan Eyvaz Hüseynov rayonu talamaqla məşğuldur. Belə ki, rayondakı dövlət idarələrini çapıb-talayan Hüseynov heç bir şikayətə, xahişə məhəl qoymur. Əksinə, yaxın adamlarına da şərait yaradır ki, məcburui köçkün taleyi yaşayan insanları ağır şərtlər altında soyub-talasınlar.

İddia olunur ki, icra başçısı şəxsən rayondakı dövlət idarələrinə hər ay qeyri-qanuni haqq ödəməyi tapşırıq verib. Faktiki olaraq rayonda korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığı hökm sürür. Yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər növbəti "didərgin həyatı" yaşayırlar.

Bildirilir ki, 1992-ci ildən icra başçısı vəzifəsini idarə edən Hüseynov Qarabağ müharibəsi veteranı olmasını əsas gətirərək rayonda özbaşınalıqlara rəvac verib. Adının açıqlamasını istəməyən mənbə iddia edir ki, indiyədək bu məsələ dəfələrlə Prezident Adminstarsiyasına və aidiyyatı qurumlara çatdırılsa da, Hüseynovun əməllərinə göz yumulur.

Mənbə bildirir ki, icra başçısı dəfələrlə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tərəfindən himayə olunduğu iddia edib.

Xatırladaq ki, faktiki Xocavənd rayonu işğalçı Ermənistan Ordusunun əlindədir. Eyvaz Hüseynov isə Qarabağda vuruşduğunu əsas gətirərək rayonu "ikinci işğal"a məruz qoyub. Onun “Qaçqınkom”un sədrinə nə qədər yaxın olduğunu dəqiq bilməsək də, deyilənlər müəyyən qədər şübhəyə əsas verir. Çünki adıçəkilən şəxs həm də Baş nazirin müavinidir və məcburi köçkünlərin yaşadığı bir rayonda sakinlərin ağır güzaranına biganə qalmamalıdır.

İddiaları nəzərə alaraq Eyvaz Hüseynovun avtobioqrafiyasını araşdırdıq:

Hüseynov Eyvaz Mövsüm oğlu

15 fevral 1959-cu ildə Azərbaycan Respublikası Xocavənd (keçmiş Martuni) rayonunun Muğanlı kəndində anadan olub. 1976-cı ildə Xocavənd rayon Kuropatkin kənd orta məktəbini bitirib. 1976-cı ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1981-ci ildə həmin institutun “Elektron hesablayıcı maşınları” fakültəsini bitirərək, mühəndis –sistemotexnik ixtisasına yiyələnib.

Bakı radio zavodunda mühəndis, Xocavənd rayonu Muğanlı kənd “Səməd Vurğun” adına kolxozda Baş mühasib və Muğanlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləyib. 02.07.1992-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidenti yanında Ali İdarəçilik Akademiyasının məzunudur.

Qarabağ müharibəsi veteranıdır. 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsini yaratmış, həmin dəstənin komandiri olub və rəsmi məlumata görə Qarabağ döyüşlərində dəfələrlə yaralanıb.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə heyətinin üzvü, VKC növləri üzrə Azərbaycan Karate Federasiyasının I vitse –prezidentidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Eyni zamanda o “Avo” ləqəbli erməni terrorçusu Monte Melkonyanı öldürən (Qeyd edək ki, bu fakt hələ də təsdiqini tapmayıb və bununla bağlı müəyyən şübhəli məqamlar var) İbad Hüseynovun qardaşıdır. Ancaq Eyvaz Hüseynov bir şeyi unutmamalıdır ki, heç kəsin əvvəlki xidmətləri onun sonradan cinayət törətməsinə əsas vermir.

Xocavənd rayonundan edilən şikayətlə bağlı araşdırmalarımız davam edir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com